Maraqlı bir nasirlə görüş...

 

Bu yaxınlarda Sumqayıt şəhərindəki 9-cu mikrorayonda yerləşən bir poçt idarəsinə getmişdim. Elə idarənin içərisinə təzə daxil olmuşdum ki, poçtun müdiri, dostumuz, dəyərli nasir Arif Ərşada rast gəldim. Arif müəllim məni görən kimi özü yaxınlaşdı, hal-əhval elədi. Bir az onunla həmsöhbət olduq. Söhbət əsnasındı həmkarım mənə gözəl qəzəl ustası Əli Əmirovun (Ələmi) yazdığı qəzəllərdən danışdı. Sonra Arif müəllim məndən onun FB- paylaşdığı hekayələri oxuyub-oxumadığımı soruşdu. Mən doğrusu bilmədim cavab verim. Sözün düzü oxumamışdım. Ona görə dedim ki, oxumamışam. Arif müəllimin stolunun üstündə qəzetlər, kitablar var idi. O mənə 3 qəzet verdi. İkisi "Azad Azərbaycan", biri isə "Sözün sehri" qəzeti idi. Bu qəzetlərdə Arif müəllimin hekayələri çap olunmuşdu. "Babamın nağılı", "Qızcığazın taleyi" bir "Lotoreya bileti

 

Bu hekayələri oxudum Arif müəllimin zəkasına, maraqlı süjetlər qurmasına heyran oldum. O qədər maraqlı hekayələr idi ki, elə bildim 1980-ci illərə geri döndüm. O vaxtlar bizlər Süleyman Rəhimovu, Mir Cəlalı, İlyas Əfəndiyevi necə həvəslə oxuyurduqsa, mən Arif Ərşadın hekayələrini elə həvəslə oxudum, özü birnəfəsə. Hekayələr elə maraqlı idi ki, onlardan ayrılmaq istəmirdim.

 

 

 

Sonralar Arif Ərşad mənə yenicə çapdan çıxmış hekayələr toplusunu verdi. Burada olan 33 hekayəni mən demək olar ki, iki günə oxudum. Bu hekayələr bir-birindən maraqlı oxunaqlıdır. Bu məqamda istəyirdim oxucuları Arif Ərşadla daha yaxından tanış edim.

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, “Qızıl qələm” mükafatçısı, şair, yazıçı-tərcüməçi, çoxlu şeirlər 40-dan artıq hekayənin müəllifi Arif Ərşadın “Ömür qatarı” adlı ilk kitabı 2014-cü ildə işıq üzü görüb. “Hekayələr” adlı ikinci kitabı isə 2020-ci ilin dekabr ayında işıq üzü görüb.

 

 

 

Əsərləri dövrü mətbuatda tez-tez tirajlanan Arif Ərşad müasir ədəbiyyatımızda həqiqətən maraqlı hekayələr ustasıdır. Çünki, yazıçı ilk öncə çox maraqlı süjetlər tapmaq, həmin süjetləri obrazların dilində oxucuya maraqlı dillə çatdırmaq, dərin sözaltı mənalar fikirləşmək, gözlənilməz hadisələr qurmaq istedadına malikdir. Məhz ona görə Arif Ərşadın hekayələri çox maraqla oxunur. Onun hekayələrində gündəlik həyatımızın acılı-şirinli anlarında insan xarakterinin ailədaxili münasibətlərin incə nüansları çox böyük ustalıqla açıqlanır, təbiətə insana sevgi, vətənpərvərlik tərənnüm olunur. Məhz bütün bu məziyyətlərinə görə Arif Ərşad müasir dövr hekayə janrında özünəməxsus üslubda yazıları ilə parlaq şəkildə seçilir.

 

 

 

…Sumqayıt şəhər Poeziya Evinə toplaşanlar Arif Ərşadın “Hekayələr” toplusunu müzakirə edən tanınmış şairlər, yazıçılar, filoloqlar, jurnalistlər, oxucular da onun hekayələrinin bu formalarını, məziyyətlərini yüksək səviyyədə təhlil etdilər. Onlar çıxışlarında Arif Ərşadın hekayələrini təhlil etməklə sübut elədilər ki, o XXI əsr Azərbaycan ədəbiyyatının ən maraqlı nasirlərindən biridir.

 

Sumqayıt Poeziya Evində keçirilən tədbiri Əməkdar jurnalist, Sumqayıt haqqında çoxlu yazıların, kitabların müəllifi, çox maraqlı yazıçı Eyruz Məmmədov aparırdı. O, Arif Ərşadla uzun illər davam edən dostluqlarından, çox yaxşı yaradıcılıq əlaqələrinin olmasından, Arif Əraşdın təkcə yaxşı yazıçı yox, həm insan olmasından, dosta, ailəyə, qohumlara qarşı dəyanətindən danışdı. Sonra sözü, Əməkdar mədəniyyət işçisi, Prezidentin Fəxri təqaüdçüsü, qocaman şair Əşrəf Veysəlliyə verdi. Əşrəf Veysəlli həmkarını belə maraqlı hekayələr yazdığına görə təbrik elədi onun hekayələrində olan səmimiliyi, maraqlı obrazlar tapmasını xüsusu vurğuladı.

 

 

 

Sonra Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, bir vaxtlar Arif Ərşada ədəbiyyat fənnindən dərs demiş Rafiq Yusufoğlu çıxış elədi. O, Arif Ərşadın (Səfərəliyevin) bir vaxtlar təhsil aldığı Sumqayıt şəhər 23 nömrəli tam orta məktəb illərindən şeirlər yazdığını həmin şeirləri o vaxtlar oxuduğunu vurğuladı. Onu bu yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik elədi.

 

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt şöbəsinin sədri Gülnarə Cəmaləddin çıxış etdi. O, Arif Ərşadın təkcə maraqlı yazıçı olmasını yox, həm həmkarlarının bir neçə kitabının çox yaxşı redaktoru olduğunu vurğuladı.

 

Arif Ərşadın orta məktəb yoldaşı, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Azər Saleh onun hekayələr kitabı haqqında yazdığı “Sözün sehri” qəzetində, çoxlu saytlarda çap olunan “Hekayə danışan adam” geniş məqaləsindən ətraflı məlumat verdi.

 

 

 

Sonra söz, Əməkdar incəsənət xadimi, yazıçı, dramaturq, rejissor, jurnalist Ağalar İdrisoğluna verildi. O, Arif Ərşadın bir neçə hekayəsini təhlil elədi. Onun hekayələrində maraqlı süjetlərin olması, balaca bir hekayədə bəzən povest səviyyəli mövzuları çox ustalıqla yerləşdirməsi, hekayədə hər bir obrazın öz dil üslubu olmasını vurğuladı. Həm Arif Ərşadın uşaq psixologiyasını yaxşı bilməsi, hekayələrin bəzilərinin onların dili ilə çox ustalıqla işləndiyini bildirdi. O, Arif Ərşadın həm maraqlı tərcüməçi olduğunu dünya klassiklərindən, fransız yazıçısı Emil Zolyanın “Tereza Raken”, “Naturalizm” Amerika yazıçısı Karlos Kostanedanın “Don Xuanın təlimi” romanlarını çox maraqlı oxunaqlı dillə Azərbaycan dilinə tərcümə etməsindən danışdı.

 

Yazıçı-həkim, Sumqayıt Dostlar Klubunun idarə heyətini sədri, dəyərli ziyalı Hümbət Həsənoğlu Arif Ərşadın böyük ziyalı, yaxşı dost, yüksək səviyyəli vətənpərvər olduğunu, öz yaradıcılıq üslubunda heç kimi təkrarlamadığını kitabda olan 33 hekayəsinin hər birinin süjet xəttinin ayrı-ayrı olduğunu, gözlənilməz hadisələr qurduğunu Poeziya Evinə toplaşanlara bildirdi: «İstənilən yazıçının məqsədi həqiqəti oxucuya bədii formada çatdırmaqdır. Əgər o, buna nail ola bilirsə bu yazıçının ustalığıdır. Buna görə mən qətiyyətlə deyə bilərəm ki, Arif Ərşad öz hekayələrində buna tam nail olub».

 

 

 

Sonda söz Arif Ərşada verildi. O, tədbirə gələnlərə öz təşəkkürünü bildirdi. sonra hekayəni necə yazdığını bütün süjetləri həyatdan götürdüyünü tədbir iştirakçılarına açıqladı. Olmuş iki hadisəni danışmaqla bu mövzuların necə hekayəyə çevrildiyini tədbir iştirakçıları özləri gördü Arif Ərşadı alqışladılar. Elə bu hekayələrlə tədbir iştirakçıları Arif Ərşadın necə dərin yumora ustalıqla süjet seçməyə, qurmağa qadir olduğunu gördülər.

 

Beləliklə, iki saat davam edən tədbir ora toplaşanların yaddaşında çox maraqlı bir kitab təqdimatı kimi qaldı.

 

Əziz oxucular, sizə məsləhət görərdim ki, Arif Ərşadın əsərlərini tapıb oxuyasınız. Onda mənim yazdıqlarımın necə həqiqət olduğunu biləcəksiniz. İnanıram ki, Arif Ərşadın “Hekayələr” toplusu sizin stolüstü kitabınız olacaq.

 

Lipar Cəmşidqızı

 

 Azad Azərbaycan.- 2021.- 19 avqust.- S.7.