“Mən şəhid olsam bu şəkli

məzar daşıma vurarsınız”

 

44 günlük Vətən müharibəsində Aşağı oba kəndinin ilk şəhidi

 

Dünyaya göz açan hər körpəyə Uca Tanrı müxtəlif tale bəxş edir, fərqli istedad və qabiliyyətlə yaradır. Yaşının azçox olmasından asılı olmayaraq bəziləri sakit bir ömür sürməklə Haqq dünyasına qovuşur və həyatda heç bir iz qoymur. Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür.

 

Zaman kəsiyində bir çox tarixi hadisələr baş verir. Nəsillər bir-birini əvəz etdikcə baş vermiş hadisələrin iştirakçıları fəaliyyətlərindən asılı olaraq xatırlanır və unudulmur. Belə insanlar işıqlı bir zirvəyə doğru ucalır. Bu zirvə ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsidir. Çünki şəhidlər Uca Tanrının, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır.

Allahın insanlara göndərdiyi müqəddəs “Qurani-Kərim”də buyurulur: “Şəhidlərə ölü deməyin, onlar diridirlər və Allahın nemətləri ilə faydalanırlar, ancaq siz bunu bilməyirsiniz”.

Şəhidlik ölümlərin ən şərəflisidir. Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən igid oğul və qızlarımız canları, qanları bahasına şəhidlik zirvəsini fəth ediblər. Mən 1994-cü ildə “Şəhidlər ölməzlərdir, ölməzi ağlamazlar” şeirimdə nisgilli anamıza, çatıq qaşlı atamıza, dərdli bacımıza “ağlama”,- deyirəm, çünki şəhidlər öz qanları bahasına zəncirləri qıra-qıra, zülmətləri yara-yara, işıqlı sabaha, xoşbəxt gələcəyə yol açacaq Allahın müqəddəslərinə çevrilib öz ölümləri ilə ölməzlik qazanmış, cənnətin qapılarını üzlərinə açmış, əbədiyyətə qovuşmuş bəndələrdir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev demişdir: “Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun... tarixi ədalət zəfər çalsın və buna nail olduq”.

Bu döyüşlərdə şəhidlik zirvəsinə yüksələnlərdən biriZaur Dadaşov oldu.

Zaur barədə qısa arayış: Dadaşov Zaur Zümrüd oğlu 1997-ci il dekabrın 5-də Rusiya Federasiyasının Surqut şəhərində anadan olub. 2000-ci ildə ailəsi ilə birlikdə Azərbaycana köçüb. O, 2004-cü il sentyabrın 15-də Xaçmaz rayonu Aslan Oba kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 2015-ci ildə məktəbi əla qiymətlərlə bitirib. 2016-cı ilin yanvar ayında hərbi xidmətə yollanıb və 2017-ci ilin iyul ayında hərbi xidmətdən tərxis olub.

2020-ci ilin avqustunda ailəmlə bir neçə günlüyə Xaçmaz rayonu Seiydli bələdiyyəsi (Aşağı Oba) kəndinə getmişdim. Mən 15 ildən artıqdır ki, yay aylarında ailəmlə birlikdə göstərilən kənddə istirahət etmişəm. O səbəbdəndir ki, kəndin bir çox xeyir-şər işlərində iştirak etmişəm. Bakıya qayıdacağım gündən bir gün əvvəl kəndin sayılıb-seçilənlərindən olan Zümrüd Əsəd oğlu ilə görüşüb xudafisləşmək üçün ona məxsus dükana getdim. Dükanın qarşısında Zümrüd bəyin böyük oğlu neçə illərdir tanıdığım Zaurla qarşılaşdım. O, dedi ki, atam evə gedib. Mən Zauru kəndin ədəb-ərkanlı, tərbiyəli, istiqanlı, səmimi gənclərindən biri kimi tanımışdım. Zaurla söhbətimiz oldu. Söhbət ərəfəsində onun nə qədər vətənpərvər, el-obasına, Vətənimizə bağlı olduğunu duydum. Dağlıq Qarabağın və ətraf 7 rayonun düşmən tapdağında olması ilə heç cürə barışa bilmirdi. Açığını deyim ki, belə Vətən sevgisi Zauru mənim gözlərimdə çox ucaltdı. Məni ən çox düşündürən və qürur verən o idi ki, işğal olunmuş rayonlardan xeyli uzaq məsafədə olan məkanlarımızda belə gənclərimiz var.

Daima hərbi sahəyə maraq göstərən Zaur 2020-ci il sentyabr ayının 9-da MAHHXHR kimi Qusar rayonundakı N saylı hərbi hissədə xidmətə başlamışdı. Sentyabr ayının 27-də II Qarabağ döyüşləri başladığı zaman döyüşə göndərilmişdi.

Döyüşə yollanmazdan bir gün öncə o, ailəsinə zəng edərək qardaşına bu sözləri demişdi: “Haqqınızı halal edin!” və valideynlərinin onun döyüşdə iştirak etdiyini bilməsini istəməmişdir. Ertəsi gün isə onun döyüşdə olduğunu artıq ailəsi anlamışdır. Müharibdə olduğu müddətdə tez-tez evə zəng edərək döyüşdə olmadığını və sadəcə təlimlərdə iştirak etdiyini söyləmişdi. Şəhid olmazdan iki gün öncə döyüş meydanında bir şəkil çəkdirmiş və döyüş yoldaşlarına: “Mən şəhid olsam bu şəkli məzar daşıma vurarsınız” - sözlərini işlətmişdir. Şəhid olduğu gün səhər saat 9-10 radələrində ailəsinə zəng etmiş, atası ilə çox qısa zaman danışmış və burada hər şeyin yaxşı olduğunu söyləmişdir. Həmin gün saat 1200-1300 radələrində Füzuli rayonu kənd Horadiz uğrunda gedən döyüşlərdə yüksək şücaət göstərmiş və qəhrəmancasına vuruşmuş, düşmən snayperindən açılan atəş nəticəsində şəhid olmuşdur.

2020-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev Zəngilanın işğaldan azad olunduğunu dedi. Həmin gün mənə çoxsaylı zənglər olundugöz aydınlığı verildi. Bu zənglər arasında bir zəng məni çox təsirləndirdi və məni göz yaşlarına qərq etdi. Xaçmaz rayonu, Aşağı oba kəndində yaşayan Zümrüd Dadaşov telefonda dedi: - Oqtay müəllim gözünüz aydın, Zəngilan işğaldan azad olundu, ancaq kövrəlməyin mənim oğlum Zaur döyüşdə şəhid oldu. Mən telefonda ağladım, düşündüm uca Allah nə qədər həyatda ürəyi geniş insanlar var.

Mən zəng vurub məktəb direktoru Fazil müəllimlə telefonla danışdım və şəhid balamız Zaurun hansı qəbirstanlıqda dəfn edildiyini soruşdum. Fazil müəllim dedi ki, «Qeyrətli Vətən oğlu Zaur Dadaşovun dəfni üçün Xaçmaz rayon İcra Hakimiyyətinin rəhbərliyi, müxtəlif təşkilatlardan gəlmiş çoxsaylı nümayəndələr, kənd camaatımız və qonşu kəndlərdən gəlmiş insan izdihamı Seidli qəbirstanlığında idilər. Mən ailəmlə birlikdə Zaur Dadaşovun qəbrini ziyarət etmək üçün Aşağı oba kəndinə getmək istəyirdim, lakin həmin gecə ölkədə davam edən Covid 19 pandemiyası ilə bağlı Nazirlər Kabineti rayonlar və şəhərlərarası gediş-gəlişi qadağan etdi. Telefonla şəhid balamızın atası Zümrüd bəyə zəng vurub ona başsağlığı verib bu hadisədən üzüldüyümü dedim. Zümrüd bəy mənə dedi: - Oqtay müəllim, ilk Qarabağ döyüşlərində kaş mən şəhid olaydım. Mən bunu bacarmadım, qazi oldum. Qürurla deyə bilərəm ki, Zaur məni şəhid atası etdi.

Vətənin şərəfli, cəsarətli, qeyrətli oğlu Zaur Dadaşovun ölümsüzlüyü münasibətilə ona ithaf etdiyim şeirimi məqaləyə əlavə edirəm:

 

Canında Vətən sevgisi, Vətənə ana deyərək,

Səs verdin Vətən səsinə, qeyrətdən köynək geyərək,

Əzrayıl oldun düşmənə, düşmənin qəddin əyərək,

Ucaltdın Vətənin adın, oldun hünərim, qürurum,

Vətən oğul dedi sənə, ölümsüz şəhid Zaurum!

Ana Qətibə xanımı etdin sən şəhid anası,

Ata qazi Zümrüdü də eylədin şəhid atası,

İçində od-alov, tufan, bu tufan çətin yatası,

Tufanlara sinə gərdin, oldun təpərim, qürurum,

Vətən oğul dedi sənə, ölümsüz şəhid Zaurum!

Canın, qanın bahasına, azad etdin Qarabağı,

Qarabağın şərəf tacı, Şuşada sancdın bayrağı,

Qaytardın öz sahibinə, işğal olunmuş torpağı,

Qarabağ Azərbaycandır! Döyüş zəfərim, qürurum,

Vətən oğul dedi sənə, ölümsüz şəhid Zaurum!

Düşməni məhv etmək üçün ruhla sarıldın silaha,

Neçə cəsur silahdaşla yol açdın parlaq sabaha,

Şəhidliyi uca tutub üz tutdun Uca Allaha,

Düşmənə dəmir yumruğum, zəfər urvatım, uğurum,

Vətən oğul dedi sənə, ölümsüz şəhid Zaurum!

Azad edib Füzulini, ucaltdın şanın-şöhrətin,

Bir ev, bir el-obanın yox, oldun ər oğlu Vətənin,

Azadlığın heykəlidir əbədi məzarın sənin,

Azərbaycan övladısan, türküm, aslanım, yavrum,

Vətən oğul dedi sənə, ölümsüz şəhid Zaurum!

Rahat uyu, əziz Zaurum!

 

Döyüşlərdə yüksək şücaət igidlik göstərən Dadaşov Zaur şəhid olduqdan sonra Azərbaycan Prezidenti tərəfindənVətən uğrundaFüzulinin azad olunmasına görəmedalları ilə təltif edilmişdir. Vətən sağ olsun!

Cəmi şəhidlərimizə uca Allahdan rəhmət diləyirəm!

P.S. Xaçmaz rayonu rəhbərliyindən xahiş edərdik ki, 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olmuş Dadaşov Zaur Zümrüd oğlunun xatirəsini əbədiləşdirmək üçün kəndin ilk şəhidi olduğunu nəzərə alıb məktəblərdən birinə onun adının verilməsi məsələsinə baxsın.

 

Oqtay ZƏNGİLANLI

 

Azad Azərbaycan.- 2021.- 4 fevral.- S.5.