SƏYLƏRİN QIRILSIN

(Hekayə)

 

Müzəffər bu gün yuxudan erkən qalxmışdı. Tövlənin qapısını açıb, qoyun-quzunu çölə çıxartdı. Əlinə çubuq alıb, sürünü kənd yoluna sarı apardı. Qoyunlarını qarşıdan gələn kəndin nobat sürüsünə qatıb geri döndü. Həyətin ortasındakı su krantını açıb əl-üzünü yuduqdan sonra tut ağaçının altında açılmış süfrəyə əyləşdi. Xanımının nazik yuxa arasına qoyduğu yumurta dürməyini həvəslə yeməyə başladı. Arvadı samovardan süzdüyü çayı ərinin qabağına qoyub, nazlana-nazlana dedi:

- A kişi, axşam da gec yatmısan, özünyorğunsan, rayona getməyin belə vaçibdir ki?

Müzəffər bu gün köhnə maşınının bir-iki yerini düzəltdirməkdən ötrü rayona getməyi hələ iki gün bundan qabaq planlaşdırmışdı. O, maşınının daim xarab olan hissələrinin vaxtı-vaxtında dəyişdirilməsi üçün rayon mərkəzində işləyən maşın ustalarına tez-tez müraciət edirdi. Maşının üzdən bəzədilməsinə və ya təmizliyinə elə də ciddi fikir verməsə də, işlək hissələrinin sazlığını daim diqqətdə saxlayırdı. Armudu stəkanda süzülmüş çaydan bir qurtum içib, arvadını bic-bic süzdü:

- Vacibdir, arvad, vacibdir. Kişinin maşını, bir də arvadı gərək həmişə saz ola ki, istədiyi vaxtı minə bil...

- Yenə səhər-səhər əttökən-əttökən danışma. Belə arvad qədri bilənsən? Maşının təmirinə qoyduğun pulun yarısını mənə xərcləsəydin, mən indi dumbul kimi arvad idim. Bir də ayılıb görəssən ki, mən də qonşu Tavat arvad kimi başımı qoydum yerə, bax onda qalassan yaman günə.

- olub sənə, ay arvad? Sən özünü Tavatla bir tutursan? Ay qız, sənin 30 yaşın var, rəhmətliyin - 82. Bir ki, heç narahat olma, sən məndən sonra öləssən, sizin nəsil çox yaşayan nəsildir. Maşallah, hələ turp kimisən, - deyib, arvadının böyründən bir çimdik götürdü.

Müzəffər yeməyini yeyib qurtarandan sonra maşınını işə salaraq, sürüb həyətdən çıxdı. Kəndin ayağında avtobus gözləyən kəndçisi Уeşşək AlıФ görcək, maşını saxladı. Kənd camaatı daldalada onu belə çağırırdı, üz-üzə gələndə isə hamı ona "Alı müəllim" deyə müraciət edirdi. Xeyrə-şərə yaramadığından kənd camaatı yanında elə hörməti yox idi. Soruşanda bəhanəsi bu olurdu ki, bəs, "aparatda işlərin hamısı mənim çiynimdədir, buna görə xeyrə-şərə getməyə vaxtım olmur". Alı rayon İçra Hakimiyyətində şöbə müdiri idi. Özünün şəxsi maşını olmadığından hər səhər işə avtobusla gedib-gəlirdi. Həmişə səliqəli geyimi ilə seçilən Alı nədənsə özünə şəxsi maşın almırdı. Kənddə yaşayan öz şəxsi maşınları olan sürücülərin özlərini görməməzliyə vurub, maşını onun yanından sürüb getməsi isə mümkün deyildi. O, yolun kənarında elə yerdə dayanırdı ki, rayon istiqamətinə gedən bütün kənd maşınları mütləq onun yanından keçirdi onu rayon mərkəzinə havayı aparırdılar. Axşam da evə gələndə kəndə gələn maşınlara oturub geri qayıdardı.

Alı Müzəffərin maşınına əyləşib, salamlaşdı:

- Sabahın xeyir, kəndçi, var, yox? Səhər tezdən xeyirdimi rayona sarı getməkdə?

Müzəffər ağızucu Alının salamını aldı:

- Sabahın xeyir. Maşını düzəltdirəcəm, bir-iki yerdə səs-küyü var. Tez gedirəm ki, tez qayıdım.

Alı pəncərəni açıb əlini maşından çölə çıxardaraq dilləndi:

-Yorğun görünürsən. vacib idi ki, rahat yatardın, dincəlib, günortaüstü gələrdin , olmazdı?

- Bəs bilmirsən, bu gün qonşuluğumuzda yaşayan Tavat arvadın "yeddisi"dir. Axşam iki böyük heyvanı kəsib, soyub, doğramışam. Sağ olsun kənd camaatı, hərə bir işin qulpundan yapışdı - odun gətirən kim, mağar quran kim, aşbaza köməy eləyən kim. Ona görə gec yatmışam, bir az yorğunam. Tezdən gedirəm ki, günortaya qədər məclisə çatım.

Alı cibindən bir siqaret çıxardıb yandırdı, tüstüsünü sinəsinə çəkib dedi:

- Allah rəhmət eləsin. Rəhmətlik yaxşı arvad idi. Ölməyindən heç xəbərim olmayıb. Müzəffər, bəlkə qayıdanda məni götürəsən?

- Götürüm , yerindən?

- , qayıdanda məni götür, birlikdə gedək, mən başsağlığı verim. Kəndçiyik , yaxşı deyil. Mən kabinetdə sənin zəngini gözləyəcəm, səndə mənim mobil telefon nömrəm var?

- Yox, yoxdur.

- Saxlayanda deyərəm, telefonunun yaddaşına yazarsan. Bax, gözləyəcəm ha, zəng eləyərsən.

Alı icra hakimiyyətinin qabağında maşından düşərkən telefon nömrəsini Müzəffərə deyib, qapını bağlayaraq idarəyə keçdi. Müzəffər maşını icra hakimiyyətinin binasından çox da aralı olmayan təmir emalatxanasına sürdü. Ustanın əlində dünəndən işi yarımçıq qalan maşın olduğundan Müzəffərin maşınının düzəlməyi xeyli vaxt çəkdi. Saat 2-nin yarısında usta maşının hazır olduğunu yaxınlıqdakı çayxanada çay içərək gözləyən Müzəffərə xəbər verdi. Müzəffər ustanın pulunu ödəyib, maşını birbaşa icra hakimiyyətinin qabağına sürüb, bir kənarda saxladı, mobil telefonunu çıxardıb Alıya zəng etdi. Telefon çağırsa da, Alı telefona cavab vermirdi. Bir neçə dəqiqədən sonra Müzəffər yenidən Alının mobil telefonunun nömrəsini yığdı. Bir neçə çağırışdan sonra nəhayət ki Alı telefona cavab verdi.

- Alo, eşidirəm.

- Alı müəllim, danışan Müzəffərdi. Mən aşağıda səni gözləyirəm, gəlirsən?

- , Müzəffər, sənsən, eşidirəm. məsələdi, olub?

Müzəffər bir anlıq duruxdu, sonra özünü toplayıb Alının sualına cavab verdi:

- Necə yəni, olub? Bəs sən demədin ki, hüzr yerinə gedəndə səni aparım?

Xəttin o başından Alının səsi gəldi:

- Hə, yadıma düşdü, nahar vaxtı Tavat arvadın hüzr yerinə getməliydik axı. Deməli belə, Müzəffər, sən get, məni gözləmə.

- Nə oldu, gedəsi olmadın?

- Yox, gedəsi olmadım. Sən get, mən artıq nahar eləmişəm.

Müzəffər əsəbi halda telefonu söndürdü. "Səylərin qırılsın!..", - deyib, maşını işə salaraq, kəndə doğru sürməyə başladı.

 

Arif ƏRŞAD

 

Azad Azərbaycan.- 2021.- 4 fevral.- S.11.