Onların arzuları yarımçıq qalmadı…

 

Şəhid əsgər Murad Nefesov

 

Murad Ocaqdurdu oğlu Nefesov 9 fevral 2001-ci ildə Masallı şəhərində anadan olub. 2008-ci ildə Rafiq Əlihəsənov adına Masallı şəhər 1 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olub. 2019-ci ildə həmin məktəbi bitirib. Həmin ilin aprel ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Əsgərliyini Azərbaycan Silahlı Qüvvələrinin Bakı şəhərində, “N” saylı hərbi hissəsində tankçı-tuşlayıcı kimi davam etdirib.

Azərbaycan Ordusunun əsgəri Murad Nefesov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu, Cəbrayıl şəhərinin, Zəngilan, Qubadlı, Xocavənd və Şuşanın alınmasında iştirak edib.

Murad Nefesov 7 noyabr 2020-ci ildə Şuşa şəhərində şəhidlik zirvəsinə ucalıb. Şəhidin nəşi 9 noyabr 2020-ci il tarixdə doğulduğu Masallı şəhər qəbirstanlığında torpağa tapşırılıb. Subay idi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrinin əsgəri Murad Ocaqdurdu oğlu Nefesov ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunması” medalları ilə təltif olunub.

 

Şəhid əsgər Araz Seyfullayev

 

Araz Elsevər oğlu Seyfullayev 28 may 2001-ci ildə Masallı şəhərində anadan olub. 2007-ci ildə Sakit Tağıyev adına Masallı şəhər 4 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olub. 2018-ci ildə həmin məktəbi bitirib. 2019-cu ilin iyul ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Göytəpə şəhərinin, “N” saylı hərbi hissəsində davam etdirib. 2019-cu ilin oktyabr ayının əvvəlindən Xüsusi Təyinatlı Qüvvələrə qatılır.

Əsgər Araz Seyfullayev 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl rayonlarının alınmasında iştirak edərək şəhidlik zirvəsinə ucalıb. Şəhidin nəşi 8 oktyabr 2020-ci il tarixdə doğulduğu Masallı şəhər Digah qəbirstanlığında torpağa tapşırılıb. Subay idi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrinin əsgəri Araz Elsevər oğlu Seyfullayev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunması” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

 

Əlihüseyn ŞÜKÜROV

 

Azad Azərbaycan.- 2021.- 4 fevral.- S.5.