Bu nəğməm sənədir, doğma Naxçıvan!

 

Naxçıvan Azərbaycanın cənubuna bitişik, şimalından yad nəfəsiylə ayrılmış qədim, ulu Vətən torpağı! Dadlı-duzlu, bərəkətli, cövhərli torpaq! Ulu tarixi abidələrin, böyük sənətkar, alim övladların - güvənclərin öz yerində! Sənin yenə ümidin - Vətən eşqini bayraq-bayraq başı üstə qaldıran qaynar təbiətli, narahat ürəkli, ayıq-sayıq oğullarındır. Sənə tərəf çoxdan boylanan, indi isə yumruğuna dirənən yağı dişləri qıcana-qıcana qalıb. Sən gərildikcə, sıxıldıqca qranit yumruğa dönmüş Odlar torpağısan.

 

Naxçıvan elinin Şərur torpağında yaşayan şair-publisist İbrahim Yusifoğlu Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi münasibətilə Bu nəğməm sənədir, doğma Naxçıvan adlı poema silsilə şeirlər yazıb. Onlardan bir neçəsini oxucularımıza təqdim edirik.

 

Bütün istəyinə çatıb Naxçıvan

 

Bu gün yer kürəsi öz məhvərində,

 

Ulu bir diyarla öyünür hər an.

 

Dünyanın döyünən düz ürəyində

 

Özünə yer tutub, durur Naxçıvan.

 

 

Tanrıdan pay gələn sərvət-varı var,

 

Tükənməz qoynunda gövhəri-zəri.

 

Boyca kiçik olan müqəddəs torpaq,

 

Bəxş edib cahana böyük Heydəri.

 

 

Elə o dühayla ən ağır anda,

 

Zamanla üz-üzə durdu Naxçıvan.

 

Heydər Əliyevin davamçısıyla,

 

Yeni günlərini qurdu Naxçıvan!

 

 

Qəlblər ovsunlayır torpağı, daşı,

 

Şəfəqə bələnir doğulanda dan.

 

Çox qədim olsa da tarixdə yaşı,

 

Gənclik libasını geyib Naxçıvan!

 

 

Şərqin qapısıdı, Nuhun yurdudu,

 

Nəsillər yaşayır Gəmiqaya da.

 

Məğrur Əlincədi, qalib ordudu,

 

Sədərək sınmadı düşmənə, yada.

 

 

Mənim Naxçıvanım Odlar Yurdunun,

 

Qeyrət qalasıdı, ər balasıdı.

 

Günəş qürub çağı büsbütün onun,

 

Çöhrəsi Şahbuzun dağ lalasıdı.

 

 

Bol nemət yetirən varlı elləri,

 

Kəhraba üzümlü, heyva, narlıdı.

 

Sevinc təknəsidi gələn illəri,

 

Ordubad bəhrəli, Şərur barlıdı.

 

 

Qoynunda çağlayan Qızlar bulağı,

 

Sevən ürəklərə məhəbbət ələr.

 

Sirab, Badamlı tək əvəzsiz varı,

 

Çoxları dərdinin dərmanı bilər.

 

 

Memar Əcəminin gənc nəvələri,

 

Tikirlər, qururlar, gözəlləşibdi.

 

Müstəqil günündən ta üzü bəri

 

Gözəl məmləkətə bərabər - birdi.

 

 

... Ay kimi nur saçar, ulduztək yanar,

 

Çiçək dənizidi qoynunda hər yan.

 

Onu hər kim görsə bəxtəvər sanar,

 

Bütün istəyinə çatıb Naxçıvan.

 

 

Şərurun

 

Dədə Qorqud gəzən Oğuz elimdi.

 

Uludu torpağı, daşı Şərurun.

 

Dili Türkün dili - ana dilimdi,

 

Qədimdən-qədimdi yaşı Şərurun.

 

 

Burda arxalanıb dağlara dağlar,

 

Dərın dərələrdə çayları çağlar.

 

Torpağı göynəsə göyləri ağlar,

 

Arpaçay sayılır qaşı Şərurun.

 

 

Tanrı özü bilən dərd göndəribdi,

 

Neçə fəlakəti sərt göndəribdi,

 

Namərdin önünə mərd göndəribdi,

 

Bəlalar çəkibdi başı Şərurun.

 

 

Ürək ovsunludu baharı, yayı,

 

Mavi səmasında Ulduzu, Ayı.

 

Yoxsa da sərvətdə payızın tayı,

 

Zərgər naxışlıdı qışı Şərurun.

 

 

Gəzdikcə görərsən barlı düzləri.

 

Zəhmətlə nurlanan gülər üzləri.

 

Tanrı yaradandan ta üzü bəri,

 

Yeyilir ellərdə aşı Şərurun.

 

 

Yeraltı, yerüstü varı tükənməz,

 

Zirvədən qartalı , qarı tükənməz ,

 

Çiçəyin üstündən arı tükənməz ,

 

Ətrindən tanınır balı Şərurun.

 

 

Min büsat qurulur hər bucağında,

 

Güllər ətir saçır tər qucağında,

 

Ömrünün gəncləşən səhər cağında,

 

Qəlblər ovsunlayır halı Şərurun,

 

 

Dədə Qorqud gəzən Oğuz elidi,

 

Dili ana dili-türkün dilidi.

 

Məğrur Naxçıvanın durna telidi,

 

Qədimdi, uludu yaşı Şərurun.

 

 

Əlincə

 

Ürəkdə qan coşar, ilham çağlayar,

 

Bu qədim qalanı seyrə gəlincə.

 

Hər kəsi özünə qəlbən bağlayar,

 

Qurur mənbəyimiz məğrur Əlincə.

 

 

O adi dağ deyil, Nəqşicahanın,

 

Bütövlük, mətinlik, güc simvoludu.

 

Namərdlər önündə dik tutub başın,

 

Əyilməzlik rəmzi, haqqın yoludu.

 

 

Əlincə ən acgöz, zalım şahları,

 

Tanrıdan güc alıb, bələyib qana.

 

Bədniyyət, qaniçən Miranşahları

 

Qoymayıb illərlə girə qoynuna.

 

 

Qalada igidlər döyüş anında,

 

Cəngi səsləndirib, söz söyləyiblər.

 

Kimin gücü olub hələ canında,

 

Düşmənin üstünə od ələyiblər.

 

 

Burda sipər olub hər daş, hər qaya,

 

Düşmənin yolunu bağlayıbdılar.

 

Barıt qarışsa da torpağa, çaya,

 

Güllər öz ətrini saxlayıbdılar.

 

 

Daha qorxusu yox yad qüvvələrdən,

 

Bu yurda göz dikmək çətinləşibdi.

 

Bugünkü qayğıdan, saf məhəbbətdən,

 

Əlincə daha da mətinləşibdi!

 

 

Günnütüm

 

Şərur rayonunun 26 il ermənilərin nəzarətində qalan Günnüt kəndinin azad olunması münasibəti ilə yazılan şeir

 

Salam, Oğuz eli, Vətən torpağı,

 

Salam, Dədə Qorqud gəzən Günnütüm.

 

Düşmən caynağında qalan çağları,

 

Halı qəlbimizi üzən Günnütüm.

 

 

Sən türk torpağısan, türk dillisən sən,

 

Babam Xətainin sevdiyi yersən,

 

Koroğlu zağalı tarixsən, sirsən-

 

Həm dağlı, təpəli, düzən Günnütüm.

 

 

Ömrün şən nəğməli gənclik illəri,

 

Dərdik qoynundakı əlvan gülləri.

 

Başbulaq başında atıb dərd-səri,

 

Süfrəyə bal, qaymaq düzən Günnütüm.

 

 

Gəlmişik, sarılaq bu gün boynuna,

 

Gəlmişik, son qoyaq namərd oynuna,

 

Kövrəlmə, yaxşı bax coşan qoynuna,

 

Nəvələr əl tutub süzən Günnürüm.

 

 

Əsgər oğulların Qızılqayada,

 

Baxırlar Arpaya, Arpaçaya da,

 

Düşmən gizlənsə hində, tayada,

 

Dinərsə, olacaq süzən, Günnütüm.

 

 

Küskün taleyinlə barışacaqsan,

 

Doğma el-obana qarışacaqsan,

 

Cocuq-Mərcanlıyla yarışacaqsan-

 

Milli naxışlarla bəzən, Günnütüm.

 

 

Salam, Naxçıvanın əzəl toprağı,

 

Salam, Xan çinarın solmaz yaprağı,

 

Ən uca zirvəndə Vətən bayrağı -

 

Düşməni köksündən əzən Günnütüm,

 

Qeyrəti dillərdə gəzən Günnütüm!

 

 

Tofiq Seyidov

Azad Azərbaycan.- 2021.- 11 fevral.- S.10