Ailə öndə gələn müqəddəs dəyərlərdən biridir

 

Millət vəkili: Ailəni qorumaq üçün ilk növbədə adət-ənənələrimizi, dəyərlərimizi qorumalıyıq

 

Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq özünəməxsus adət-ənənələrini əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Əsrlərin sınağından çıxan bu adət-ənənələr indinin özündə də cəmiyyətdə və insane həyatında mühüm rola malikdir. Məhz adət-ənənələrimizin saflığının nəticəsidir ki, Azərbaycanda qurulan ailələr dayanıqlılığı və mükəmməlliyi ilə seçilir. Bütövlükdə ailə dayanıqlığı məsələlərində adət-ənənələrin rolunu danmaq olmaz. Yəni bu kimi məsələlərdə onların rolu böyükdür. Bunu özlüyündə şərtləndirən bir sıra faktorlar var.

 

Məsələn, bizdə ata-ana övladının təlim-tərbiyəsindən tutmuş, onun fərd olaraq hərtərəfli yetişməsi, təhsil alması və cəmiyyət üçün layiqli şəxs kimi formalaşmasında özünəməxsus rol oynayır. Hər bir valideyn övladının xoşbəxt olmasına çalışır və bu yöndə üzərində böyük məsuliyyət hiss edir. Bunun nəticəsidir ki, bizdə ailədə hər zaman böyük-kiçik yeri tanınıb, böyüyə yüksək hörmət mühiti olub. Sadalanan bu xüsusiyyətlər bir çox ölkələrdə olduqca zəif inkişaf edib. Yaxud da bizim ölkəmizdə olduğu qədər bir-birini tamamlamır, vəhdət halında deyil.

 

Millət vəkili Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan ailəsi tarixən zəngin adət-ənənələrə malik olub: Əsrlərin sınağından çıxan bu adət-ənənələr indinin özündə də cəmiyyətdə və insan həyatında mühüm rola malikdir. Məhz adət-ənənələrimizin saflığının nəticəsidir ki, Azərbaycanda qurulan ailələr dayanıqlılığı və mükəmməlliyi ilə seçilir. Bütövlükdə ailə dayanıqlığı məsələlərində adət-ənənələrin rolunu danmaq olmaz. Təsadüfi deyil ki, Azərbaycanın ailə modelini bir sıra xarici ölkə vətəndaşları özləri üçün örnək hesab edir və mümkün qədər bundan bəhrələnməyə səy göstərir. Çünki ailə dayanıqlılığı məsələlərində adət-ənənələrimiz prinsipial əhəmiyyətə malikdir. Bu cür unikal sistemin formalaşması, təbii ki, əsrlərdən bəri xalqımızın milli dəyərlərindən süzülüb gələn adət-ənənələrin bəhrəsidir. Zaman sübut edir ki, sadalanan elementlər cəmiyyətə ancaq fayda və stimul verir. Başqa bir tərəfdən, Azərbaycan ailəsinə təsir göstərən adət-ənənələr imperativ əsaslara söykənmir. Bu sadəcə, xalqımızın öz içindən gələn bir mənəvi duyğudur. Görünən odur ki, həqiqətən də bizdə buna dairəvəzsiz örnəklər toplusu var.

 

Ailə hər zaman öndə gələn müqəddəs dəyərlər içərisindədir. Bu müqəddəs dəyərlərin mühafizə olunmasında, milli mənəvi dəyərlərimizin bizim üçün yazılmamış qanunları çərçivəsində, hətta dövlətçiliyimizin belə bütövlənməsinə xidmət göstərən nüansları var deyə qeyd edən S.Vəliyeva əlavə edib ki, ailənin dayanıqlılığı, bütövlüyünə xidmət göstərən Azərbaycan kişisinin, qadınının ləyaqət anlamı hər şeydən ucada gəlir: Ona görə də bu müqəddəs dəyərlər çərçivəsində düşünəndə, Azərbaycan xalqının milli kimliyində birmənalı olaraq adət-ənənələrin dayanıqlı rolu öz əksini tapıb. Ailənin uca, əziz tutulması, bütün dəyərlərin fövqündə durması onun dayanıqlılığına, eyni zamanda, əyilməzliyinə gətirib çıxarır. O baxımdan xalqımızın milli yaşantısında, ailənin mühafizə olunmasında, bütöv bir ailə anlamında tanıdılmasında bu dəyərlərin qorunmasının, mühafizə olunmasının çox böyük əhəmiyyəti var. Bu kimi müqəddəs meyarlar, prinsiplər ailənin mühafizə olunmasına gətirib çıxarır. Digər tərəfdən, müsəlman kimliyimizi nəzərə aldıqda, dinimizin gətirdiyi qaydalar içərisində Azərbaycan xalqının ülvi adət-ənənələrini qoruması büsbütün İslamın prinsipləri ilə də üst-üstə düşür.

 

Millət vəkili diqqətə çatdırıb ki, ailə kiçik dövlətdir. Ailəni qorumaq üçün birinci növbədə adət-ənənələrimizi, dəyərlərimizi qorumalıyıq. Bu səbəbdən də milli adət-ənənələrimizin, dəyərlərimizin və nəhayət ailələrimizin qorunması ən mühüm vəzifəmiz olmalıdır.

 

Şərqşünas Seyid Camal Əzimbəyli də hesab edir ki, ailə dayanıqlılığı məsələlərində adət-ənənələrin rolu ölçüyəgəlməz dərəcədə böyükdür: "Çoxluq kəsimi içərisində hər zaman ailə öndə gələn müqəddəs dəyərlər içərisindədir. Ona görə də bu müqəddəs dəyərlərin mühafizə olunmasında, milli-mənəvi dəyərlərimizin bizim üçün yazılmamış qanunları çərçivəsində, hətta dövlətçiliyimizin belə bütövlənməsinə xidmət göstərən nüansları var. Bu baxımdan ailənin dayanıqlılığı, bütövlüyünə xidmət göstərən Azərbaycan kişisinin, qadınının ləyaqət anlamı hər şeydən ucada gəlir. Ona görə də bu müqəddəs dəyərlər çərçivəsində düşünəndə, Azərbaycan xalqının milli kimliyində birmənalı olaraq adət-ənənələrin dayanıqlı rolu öz əksini tapıb. Ailənin uca, əziz tutulması, bütün dəyərlərin fövqündə durması onun dayanıqlılığına, eyni zamanda, əyilməzliyinə gətirib çıxarır. O baxımdan xalqımızın milli yaşantısında, ailənin mühafizə olunmasında, bütöv bir ailə anlamında tanıdılmasında bu dəyərlərin qorunmasının, mühafizə olunmasının çox böyük əhəmiyyəti var. Bu kimi müqəddəs meyarlar, prinsiplər ailənin mühafizə olunmasına gətirib çıxarır. Digər tərəfdən, müsəlman kimliyimizi nəzərə aldıqda, dinimizin gətirdiyi qaydalar içərisində Azərbaycan xalqının ülvi adət-ənənələrini qoruması büsbütün İslamın prinsipləri ilə də üst-üstə düşür. Hətta sevgili Məhəmməd Peyğəmbərimiz də ailəyə sahib durmanın İslamın başlıca şərtlərindən olduğunu bizlərə bəyan etmişdi. Bununla bağlı onun xütbəsində də sözügedən dəyərlərin qorunması bizim üçün müəyyən olunmuşdu".

 

Bəli, ailə dəyərləri, adət-ənənələr bir-birilə sıx bağlıdır. Bunları bir-birindən ayrı təsəvvür etmək doğru olmaz. Çünki bu həm də bizim mental şüurumuzdan irəli gəlir. Hədər yerə demirlər ki, ailə kiçik dövlətdir. Ailə qorunmasa, cəmiyyət də qorunmayacaq. Cəmiyyət qorunmasa isə, dövlətimiz, müstəqilliyimiz də qorunmayacaq.

 

Statistikaya nəzər salsaq görərik ki, ilbəil boşanmaların sayında artım müşahidə olunur. Təbii ki, bu bir sıra obyektiv və subyektiv səbəblərdən qaynaqlanır. Problem ondadır ki, biz milli dəyərlərimizin qorunmasına kifayət qədər diqqət yetirmirik. Digər tərəfdən, son vaxtlar cəmiyyətimizdə müəyyən yanlış təsəvvürlər formalaşıb. Elə hesab edirlər ki, qloballaşma şəraitində baş verənlərdən qaçmaq mümkün deyil. Müasir dəyərləri tam əxz etmədən, milli təfəkkür tərzimizdən keçirmədən, ənənələrimizə tam uyğunlaşdırmadan gözüyumulu qəbul edirik. Bunun nəticəsində bizdə ailə münasibətlərində müəyyən problemlərin yaşanması üçün münbit şərait yaranır.

 

Tarixən formalaşan dayanıqlı ailə modeli dağılmağa məruz qalmaq təhlükəsilə üzləşir. Əlbəttə, bu cür meyllər, yanlış təfəkkür tərzi pis nəticələr verir. Ona görə də bu kimi məsələlərdə son dərəcə həssas və diqqətli olmalıyıq. Zərərli vərdişlərin cəmiyyətdə geniş səviyyədə kök salmasına mane olunmalıdır. Hansısa gecikmə müəyyən ciddi fəsadlara gətirib çıxarar.

 

Cavanşir QƏDİMOV

Azad Azərbaycan.- 2021.- 1 iyul. S. 9.