Zəfər nəğməsi

 

 

Nəğmələrin müqəddəsi, ulusu,

 

Meyvələrin ən şirini, sulusu,

 

Bulaqların ayna kimi durusu -

 

Zəfər nəğməsi.

 

 

Bu nəğmənin hər sədası Cəngidi,

 

Al-qırmızı kəlmələrin rəngidi,

 

Dar anında bir oyanış zəngidi -

 

Zəfər nəğməsi.

 

 

Döyüşlərdə dönər Dəmir Yumruğa,

 

Haya yetən xilaskar quş Simurqa,

 

Səslənəndə el qovuşar xoş çağa-

 

Zəfər nəğməsi.

 

 

İgidlərlə o,eyləyər yoxdan var,

 

Mərd əllərdə ilmələnər, toxunar,

 

Azad eldə,azad dildə oxunar -

 

Zəfər nəğməsi.

 

 

Ölümü Tanrıdan gələn qardaşım

 

(Şəhid məzarı üstündə oxunan şeir)

 

 

Zəfər günlərini yaşayır Vətən,

 

Sevinc içindədir torpağım, daşım.

 

Elin ağır günü, qeyrət dəmində,

 

Ölümü Tanrıdan gələn qardaşım!

 

Ölümü Tanrıdan gələn qardaşım,

 

Dözmədin dözülməz haqsızlıqlara.

 

Canından keçsən də torpaq vermədin,

 

Şərəfin itirmiş çaqqal yanlara.

 

Qardaşım, həddini düşmən aşanda,

 

Özgənin kütüylə quduzlaşanda,

 

Tale də üzünü göyə döndərir,

 

Döyüş meydanında elə o anda

 

Kərbəla düzündən, Bəzz qalasından,

 

Tanrı ən müqəddəs ölüm göndərir.

 

Qəbrin nurla dolsun, işıqla dolsun,

 

Müqəddəs ölümə çatan qardaşım.

 

Əbədi mənzilin behiştlik olsun,

 

Torpağın qoynunda yatan qardaşım.

 

...Elin ağır günü, qeyrət dəmində,

 

Ölümü Tanrıdan gələn qardaşım!

 

 

Şəhid anaları

 

Neçə illər idi qansız yağılar,

 

Dərdlə sinələri dağlayıbdılar.

 

Dünyada ən qəmli ağrılar ki, var,

 

Şəhid anaları ağlayıbdılar.

 

Oğulla bir yerdə ötən illəri,

 

Ömrə ən müqəddəs il sayıbdılar.

 

Acılı- şirinli xatirələri,

 

Şəhid anaları yaşayıbdılar.

 

Zərif ziynətləri, gözəl geyimi,

 

Oğul toylarına saxlayıbdılar.

 

Talenin qarası hopmuş örpəyi,

 

Şəhid anaları bağlayıbdılar.

 

Gözləri yol çəkər, quru çeşmətək,

 

O qədər ki, dərddən çağlayıbdılar.

 

Həyatda ən qəmli, kədərli, kövrək

 

Şəhid anaları ağlayıbdılar.

 

 

Şuşa

 

Dünyanın müqəddəs günüdür, bu gün,

 

Xoş müjdə qəlbləri gətirib cuşa.

 

Gözlər bulaq kimi coşub-çağlayır,

 

Bu gün anasına qovuşur Şuşa.

 

*****

 

Daşını, adını Pənahxan qoyub,

 

Zirvəyə Qaranquş yuvası qonub,

 

Düşməni göynədən göz dağı olub,

 

Neçə yol gəlibdi bədd gözlə tuşa,

 

Hər vaxt qalib çıxıb döyüşdə Şuşa.

 

**

 

Qoynu tapdaq oldu, inildəyibdi,

 

Yadlar rəqs eyləyib, dingildəyibdi,

 

Sərxoş qədəhləri cingildəyibdi,

 

Dönüb qəfəsdəki dərdli bir quşa,

 

Azadlıq eşqiylə yaşayıb Şuşa.

 

**

 

Talan eylədilər sərvət varını,

 

Pərən-pərən gördü övladlarını,

 

Çəkmədi dağlardan duman,qarını,

 

Gözlədi qan-qada sülhlə sovuşa,

 

Bu nəcib istəyə çatmadı Şuşa.

 

**

 

Yaman uzaq düşdü azan səsindən,

 

Cabbarın, Bülbülün gur nəfəsindən,

 

İsa bulağının zümzüməsindən,

 

Çırpınan köksünü döndərdi daşa,

 

Xilaskar ordunu gözlədi Şuşa.

 

**

 

Nə qədər qəlbləri sevgisi sarmış,

 

Ali Baş Komandan bəxtini yazmış,

 

Bütov Azərbaycan Şuşaya yarmış,

 

Hamısı bir olub qalxdı vuruşa,

 

Vəhşi caynağından qurtuldu Şuşa!

 

**

 

Şuşa!- qeyrət, şərəf, qürur şəhəri,

 

Şəfəqə dönəcək hər bir səhəri,

 

Dünyaya səs salıb dönüş zəfəri,

 

Xoş müjdə qəlbləri gətirib cuşa,

 

Bu gün anasına qovuşur Şuşa!

 

 

Hava durumu

 

İşğal illərində Hava durumunda Qarabağ rayonları haqqında Azərbaycan tərəfindən məlumatlar veriləndə ermənilər buna rişxəndlə mesaj verirdilər: Qarabağın havasının durumunu Azərbaycan neyləyir... Qarabağın torpağı kimi, havasını da almışıq...

 

Onsuz da hisslərimiz

 

Çarmıxa çəkilmişdi.

 

Köksümüz kotanlanıb

 

Dərd bəla əkilmişdi

 

...

 

Düşmənin tapdağında

 

Qıvrılırdı Qarabağ

 

Yer üzündə bir elə

 

Çəkilməyib belə dağ

 

...

 

Vəhşilər caynağında

 

Çırpınırdı Xan Şuşa

 

Dönmüşdü yad qəfəsdə

 

İnildəyən bir quşa

 

...

 

Cəbrayıl, Füzulinin

 

Qəlb yanırdı halına.

 

Qubadlıda dağların

 

Duman çökdü yalına.

 

...

 

Xankəndi bələnmişdi

 

Xankəndinin qucağı

 

Şər-şeytan oylağıydı.

 

Xocalı yarağının

 

Qan süzülən çağıydı.

 

Saqqallı əsgərlərə

 

Bircə xəbər tuturduq

 

Günəşindən, qarından.

 

Ekranda yayımlanan

 

Hava durumlarından.

 

...

 

Bunu da həzm etməyən

 

Ermənilər söyləyir

 

- Qarabağın havasın

 

Azərbaycan neyləyir.

 

...

 

Tutaq ki, Qarabağda

 

Günəş çıxır, yaör qar...

 

Bunların müsəlmana

 

Nə isti, soyuğu var

 

...

 

Torpağını, suyunu

 

Almışıq havasın da

 

Gör neçə illər keçib,

 

Qurtardıq davasın da.

 

...

 

Dığaların gülüşü

 

Ruhumuzu əzirdi

 

Ya Qarabağ, ya ölüm

 

Göylərə yüksəlirdi

 

...

 

Çox təmkinlə gözlədi

 

Gəlməsini o anın,

 

Əmri sərt, qəti oldu

 

Ali Baş Komandanın

 

...

 

Azərbaycan əsgəri

 

Aşdı aşılmaz dağı.

 

Dəmir Yumruqqurtardı

 

İşğaldan Qarabağı.

 

...

 

...Bu mesajı oxuyun:

 

Qorxaq, məğlub, yavalar.

 

Sizsiz daha xoş keçir

 

Qarabağda havalar.

 

...

 

Dünya görür qarışıb

 

İrəvanın havası

 

Axır ki məhv olacaq

 

Oğru, quldur yuvası.

 

...

 

Həsrətlə baxarsınız

 

Hava durumlarına.

 

Göz dikməyin bir daha

 

Qonşu torpaqlarına.

 

 

İbrahim Yusifoğlu

Azad Azərbaycan.- 2021.- 1 iyul. S. 10.