80-də Ərgünəşin ətəyində görüşmək ümidilə

Oqtay Ərgünəş Əliyev - 75

75 yaşın tamam olması insan ömrünün ən xoşbəxt anlarından biridir. Bu yaş dövrü insan həyatının kamillik məqamıdır. Kamil insanlar isə ağsaqqal, yolgöstərən, həyatın enişinə-yoxuşuna bələd olanlardır. Bunun üzərinə ziyalılıq ali etalonunu da əlavə etsək belə şəxsiyyətlərin varlığının cəmiyyətimiz üçün nə qədər vacib olduğunu dərk etmək heç də çətin olmaz. Eynilə bizim qəhrəmanımız bu gün 75 yaşını qeyd etdiyimiz Oqtay Bəndalı oğlu Əliyev kimi.

Qeyd edək ki, yazıçı-jurnalist, publisist Oqtay Bəndalı oğlu Əliyev 01.07.1946-cı ildə Azərbaycan Respublikasının Qarabağ bölgəsinin Füzuli rayonunun 2-ci Mahmudlu kəndində anadan olub. Oqtay Əliyev Pedaqoji İnstitutda və Tibb texnikumunda təhsil alıb. 1973-cü ildə isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, Sov.İKP MK-nın Moskva Ali Partiya Məktəbində Ali rəhbər kadrlar hazırlayan bölməsini bitirib. Sumqayıt şəhərində bir sıra tikinti və tibb müəssisələrində işləyib. 1966-cı ildə "Sosialist Sumqayıtı" şəhər qəzetində jurnalistlik fəaliyyətinə başlayan Oqtay Əliyev 1968-ci ildə təcrübəli jurnalist - qəzetçi kimi Füzuli rayonunda yenidən nəşrə başlayan "Araz" qəzetinə işə göndərilir, az sonra redaktorun müavini vəzifəsinə irəli çəkilir və 1985-ci ilədək həmin vəzifədə işləyir.

 

1985-ci ildən Mətbuat və İnformasiya Nazirliyi nəzdində Füzuli rayonlararası birləşmiş mətbəələr birliyinin baş direktoru vəzifəsində çalışır, 1997-ci ildə isə yeni nəşrə başlayan "Qayıdış" qəzetinin redaktoru, "Nigar-Ə", "Vüqar-Ə" nəşriyyat-poliqrafiya müəssisələrinin direktoru olub. Hazırda Azərbaycan Mətbuat

 

Şurasının üzvü olan "Ərgünəş" FM- nəşriyyat-poliqrafiya müəssisəsinin direktoru vəzifəsində işləyir.

 

Oqtay Əliyev iki dəfə "Əmək veteranı" medalı ilə təltif olunub, dəfələrlə Füzuli Şəhər Sovetinin və Füzuli Rayon Sovetinin deputatı, Füzuli Rayon Partiya Komitəsinin üzvü seçilib, Fəxri Fərmanlarla təltif olunub. Prezidentin xüsusi təqaüdünə layiq görülüb.

 

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü olan Oqtay Bəndalı oğlu Əliyev "Qızıl qələm" mükafatı laureatıdır. "2010-cu ilin nüfuzlu ziyalısı", "Ağrı dağı", "Şərəf", "Milli İftixar" diplomları və "Nəsir İmanquliyev adına fəxri diplom"la təltif olunub. 2012-ci ildə Beynəlxalq Rəsul Rza mükafatına layiq görülüb.

 

Yazıçı-publisist Oqtay Ərgünəş Əliyev "Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları "Müqəddəs amal", "Hourglass"(ABŞ-da "Charleston" nəşriyyatında ingilis dilində cap olunmuşdur), "Qum saatı", "Böyük günah", "Təzadlı dünya", "Boş qalan papaqlar...", "Əbədiyyətə qovuşan Koroğlu", "Seyid Əşrəf müqəddəsliyi", "Zakir Zeynalov fenomeni", "Ətirli keçən zəhmət illəri", "Sözün qüdrəti, kəlamın hikməti", Zəng kitablarının müəllifidir. Yazıçının "Əbədiyyətə qovuşan Koroğlu" bədii - publisistik əsəri Respublika üzrə "2009-cu ilin milli-mənəvi dəyərlər mövzusunda kitabı" nominasiyasında qalib gəlib, "Təzadlı dünya" kitabı isə 2011-ci ilin "Satira və yumor kitabı" adı alıb və Milli Kulturoloji mükafatlara layiq görülüb.

 

Yazıçının 70 illik yubileyi ərəfəsində seçilmiş əsərlərinin iki cildliyi, yaradıcılığı barədə professor Allahverdi Eminovun "Oqtay Əliyevin yaradıcılıq yolu: nəsri və publisistikası" monoqrafiyası və Oqtay Ərgünəş Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Çinarlaşan ömür" xatirə kitabı çap olunub.

 

O, xalqımızın milli-mənəvi, əxlaqi dəyərləri ilə bağlı televiziya və radio kanallarında, müxtəlif intellektual verilişlərdə, milli-mənəvi dəyərlərimiz, vətənpərvərlik mövzusunda gedən diskussiyalarda, qəzet və jurnallarda vaxtaşırı çıxış edir. Respublikamızın müstəqilliyi yolunda həmişə fəallıq göstərən yazıçı-jurnalist Oqtay Əliyev Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əsl vətəndaş mövqeyi nümayiş etdirir.

 

1965-ci ildən bədii əsərləri çap olunan Yazıçı-jurnalist Oqtay Ərgünəş Əliyev 55 ildir səmərəli yaradıcılıq fəaliyyəti ilə məşğuldur. Yüzlərlə məqalə, oçerk və felyetonları Respublikada çıxan dövrü mətbuatda çap olunub. Onlarla kitabın redaktoru və rəyçisidir.

 

Bəli, əsl şəxsiyyət olmağı özünün həyat kredosu hesab edən Oqtay müəllim bu zirvəyə şəksiz ucalmış ziyalılarımızdandır. Vətənpərvər, xalqına, millətinə bağlı olan, ədəbi mühitdə Oqtay Ərgünəş kimi şöhrət tapmış yazarın qələmindən çıxan əsərləri onun güzgüsüdür. Əsərlərində gənc nəslə necə vətənpərvər, sədaqətli olmağı, zəhmətdən qorxmamağı aşılayan Oqtay Əliyev həm də bir Vətən sevdalısıdır. İllərdir Vətən həsrəti Füzuli xiffəti ilə yaşayan Oqtay müəllim üçün bu yubileyi daha əzizdir. Çünki illərdir əsirlikdə olan doğma yurdu 44 günlük Vətən müharibəsində qazanılan Zəfər qələbəsi ilə öz azadlığına qovuşub. Və artıq o doğma Ərgünəşin ətəyini ziyarət edəcəyi günü səbrsizliklə gözləyir

 

75 yaş zaman baxımından az görünsədə bir insanın bu illərdə edə biləcəyi işləri yazıb-yaratmaq, cəmiyyətin maariflənməsinə səy göstərmək, mühüm dövlət postunda qurub yaratmağa nail olmaq, insanlar arasında daim səmimiyyət körpüsü qurmaq, gözəl ailə başçısı olmaq, vətənpərvərlik missiyasını daim gənc nəslə aşılamaq və onu daha da inkişaf etdirmək kimi vəzifənin öhdəsindən Oqtay müəllim layiqincə gəlməyi bacarıb. Təbii ki, bu xoşbəxt missiyanı həyata keçirmək hər kəsə nəsib olmur

 

Bu kiçik yazıda Oqtay Ərgünəş yaradıcılığının, şəxsiyyətinin geniş izahını verə bilməsəm də qəhrəmanımın 80 illik yubileyi günlərində həmin məqamlara daha geniş işıq salacağıma əvvəlcədən söz verirəm, təbii ki, bu mənə nəsib olarsa. Bu məqamda isə mənə qalır YUBİLYARI təbrik etmək:

 

Oqtay müəllim bundan sonrakı mənalı, şərəfli həyat yolunuzda Sizlərə daha böyük uğurlar, xoşbəxtliklər arzulayıram. 80-də Füzulidə - Ərgünəşin ətəyində görüşmək ümidilə

 

Asəf ABBASOV

Azad Azərbaycan.- 2021.- 1 iyul. S. 11.