Hekayə danışan adam: Arif Ərşadın kitabı haqqında bir neçə söz

 

 

Uzun illər şair kimi tanıdığım dostum Arif Ərşadın hekayə, roman yazmağa başladığını eşidəndə ilk əvvəl bunu bir həvəs və ya özünü bu sahədə də sınama kimi qəbul etdim. Bu yaxınlarda çapdan çıxan və müəllif tərəfindən mənə hədiyyə olunan Hekayələr kitabını oxudum. İlk əvvəl hekayəsini sadəcə maraq üçün oxumağa başladım. Amma elə ilk hekayəsini oxuyub bir nəfəsə bitirəndən sonra fikirlərim dəyişdi. Dostum bunu sadəcə həvəs üçün yazmamışdı deyəsən...

 

Hekayələrdə bir mesaj, bir fikir gördüm. Həm də çoxdan idi hekayə oxumadığım üçün bu mənə gənclik illərimdə oxuduğum hekayələri xatırlatdı. Sadə, lakonik dillə bir fikir, bir hadisə nəqli idi bu hekayə. Sovet dövrünün oxucuları üçün hekayə ustaları kimi tanınanlar Çexov, Turgenev, Əziz Nesin, Seyfəddin Dağlı, Qantəmir, Anar, Elçin olmuşdur. Hamımız onların hekayələri ilə böyümüşdük və onlar bizim üçün hekayə etolonu yaratmışdılar. Ona görə də Arifin hekayələrinə dərhal o prizmadan yanaşmağa başladım və doğrusunu deyim ki, hekayə janrının bütün tələblərinə, ölçülərinə, qaydalarına uyğun bir hekayələrlə rastlaşdım. Artıq bu kitabı bir dostumun kitabı kimi deyil, əsl hekayələr kimi oxuyurdum və oxuduqca da müəllifin qurduğu süjetlər, hadisələrin axını, qəhrəmanlarının həyatları, iztirabları, sevincləri, kədərləri məni öz aləminə çəkib aparırdı.

 

Hərdən ağsaqqallar mənə ürək dirək verərək deyirlər ki, heç narahat olma, 5 qız böyüdən kişinin yeri cənnətdir. Mən isə özümü Allahın ən xoşbəxt bəndəsi sayıram... çünki mənim... Mənim ölümümü arzulayan oğlum yoxdur!

 

(Lotereya biletihekayəsindən)

 

II fəsil. Yerini tapmış adam

 

Hekəyələri oxuyub qurtarandan sonra dərhal beynimə bir fikir gəldi: dostum öz yerini tapıb. Mən onu illərdir bir şair kimi tanıyırdım. Amma hekayələri oxuyandan sonra başa düşdüm ki, o elə yazıçıdır. Bunu bəlkə özü də əvvəl bilməyib. Bu illər ərzində özünü şair hesab edib. Amma yox, o yazıçıdır və yaza bilən, düşündürə bilən yazıçıdır. Özü də məhz hekayə yazan yazıçıdır...

 

Son illər ədəbiyyata olan saysız hesabsız axınlar içində əksəriyyəti şeir yazanlar (şair yox a, məhz şeir yazan) və roman yazanlardır (yazıçı yox a, məhz roman yazan). Hekayə yazanlar isə çox azlıq təşkil edir və demək olar ki, yeni heç bir söz deyə bilməmişlər. Çünki hekayə yazmaq çox çətindir. Kiçik ölçülü, bəzən 2-3 səhifəlik bir yazıda bitkin fikir, ideya bildirmək, mesaj ötürmək çox çətin olur. Necə ki, əsl bədii film çəkib cəmiyyətə, hətta dünyaya bir ideya, mesaj ötürmək 100 seriyalıq serial çəkməkdən çətin olduğu kimi...

 

Dostum Arif Ərşad isə bunu bacardı. Öz hekayələrində klassik hekayə janrının bütün incəlikləri, qayda-qanunları ilə öz sözünü deyə bildi. Mən onsuz da onun şeirlərində həmişə bir hekayə, bir süjet görürdüm və təsəvvürümdə o hekayəni canlandırırdım. Yəqin Arif də bunu görüb və nəsrin açdığı imkanlardan istifadə edərək öz ideyalarını, fikirlərini, mesajlarını bu yolla ötürməyə qərara gəlib və mənə elə gəlir ki, buna nail olub.

 

Əmrah kişi, ağsaqqal olmaq üçün insanın harda işləyib-işləməməsinin elə də böyük əhəmiyyəti yoxdur. Elin-obanın ağsaqqalı olmaq üçün məncə yaxşı kişi olmaq kifayətdir

 

(Böyük kişi hekayəsindən)

 

III fəsil. Hekayə danışan adam

 

Onun hekayələrini oxuduqca mənə elə gəlirdi ki, mən bu hekayələri oxumuram, bunları mənə elə Arif özü qabağımda oturub danışır. Əslində məncə hekayənin elə əsl məğzi də, mənası da, stili də bu olmalıdır. Hekayə yazılmamalıdır, danışılmalıdır. Yəni, danışan adam - rasskazşik. Məncə hekayəni yazan adam yox, danışa bilən adam daha çox uğur qazanır, danışılan hekayə oxucu qəlbinə daha tez yol tapır, nəinki yazılan hekayə.

 

Bu hekayələrdə də mən məhz bunu gördüm. Sanki müəllif səninlə qabaq-qabağa oturaraq şahidi olduğu, ya da eşitdiyi bir hadisəni sənə aramla, bəzən sakit, bəzən əsəbi, bəzən titrək, qəhərli səslə danışır. Özü də həmin hadisənin təsiri, gözəlliyi də məhz bunu necə danışandan daha çox asılı olur. Özümüz də real həyatda dəfələrlə şahidi olmuşuq ki, bir hadisəni danışan müxtəlif insanlar olanda hərəsinin danışığı bir cür təsir edir və hər birimizin dostları arasında başlarına gəlmiş hadisələri daha maraqlı, daha təsirli danışanı var və hər dəfə də hər birimiz bir hadisənin məhz onun tərəfindən danışılmasını istəyirik. Bu mənada Arif, hekayəni danışa bilən adamdır və hekayələrinin də bu cür gözəl, maraqlı, təsirli alınmasına da səbəb budur məncə... Ona görə də, onu hekayə danışan adam adlandırdım. Yeni hekayələrini dinləməyə hazıram.

 

Nənəsi gözünə həmişəkindən daha gözəl, həmişəkindən daha nurlu göründü. Şirin-şirin yatan nənəsini oyatmağa qıymadı, geri çevrilib otaqdan çıxmaq istəyəndə qəfildən dayandı, nənəsinə yaxınlaşıb onun üzündən opdü. İsti yay günündə nənəsinin buz kimi soyuq üzünə toxunduğu an hər şey ona aydın oldu. Bax belə!..

 

(Bax belə hekayəsindən)

 

IV fəsil. Nədən yazır?

 

Arif həyatdan yazır. Sadə, adi həyatdan. Bəzəksiz, düzəksiz... Olduğu kimi-sədaqəti-xəyanəti ilə, sevgisi-nifrəti ilə, ağı-qarası ilə (bəzən göy qurşağı da görünür), keçmişi-bu günü ilə... Amma nədən yazır yazsın, səmimiyyətlə yazır. Onun qəhrəmanları dalaşanda da səmimidirlər, sevəndə də, hətta öldürəndə də... Yəni ideal deyildirlər, realdırlar... Şəxsən mən o qəhrəmanların hər birinə inandım. Sevirəm deyəndə də, öldürəcəm deyəndə də, bağışlamayanda da, bağışlayanda da... Amma ən çox xoşuma gələn o oldu ki, bu hekayələrdə bir işıq var, bu günümüzə, gələcəyə inamla dolu bir işıq... Yoxsa ki, son illər televiziyalardan da, kitablardan da, kinolardan da bizə ancaq qara, nifrət, xəyanət dolu bir həyat göstərilir, tok-şoulardakı bütün ailələrdə xəyanət var, nifrət var, düşmənçilik var, seriallarımızda bütün insanlar bir-birinə pislik etməyə, xəyanət etməyə sanki növbəyə durublar və illərdir bizə sırımaq istəyirlər ki, Azərbaycan ailəsi dağılıb, sevgi, sədaqət itib, övladlar hamısı pis övladlardır, valideynlər hamısı pis valideynlərdir və sairə. Amma elə deyil. Məhz Arifin hekayələrində də bu göstərilib - təmiz ailə hissləri, sevgi, sədaqət... Amma əlbəttə ki, demirəm ki, cəmiyyətdə hər şey ağdır və Arif də hər şeyi al-əlvan göstərib. Xeyr, hər şeyi göstərəndən də xeyir olmadığı kimi, hər şeyi qara göstərəndən də bir xeyir yoxdur. Hər şeyi əlbəttə, qaydasında göstərmək lazımdır. Amma məncə həmişə qaradan artıq olmalıdır, hər bir əsərdən bir nur gəlməlidir, bir ziya olmalıdır ki, bunun cəmiyyət üçün bir xeyri və tərbiyəsi olsun. Arif Ərşadın hekayələrində mən məhz bu işığı gördüm və sevindim. Bu gün qaranlıqlar saçanların yanında bir işığın parlaması, özü də gur işığın parlaması yaxşı əlamətdir və zülmətin çəkiləcəyinə bir siqnal, bir mesajdır.

 

Bu vaxt qapı açıldı, əlində plov buludu tutan Şərqiyyəni, xonçalı Yeganəni görüb Şəhla çox sevindi... Tutuquşuların qəfəsini tutan Teymuru və əlində səməni olan Elnuru gördükdə göz yaşlarını saxlaya bilmədi. Hamıdan çox sevinən isə Həbib idi.

 

(Ailə hekayəsindən)

 

V fəsil. Necə yazır?

 

Hər bir yazıçının öz texnikası, öz yazı üslubu, fəndləri (pryomları) olur. Çox vaxtlar da bu xüsusiyyətlər yalnız həmin yazıçıya məxsus olur və əsəri oxuyan kimi müəllifini tanıya bilirsən. Arif Ərşadın da hekayələrində öz fəndlərinin olduğunu elə ilk hekayələrdən anlaya bildim. Əsərin əvvəlində sanki sözgəlişi deyilən sözlər və ya hadisə hekayənin sonunda mənanın açılması üçün bir körpü rolunu oynayır. İlk hekayələrdən bunu başa düşdüyüm üçün artıq sonrakı hekayələri oxuyanda hər cümləyə, hər hadisəyə diqqət yönəltməyə başladım ki, sonda hekayənin mənasını və ya son işlənən ifadənin mənasını daha yaxşı başa düşüm. Doğrusunu deyim ki, bu məndə çox böyük maraq yaratdı və hekayənin əvvəlində yazılan sətirlərin, baş verən hadisənin hekayənin sonunda nə ilə bitəcəyini səbirsizliklə gözləməyə başladım və bu vəziyyət məni həmin hekayəni maraqla oxumağa vadar edirdi. Düzünü desəm bunu çox uğurlu üslub kimi qiymətləndirirəm və hekayələrin maraqla oxunmasına bir vəsilə olduğu düşüncəsindəyəm. Məsələn, Yuxu hekayəsində əvvəldə emalatxanada ustanın qəzetdə oxuduğu bir məlumat barədə dediklərini sadə sözlər kimi başa düşmək olardı. Amma sonda görürsən ki, həmin sözlərə fikir vermədən, onları xatırlamadan nə sonra restoranda baş verən hadisənin, nə də uşağın yuxuda gördüyü yuxunun mənasını başa düşə bilməzsən. Və yaxud Gözlər yalan danışmır hekayəsində əgər qəhrəmanın uşağının 7 ayda anadan olmasına diqqət yetirməsən, sonda onun nəyə görə evə gedib arvadının düz gözlərinə baxmaq istədiyini başa düşə bilməzsən və sairə. Ona görə də belə hesab edirəm ki, Arif Ərşad maraqlı yazır, yazı üslubunu, yaradıcı fəndləri gözəl düşünüb və məhz bunlar onun hekayələrini oxunaqlı və maraqlı etmişdir.

 

Bir də əsas odur ki, bu hekayələr əsl hekayədir, yəni konkret hadisəni nəql edir. Bu zaman bu hekayənin sonu olmaya da bilər və yaxud sonu elə də maraqlı olmaz oxucu üçün. Əsas həmin hadisədir və bu hadisənin sonudur. Sonradan qəhrəmanların həyatı necə olacaq, bu artıq bu hekayənin mövzusu deyil, bu artıq, necə deyərlər, tamam başqa hekayənin mövzusudur. Həm də bu hekayələrin bir özəlliyi də var ki, sanki bunlar böyük bir romanın əvvəlidir, yəni bunun ardınca roman da yazmaq olar, serial da çəkmək olar. Amma əsas olan bu deyil, əsas olan yazıçının danışdığı hekayənin bitməsidir və son cümlə ilə yazıçının məhz bu hekayədə sizə danışmaq istədikləri bitir və qəhrəmanlarının sonrakı taleyi başqa yazıların və ya xəyalların mövzusudur. Bu mənada da Arifin hekayələri özünəməxsusluqla seçilir.

 

Düz 7 aydan sonra bu xoşbəxt cütlüyün gözəl bir qız körpəsi dünyaya gəldi. Əmralının dediyinə görə, körpənin 7 aylıq doğulmasına baxmayaraq, tam sağlam olaraq dünyaya gəlmişdi. Əmralıya da bunu körpənin həkimi söyləyibmiş.

 

(Gözlər yalan danışmır... hekayəsindən)

 

VI fəsil. Tanış üzlər, tanış səslər

 

Yazıçının qəhrəmanlarının hamısı bizə tanışdır. Sanki onların hamısını biz həyatda da tanıyırıq, hardasa görmüşük, eşitmişik. Onlar hamısı gündəlik həyatda rastlaşdığımız adamlardır. Hekayələrin həyatiliyi də elə bundan qaynaqlanır. Kənddəki kəndli də, ordakı xırda məmur da, şəhərdəki şəhərli də, hətta hər ay müdirin yanına gəlib əmək haqqı alırmış kimi öz haqqını alıb gedən qoca kişi də... Biz onların hamısını tanıyırıq və sanki yazıçı bizə onlar barəsində bilmədiyimiz, onların başına gələn hadisələri danışır və biz də gülməli olanına gülürük, ağlamalı olana da ağlayırıq, sonra isə özümüz də tanışlarımız haqqında eşitdiyimiz bu hadisəni tezliklə başqa tanışlarımıza danışmağa tələsirik. Hekayədəki qəhrəmanlarla tanış olduqca sanki öz tanışlarımızı görürük. Kənddən şəhərə gələn tələbəni də tanıyırıq, gecə yataqxanaya kitabxanadan gələn tələbəni də... Bir-biri ilə didişən, amma səmimi olaraq bir birini sevən ər-arvadları da öz yaxınlarımız kimi tanıyırıq. Bütün bunlar hekayə qəhrəmanlarını bizə doğma edir, hekayənin oxunmasını maraqlı edir və sanki tanışlarımız barədə bilmədiklərimizi bizə danışır. Bu mənada Arifin hekayələri şirindir, maraqlıdır, oxunaqlıdır.

 

Kim, Nadir? Onun adını çəkmə mənim yanımda... Konyakı qoydu qabağına, içdi, sonra mənim boynumu qucaqlayıb ağladı, elə paltarlı-paltarlı da yıxılıb divanda yatdı. Səhər durub gördüm ki, çıxıb gedib. O, lap ana uşağı imiş ki, elə bil şəhərdən kəndə xalasını görməyə gəlmişdi zalım oğlu...

 

(Tələbənin arzusu hekayəsindən)

 

SON...

 

Hamınızı bu kitabdakı hekayələri dinləməyə dəvət edirəm. Müəllif çox gözəl hekayələr danışır. Bax belə...

 

Azər SALEH

Azad Azərbaycan.- 2021.- 4 mart.-S.11.