Müstəqil Azərbaycan dövlətinin media quruculuğu salnaməsi

 

Tanınmış qələm sahibi, istedadlı şair-publisist, demokratik media quruculuğunun nüfuzlu rəhbərlərindən biri, Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyinin sədri Mədət Məmmədovun bu yaxınlarda Adiloğlu nəşriyyatında yüksək poliqrafik səviyyədə işıq üzü görmüş Dövlət və dördüncü hakimiyyət monoqrafiyası ölkənin media ictimaiyyətinə dəyərli töhfə, milli jurnalistika kitabxanamızı zənginləşdirən fundamental bir nəşrdir.

Azərbaycan milli jurnalistikasının müstəqillik dövrü inkişaf meyllərini, problem və uğurlarını əhatəli şəkildə əks etdirən bu ciddi araşdırma toplusunun ictimai-kulturoloji mündəricəsi, nəzəri-təcrübi qənaətləri barədə söz açmazdan əvvəl bildirim ki, demokratik cəmiyyət quruculuğunda azad medianın roluna tarixdə olduğu kimi, çağdaş dünyda da ciddi ictimai-siyasi önəm verilir. Söz azadlığının gerçəkləşməsi müstəqillik qazanmış xalqların həyatında daha zəruri amilə çevrilir. Bu baxımdan Azərbaycanda azad jurnalistikanın yaranması siyasi suverenliyin nəticəsi olduğu kimi, ölkəmizin müstəqil mediasının özü də demokratik dövlət quruculuğunda dördüncü hakimiyyət rolu oynayır.

Dövlət və dördüncü hakimiyyət, yaxud Hakimiyyət və media şəklində qəliblənmiş ictimai-siyasi tandem çağdaş dünyada insan hüquq və azadlıqlarının qədərincə təmin edilməsi baxımından zaman keçdikcə aktuallığını zərrə qədər itirməyən anlayışdır. Dünya birliyində layiqincə təmsil olunmağın əsas göstəricilərindən biri də məhz hər bir ölkədə dövlətlə media arasında münasibətlərin demokratik səviyyəsi sayılır. Təsadüfi deyil ki, keçmiş sovet məkanında yaranmış müstəqil dövlətlər Avropa Şurasına qəbul edilərkən qoyulan tələblər sırasında həmin ölkələrdə söz azadlığının gerçək vəziyyətinə, dövlət və media münasibətlərinin sivil normalara uyğunluğuna önəmli yer ayrılmışdı.

Və bu gün öyünclə xatırlayırıq ki, 2001-ci ildə Azərbaycan beynəlxalq aləmin bu nüfuzlu qurumuna qəbul edilərkən ümumi tələblər sırasında yer almış media azadlığının təmin edilməsi sahəsində gerçəkləşdirilmiş tədbirlər müzakirəsiz qəbul edilmişdi. Bu beynəlxalq miqyaslı uğurun qazanılmasında o zaman rəhbər icra mütəxəssisi olan, 20 il sonra isə milli jurnalistikamızın bu sıradan uğurlarına Dövlət və dördüncü hakimiyyət adlı kitabında öyünclə geniş yer ayırmış Mədət Məmədovun da önəmli xidməti olmuşdu.

Xatırladaq ki, Azərbaycan dövləti Avropa Şurasına qəbul edilərkən ölkəmizdə media azadlığı ilə bağlı tələbə əməl edilməsini təsdiqləyən arayışın yeganə müzakirəsiz qəbul edilən bölmə kimi qəbul edilməsində o zaman müvafiq sənədləri hazırlamış keçmiş Mətbuat və İnformasiya Nazirliyində bu işə rəhbərlik etmiş Kütləvi İnformasiya Vasitələri Baş İdarəsinin rəisi Mədət Məmmədovun yüksək nəzəri və təcrübi hazırlığı öz sözünü demişdi.

Dövlət və dördüncü hakimiyyət kimi diqqətçəkən və ictimai-siyasi tutumlu ad seçilmiş bu kitab barədə xronikal-siyasi və elmi-nəzəri mənbə kimi söz açmağa belə bir girişlə başlamağımız heç də təsadüfi deyil. Buna əsas verən amil kitab müəllifi Mədət Məmmədovun ictimai-siyasi həyatın dövlət və dördüncü hakimiyyət kimi ciddi və həssas sferasına dərindən bağlılığı, belə bir fundamental mövzuda kitaba müəllif olmaq səlahiyyətini peşəkar və nüfuzlu jurnalist kimi çoxillik fəaliyyəti ilə qazanmasıdır.

Əvvəla, Mədət müəllim ölkədə demokratik cəmiyyət quruculuğunun ilk onilliyində dövlətin mükəmməl media siyasətinin gerçəkləşdirilməsində təcrübəli mütəxəssis və bacarıqlı rəhbər kadr olduğunu sübuta yetirmişdir. İkincisi, o, sonrakı iki onillikdə mətbuatın fəaliyyətinin inzibati tənzimlənməsindən ictimai özünütənzimlənməsinə keçilməsi prosesinin uğurla davam etdirilməsində müstəqil jurnalist qurumu rəhbəri kimi yaxından iştirak etmişdir.

Onu da qeyd edək kimi, ölkəmizdə ümummilli lider Heydər Əliyevin formalaşdırdığı dövlət media siyasətinin ardıcıl icra edilməsində dövlət müstəqilliyinin ilk onilliyində fəaliyyət göstərmiş Mətbuat və İnformasiya Nazirliyində KİV baş idarəsinin rəhbərinin bacarığı, məsuliyyəti və təşəbbüskarlığı o illərdə dərc olunmuş və aktuallığına görə bu kitaba da daxil edilmiş mətbu yazılardan aydın görünür. Mədət Məmmədov son 18 ildə də Azərbaycan cəmiyyətində söz azadlığının təmin edilməsinin yeni səviyyəyə qaldırılması sahəsində ulu öndərin ən layiqli davamçısı Prezident İlham Əliyevin müəyyən etdiyi tədbirlərin həyata keçirilməsində də Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyinin sədri olaraq fəal iştirak etməkdədir.

Bütün bunlar təqdim olunan kitabı mövzu, ideya və mahiyyət baxımdan qısaca səciyyələndirmək üçün ciddi, tutarlı və rəngarəng bir fon yaradır. Bu nəşr ölkəmizdə dövlət və dördüncü hakimiyyət münasibətlərinin aktuallığını, gerçəkləşmə aspektlərini, ümumi mənzərəsini, uğurlu nəticələrini və qarşıda duran hədəflərini xronoloji baxımdan izləmək üçün yetərli nəzəri, təcrübi və hüquqi bilgiləri əhatə edir.

Kitabın Demokratik cəmiyyət və söz azadlığı adlı birinci bölməsində müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarını ali səviyyəyə qaldıran sivil dövlətin əsaslarının yaradılması ilə bağlı ümummilli lider Heydər Əliyevin gergəkləşdirdiyi tarixi tədbirlər silsiləsi, əvvəlki kommunist jurnalistikasından yeni azad mediaya ahəngdar və qısamüddətli transformasiyanın təmin edilməsi prosesi ciddi fakt və arqumentlər əsasında araşdırılır. Müəllif yeri gəldikcə ulu öndər Heydər Əliyevin hələ sovet dövründə Azərbaycana birinci rəhbərliyi zamanı kütləvi informasiya vasitələrində aşkarlığın artırılması, cəmiyyət həyatının mətbuatda və teleradioda doğru-düzgün işıqlandırılması üçün yaratdığı üstün şəraitin tarixi önəmindən də söz açır.

Beləliklə, milli jurnalistikamızın böyük hamisi və ölkə jurnalistlərinin ən yaxın dostu olduğunu Azərbaycana bir qərinəlik rəhbərliyi dövründə müstəsna liderlik fəaliyyəti və doğru sözə rəğbət nümunəsi ilə sübut etmiş Prezident Heydər Əliyevin yeni şəraitdə söz azdlığının ardıcıl bərqərar olması üçün gördüyü tarixi işlərin möhtəşəm mənzərəsi kitabda sistemli əksini tapıb. Müstəqil dövlətin media siyasətinin özülünü formalaşdırmış bu tədbirlər sırasında müəllif Azərbaycanda söz və mətbuat azdlığının tarixən ilk dəfə ulu öndərin rəhbərliyi ilə hazırlanmış Konstitusiyamızda layiqincə təsbit olunması, Prezident Heydər Əliyevin xüsusi fərmanı ilə KİV üzərində senzuranın ləğvi, ümummilli liderin rəhbərliyi və tövsiyələri ilə hazırlanmış KİV haqqında ilk demokrqatik qanunun qəbul edilməsi kimi fundamental əsasların şərhinə geniş yer ayırır.

Haqlı olaraq, bu nəşrdə Azərbaycanda senzuranın ləğvi jurnalistika və demokratik dəyərlər tariximizdə ilk cəsarətli addım kimi dəyərləndirilir. Müəllif bu hadisəni dünya səviyyəli siyasət və dövlət xadimi olduğunu dönə-dönə təsdiqləmiş Heydər Əliyevin Şərqdə ilk dəfə ölüm hökmünə son qoyması addımına bərabər tutur. Doğrudan da, ölüm hökmünün yasaqlanması insana bir dəfə verilmiş yaşamaq haqqının çoxəsrlik Azərbaycan tarixində ilk dəfə ən yüksək səviyyədə təsbit edilməsi idi.

Cəmiyyətdə sərbəst söz demək hüququ üzərində binadan mövcud olmuş dövlət nəzərətinin birdəfəlik aradan qaldırılması isə həqiqətin dara çəkilməsinə sivil cəmiyyətə layiq olmayan bir mənəvi cəza kimi son qoyulması demək oldu.

Mədət Məmmədov Azərbaycanda demokratik media quruculuğunun ilk illərinin canlı şahidi və fəal iştirakçısı kimi KİV-in sonrakı daha yüksək inkişafı mərhələsi ilə bağlı Ulu Öndərin böyük yolunun davamından da eyni həvəs və bələdliklə söhbət açmışdır. Bununla müəllif həmin alternativsiz siyasi xəttin modern davamçısı İlham Əliyevin milli jurnalistikamızın cəmiyyətin hərtərəfli tərəqqisi dövrünün tələblərinə uyğun inkişafına yönəlik məqsədyönlü tədbirlər silsiləsində hər bir addımının rolunu və önəmini qədərincə incələməyə nail olmuşdur.

Xatırladaq ki, 2003-cü ildə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə keçmiş sovet məkanında medianın ilk özünütənzimləmə qurumu olaraq Azərbaycan Mətbuat Şurası yaradılmışdı. Bununla yanaşı, Mədət Məmmədov canlı efir yayımında ümummilli maraqları təmin edən Teleradio Şurasının ərsəyə gəlməsini, KİV-ə dövlət dəstəyi konsepsiyasının hazırlanıb fəaliyyətə başlamasını da ciddi arqumentlərə əsaslandırmışdır. Müəllif Azərbaycan dövlətinin bu demokratik addımlarını Prezident İlham Əliyevin postsovet məkanda model media quruculuğunu gerçəkləşdirməsinin tarixi nailiyyəti kimi təqdim etmişdir.

Kitabın Media azadlığı və sosial məsuliyyət adlandırılan II bölümündə təcrübəli media qurucusu və eksperti olaraq Mədət Məmmədov əvvəlki hissədə irəli sürüb-əsaslandırdığı müddəa və qənaətlərin Azərbaycan mediasının gündəlik fəaliyyətində necə əksini tapmasına ayrı-ayrı dövrlərdə KİV-ə verdiyi açıqlamalarında, həmkarları ilə müsahibə-söhbətlərində söylədiyi mülahizələrlə aydınlıq gətirmişdir. Bu yazıların xronoloji ardıcıllıqla, eyni zamanda, günümüzün tələbləri baxımından topluya daxil edilməsi ölkəmizdə media azadlığının ümummilli səviyyədə zəruri sayılan sosial məsuliyyət anlayışı ilə necə uzlaşmasını yaxından izləməyə imkan yaradır.

Təqdir olunası bir məqam da ondan ibarətdir ki, Mədət Məmmədov kitaba daxil edilmiş elmi-nəzəri səciyyəli məqalələrində, eləcə də KİV-ə açıqlama və müsahibələrində Azərbaycan media quruculuğunun normativ-hüquqi bazasını təşkil edən rəsmi dövlət aktlarına və buna bərabər tutulan sənədlərə ardıcıl olaraq istinad etmişdir. Müəllif həmin materialların ən mühümlərini həmkarlarının və jurnalistika tarixi və nəzəriyyəsi ilə maraqlanan digər oxucuların da geniş istifadə etməsi üçün topluya daxil etmişdir. Bu sənədlər Azərbaycan prezidentləri Heydər Əliyevin və İlham Əliyevin imzaları ilə təsdiq olunmuş media qanunvericiliyi aktlarını, milli jurnalistika tariximizin əlamətdar hadisələri ilə bağlı fərman və sərəncamları, dövlət başçılarının KİV kollektivlərinə təbrik və müraciətlərindən örnəkləri, eləcə də jurnalistlərlə müxtəlif formatlı görüşlərində söylədikləri qiymətli mülahizələri əhatə edir.

Beləliklə, Dövlət və dördüncü hakimiyyət kitabı ehtiva etdiyi bu iki fundamental anlayışın Azərbaycan cəmiyyətində gerçəkləşməsi, dövlət və media münasibətlərinin sivil əsaslar üzərində qurulması prosesini əks etdirən samballı və dəyərli nəşrdir.

Müəllifin Azərbaycanda azad media quruculuğu barədə bu topluda yer almış nəzəri və praktik mülahizələri, ilk növbədə, jurnalistlərə ünvanlansa da, eyni zamanda, jurnalistika ilə sıx bağlı olan digər mütəxəssislər və oxucular üçün də gərəklidir.

Bütövlükdə isə Mədət Məmmədovun Dövlət və dördüncü hakimiyyət kitabı demokratik cəmiyyətdə azad, müstəqil medianın qoşa qütblərini əks etdirən iki fundamental anlayışın Azərbaycan gerçəkliyində dünya çapında qəbul edilən bir mövqe tutması prosesinə işıq salan ilk dəyərli nəşrlərdən biri sayılmağa layiqdir. İnanırıq ki, Dövlət və dördüncü hakimiyyət toplusu ölkəmizdə söz azadlığı prinsiplərinin bundan sonra da dərinləşməsi və yüksəlişi prosesinə yaradıcı stimul verəcəkdir.

 

Nizami CƏFƏROV

Azad Azərbaycan.- 2021.- 20 may. S. 5.