May nostaljisi...

(Esse)

 

Mayın özünəməxsus rəngi var. Bu ay yazın, yayın tam xüsusiyyətini daşıyır. Həm yazın ilıq, həm yayın isti halı duyulur bu ay (Əlbəttə, burada Bakının dəyişkən havasının da rolu var. Bölgələrdə bir qədər başqa cür duyulur may havası).

Vaxtilə, ötən sovet dönəmi illərində 1 May kimi həyatımızı rəngləyən bir don geyinirdi may. Ümumkütlə halında hər kəsin küçədə olması vacib idi. Hər kəs öz vətənpərvərlik borclarından birini küçədə ayaq üstə qalmaqla yerinə yetirməli idi həmin gün. Bu, vacib nəsnə idi.

Amma bunun bir ağırlığı da vardı; bayraq ağırlığı. Üzərində sovet rejiminin atributlarının əksini daşıyan al bayrağı daşımaq zərif qız uşaqları, I kurs tələbələrinin işi deyildi. Amma daşınırdı bu bayraq. Müəllimlərin öz işi vardı. Tələbələri səfərbər edib küçələrdə növbə ilə hərəkətə gətirmək kimi vacib bir işi.

Digər sahənin mütəxəssisləri tədbirdə fəal iştirak edib həmin günün ağırlığından canlarını qurtarmağa can atırdılar.

Bir sözlə, aləmin qarışıb məzhəbin itdiyi həmin günün qarışıqlığını nizama salan hüquq-mühafizə işçilərinin işi daha çox olurdu. İşin daha çoxu isə mülki geyimdə kütlənin içərilərinə girmiş xüsusi xidmət orqanları əməkdaşlarının həmin kütlənin arasından araqarışdıranları alaq otları kimi dənləmək olurdu. Axı, kimin həddi vardı ki, bayrağın ağırlığından tutmuş, günün ağırlığınadək olan ağır vəziyyətdən söz aça?!

Həmin günlər ötüb keçdi. Fəhlə-kəndli hökumətinin taxtının üstündə əyləşmiş dövlət ağır bayrağının ağırlığı ilə xalqları daha incitmir...

Sonralar, həmin dövlətin tör-töküntülərindən qalma mənfi hadisələr ürək ağrısı ilə yad edilirdi may ayında. 8 17-18 may tarixləri kimi. Şükürlər olsun ki, qəhrəman oğulların qanı-canı bahasına bu tarixləri şərəflə, üzüağ atlatdıq. Müstəqil dövlətimizin gücü, qüdrəti tarixi yenidən yazmağa yetdi. Xalqın qəddini əymiş ən böyük problemin həllində dövlət xalqının yanında oldu.

İndi may ayının ilıq təbəssümü Qarabağın kəndlərində, hər qarış torpağında duyulur. Səhərin şehli otları, ağacların tumurcuqları günəşi daha şövqlə salamlayır. Torpaqlarımızda gedən tikinti-quruculuq, bərpa işləri vaxtilə ağırlığını güclə daşıdığımız bayrağın qalıqlarından qalmış bərbad yurdları abad edir. Üç rəngli bayrağımız Qarabağımızın ən uca yüksəkliklərində vüqarla dalğalanır.

Elə bu yaxınlaradək ümidi az qala qırılıb tamamən puça çıxmış olan həmvətənlərimizin xəyalları artıq gerçək həqiqətdir. Vaxt gələcək ki, torpaqlarımızı azad edəcəyik! deyə hayqıran vətən oğullarının arzuları artıq real, əlçatandır! O gün, o vaxt gəlib çatdı, insan illərlə həsrətini çəkdiyi doğma ocağını nəhayət, azad gördü. O vaxt da gələcək ki, Qarabağın düzü var, düzlərində quzu var deyən nəğməli dillər orada dil-dil ötəcək. Yurddaşlarımız yurd yerlərində, laləli dağların döşündə qayğısız gəzib-dolaşacaq. Qızlar yenə dəstə-dəstə gül-çiçək yığmağa yollanacaq, qoyun-quzu sürüləri baş alıb gedəcək, düşmən tapdağından, əsarətindən qurtulmuş torpaqlarımızın doğma qoxusu burnumuzu qıcıqlandıracaq, gözlərimizi yaşardacaq...

Mayın unudulmaz bir tarixi var: 8-18 tarixləri arasında köhnə yer tutmuş 9 may Qələbə günü. Əlbəttə, 8-18 sınıq may tarixləri Böyük, Möhtəşəm Qələbə ilə yuyuldu, təmizləndi, arxivləndi. 9 May tarixi isə xalqların faşizm üzərində qələbəsi kimi yaddaşlardadır.

Faşist elə faşistdir. Faşizm üzərində qazanılan qələbə möhtəşəmdir. Lakin bizim tarixi qələbəmizin özəlliyi həm ondadır ki, öz ölkəmizdə, öz dövlətimizlə, öz xalqımızla ilk Böyük Zəfər sevincini daddıq. Hansısa böyük, beynəlmiləl bir dövlətin tərkibində qalib olaraq faşizmin məğlubiyyət tarixini qeyd edən sıravi vətəndaşın indi başı üzərində dalğalanan bayrağı onu daha məğrur edir. Erməni faşizmi üzərindəki möhtəşəm tarixi qələbə bütün dünyaya xalqımızın öz müqəddəratını özünün həll edə bilməsi əzmini sübut etdi.

Bu qələbə may ayından artıq xeyli əvvəl qazanılıb.

Bu ayın həm Ramazan ətirli açılan hər ilıq səhəri məhz tarixi anların davamıdır. Xalqımızın yurd sıxıntılarından qurtardığı ilk may ayıdır. İlıq nəfəsi ilə barlı-bərəkətli Qarabağ torpağına tumar çəkən ilk may...

 

Zeynəb ƏLİYQIZI

Azad Azərbaycan.- 2021.- 18 may. S. 5.