Sabir Rüstəmxanlı fenomeni  ya zəmanəmizin Zərdüşt atası

 

Xalq şairi, millət vəkili, dəyərli ziyalı Sabir Rüstəmxanlını65 illik yubileyinə

 

Onunla hər dəfə görüşəndə, söhbət eləyəndə, təmasda olanda, nə üçünsə mənə elə gəlir ki, neçə-neçə əsrlər, qərinələr geri qayıdıb, qarşımda Sabir Rüstəmxanlını yox, Ulu Zərdüşt atanı görürəm. Bir vaxtlar tamaşaya hazırladığımız, Zərdüşt ata, Sabir Rüstəmxanlının “Uzaq əsrlərin həqiqəti” pyesində el-el, oba-oba gəzərək, əllərini göyə qaldırıb imdad, kömək diləyərək deyirdi:

— EyUlu Tanrı. Bu milləti birləşdirmək üçün yol göstər mənə. Yol göstər, mənə anlat, ən yaxşı həyatın özülü necə qoyulacaq? Ədalət necə qalib gələcək? Zülmkar hakimlərə xalqı sevməyi necə öyrədim? İnsanı yalanla idarə eləyənləri düz yola necə çağırım? Hara qaçım əyriliyin, namərdliyin, nadanlığın əlindən? Dözüm ver mənə... Yol göstər... Ey millətim, mən düzlük carçısı olduğumdan, Sizi hökmdardan qorxmamağa, düzlüyə, birliyə çağırıram. Bilin ki, milləti dörd amal millət edər: BİRLİYİ, QEYRƏTİ, QÜDRƏTİ, MƏDƏNİYYƏTİ...

Cəmi 24 yaşında yazdığı “Uzaq əsrlərin həqiqəti” pyesinin baş qəhrəmanı Zərdüşt ata – Sabir Rüstəmxanlı özü idi. Axı elə həmin yaşlarından Sabir Rüstəmxanlı, Doğudan Batıya qədər ölkə-ölkə, oba-oba bütün Türk məmləkətlərini gəzərək, türkləri birliyə, həmrəyliyə çağırır. Cismən bizdən ayrılıb, torpağa qovuşan, dünyasını dəyişən Zərdüşt atanın, Zərdüşt peyğəmbərin ruhu, bizim əsrdə mən belə başa düşürəm ki, Sabir Rüstəmxanlıda yaşayır. Bu ruh “Ömür kitabı” ilə ömrümüzdən keçən Vətəni, Vətən torpaqlarını axtarır... Zərdüşt ata, təkcə öz ömrünü yox, Sabir Rüstəmxanlı ilə yeni bir ömür yaşayır... Monqolustanda 1300 il bundan qabaqkı ilk yazılı ədəbiyyatımızın, Orxon-Yenisey abidələrində kökünü axtarır. “Tanrı” sözünün, “Türk” “Yer” sözünün, “Oğuz” “Bəy” sözünün ilk dəfə daşa köçürülmüş incilərini oxuyaraq, gündoğandan, günbatana qədər olan ərazidə türk millətləri ilə, türk xalqları ilə çörək kəsir, onlarla yol yoldaşı olur Sabir Rüstəmxanlı. Onları HƏMRƏYLİYƏ, TÜRK XALQLARININ BİRLİYİNƏ çağırır...

yenidən özü boyda bir ocaq olan Azərbaycana dönür. O, bilir ki, bu ocaqda çoxlu həqiqət közü yatır. O, bilir ki, bu millətin tarixi həqiqətlərinə saysız-hesabsız alabəzək, qara pərdələr çəkilib. Əsl həqiqət isə yadellilərin, işğalçıların öz millətinin qanına susamış, onu kölə etmək istəyən, ona tarix boyu zülm eləyən, həqiqəti deməyə imkan verməyən qəddar hökmdarların, onların qulbeçələrinin qılıncları, top – tüfəngləri ilə doğranıb, ayaqlar altında didik – didik, parça-parça olub, külü göyə sovrulub...

Sabir Rüstəmxanlı – Zərdüşt ata, uzun illərdir ki, dünya boyda sonsuzluğa səpələnmiş tikə-tikə, parça-parça olmuş Azərbaycan adlı bir kitabın qırıntılarını, böyük səbrlə, dözümlə toplayaraq, vərəq-vərəq yapışdırıb, bu millətin “Ömür kitabı”nı yazır. Hər əsərində, hər şeirində, hər çıxışında.

Tarix dəllalları ilə vuruşa-vuruşa bu millətə öz dədə-babasını, öz kökünü tanıdır. Öz keçmiş həqiqətlərini, əsl tarixini bilməkdə köməklik eləyir. Özü heç bir tarixi sənədə xəyanət eləmədən, həqiqəti olduğu kimi göstərir, yazır, deyir. Bu milləti özünə tanıtdırır.

Sabir Rüstəmxanlı – Zərdüşt ata, oba-oba, el-el gəzərək türkləri Qan yaddaşını unutmamağa çağırır. Bunun üçünsə, milləti HƏMRƏYLİYƏ, BİRLİYƏ çağıraraq, Ulu Tanrıdan kömək diləyir. Gözü qarşısında baş verən haqsızlıqları, tayfabazlığı, qəddarlığı, qanunsuzluğu, xalq malının talan edilməsini gördükdə bu dərdlərdən qurtulmaq üçün ürək ağrısı ilə belə deyir:

 

Yolsuz zirvəyolsuz dərə,

Ümid olub yol bizlərə,

Allah mənə yol göstərə,

Bu dərdlərdən qaça biləm...

 

Bu dərdlərdən qaça bilməyən Sabir Rüstəmxanlı – Zərdüşt ata, oba-oba, el-el gəzərək, dərdlər, ələmlər içərisində bu millətin adından üsyan eləyərək deyir:

 

Yurdun sərvətini talayan alçaq,

Onsuz da erməni talayır bizi.

Niyə od vurursan ürəyimizə,

Dərd öz ocağında qalayır bizi.

Rüşvət məzənnəni qovzama belə,

Haramı fikrimə qazıma belə,

Qardaşın qanına susama belə,

Ya çıx qardaşlıqdan, al ayır bizi.

Bu  vurhavurdubu  qazancdı?

Millətin didərginmillətin acdı,

Pul hansı hikməti üzünə açdı,

Nadanlıq qurd olub dalayır bizi.

 

Bu gün gözümüzün qarşısında baş verən, bizi də öz qazanlarında qaynadan, milləti məhvə sürükləyən nadanları, quldurları, qəddarları görən böyük şair-filosof, millətin tarix boyu deyə bilmədiyi dərdlərini, meydanlardan, dövlətin ən mötəbər tədbirlərində, Milli Məclisin xitabət kürsülərindən uca, aydın səslə, dərin ağılla, məntiqli fikirlərlə deyən böyük siyasətçi, millət vəkili Sabir Rüstəmxanlı – Zərdüşt ata, hamımızı, dünyaya səpələnmiş bütün Azəri türklərini – Vətənini, millətini, torpağını təmənnasız sevən insanların ətrafında toplaşmağa, birləşməyə çağırır...

Əgər biz millətiksəəgər biz Qan yaddaşımızı unutmamışıqsa, biz yenidən torpaqlarımızın birləşməyini, millətin bir olmasını, gələcək nicatımızı istəyiriksə, balalarımızın xoş gələcəyini istəyiriksə, gəlin onun VƏTƏNDAŞ HƏMRƏYLİYİ çağırışını eşidək. Sabir Rüstəmxanlı – Zərdüşt atanın fikirlərini, istəklərini, ali məqsədini dəstəkləyək və millətin birliyinə, birləşməsinə çalışaq. Bu müqəddəs yolda mübarizə aparaq. Onunla birlikdə deyək:

— Bu yurd düzlük carçılarının, yaxşılıq oduna bürünmüş kişilərin VƏTƏNİDİR. Babalarımızın ən qədim andı Günəş idi. Oda iman gətirmək idi. Biz düzlük carçısı olan Sizə iman gətirərək, istəyirik ki, odumuz yansın, çörəyimiz olsun, işığımız gəlsin, ocağımız sönməsin. Onu bilin ki, bu millətin ocağını söndürmək istəyənlərin cəzasını yalnız biz, birlikdə verə bilərik. Ona görə bizim milli birliyimiz lazımdır. Hökmən lazımdır. Milli birliyimiz olmalıdır. Milli birliyi olmayan xalqı, tarixlər boyu parçalayıb, kölə ediblər. Əsarətdə saxlayıblar. Hər bir millətin böyüklüyü, qüdrəti onun milli birliyindədir.

Bu sözlərlə ətrafında toplaşmış insan axınının, insan selinin qarşısında, Azadlıq meydanının ən uca zirvəsində dayanan Sabir Rüstəmxanlı – Zərdüşt ata, onunla həmrəy, həmfikir olan, milyonlarla qan qardaşlarına, can qardaşlarına, vətənini sevən kişilərinə rəğbətlə baxaraq deyir:

— Mənim xalqımın əxlaqı üç sözlə, üç müqəddəsliklə ifadə olunur: Xeyirxah fikir. Xeyirxah söz. Xeyirxah əməl. Biz insan kimi bütöv olmalıyıq. Düşüncəmizlə əməlimiz, sözümüzlə işimiz arasında ayrılıq olmamalıdır. Biz ruhu, qəlbi azad olan adamları sevmişik. Əgər bizim ruhumuz, qəlbimiz azad ola bilsə, əgər biz qəlbimizdən dahi Əfzələddin Xaqaninin dediyi on şeyi – haram, qeybət, kin, paxıllıq, tamah, yalan, riya, həsəd, ədavət və kələyi ata bilsək onda birləşə bilərik. Bir yumruq ola bilərik. Zərdüşt peyğəmbər deyən kimi: “Qoy insan düzlük, paklıq carçısı olsun”.

Onun sözlərinin axırıncı cümləsini bura toplaşan insan seli, insan axını təkrar eləyək deyir:

— Qoy insan düzlük, paklıq carçısı olsun!

Bu sözlər elə ucadan səslənir ki, Azadlıq meydanı lərzəyə gəlir. Vulkan kimi püskürür...

Ürəyimdə, daxilimdə, beynimdə bir inam yaranır. Özzümə deyirəm:

— Əgər bu millət bütün kini, küdurəti, cılız hissləri, tayfabazlığı, yerlibazlığı, mənəm-mənəmliyi bir kənara atmaq istəsə birləşə bilər. Keçmiş tariximizdən ibrət dərsi götürüb, birləşə bilər. Və nə qədər ki, birliyimiz olmayacaq, bax beləcə torpağımız, millətimiz, dilimiz, Vətənimiz parçalana-parçalana gedəcək... Əgər belə olsa, belə getsə yer üzündən Azərbaycan adlı bərəkətli, cənnətməkan bir məmləkətin adı silinəcək. Çünki 4 milyon 500 min kv.km torpağı olan bu məmləkətin 86,6 min kvadrat kilometr torpağı qalıb. Onun da 20 faizi erməni tapdağı altındadır.

 

 

Ağalar İDRİSOĞLU

 

Azad Azərbvaycan.- 2021.- 21 may.- S.20