Mərdlərə şöhrət halaldır:

Asif kimi oğullarla öyünməyə dəyər

 

Müqəddəs Vətən torpaqlarının mənfur erməni dığalarından azad olunması uğrunda Şanlı Ordumuzun apardığı zəfər döyüşlərində Asif Tağıyev də qəhrəmanlıqla vuruşub. Döyüşə-döyüşə Ulu yurdun hər qarışına can qoyan qeyrətli oğullardan olub. Məqamında ürəkdən bağlandığı Vətənə sipər durub ki, o, bir daha yağı hiyləsindən əziyyət çəkməsin.

Asif Tağıyev Astara rayonunun Siyatük kəndində doğulub. Torpaq sevgisi, Vətən sədaqəti bu füsunkar təbiətə malik, zəngin keçmişi olan, illərin səfində ocaq-ocaq artan yurd yerində yaşayan insanların qanına, canına hopub. Asifdə də. Orta məktəbi bitirəndə artıq onun hörməti-izzəti el-obada bilinir.

2012-ci ildə həqiqi hərbi xidmətə yola düşüb. Dövlət Sərhəd Xidmətində Vətən qarşısında müqəddəs borcunu yerinə yetirib. O zaman çevik alayda təminatçı vəzifəsini icra edib. 2014-cü ildən müddətdən artıq hərbi xidmətə başlayan hərbçi 3 il kəşfiyyatçı, 2018-ci ildən isə rabitəçi kimi xidmət göstərib.

Dığaların min fitnə-fəsadını görən Asif Vətən müharibəsi başlananda ilk ağır zərbəni onlara Füzuli istiqamətində gedən cəbhə xəttində vurur. Qəlbində düşməndən intiqam, qisas almaq alovu get-gedə güclənir. Daha sonra Cəbrayıl, Hadrut, Şuşa, Daşaltı vuruşlarının qəhrəmanı olur. Şuşada əlbəyaxa döyüşlərdə xüsusi igidlik göstərir. Burada düşmənin açdığı artilleriya atəşi nəticəsində baş nahiyyəsindən yaralanır. Ağır kəllə-beyin travması alan hərbçi 4-5 gün komada yatır. Asif xəstəxanada olanda ordumuz dığaların axırına çıxır və ağır döyüşlər başa çatır. Azərbaycanın üçrəngli ay-ulduzlu qələbə bayrağı Qarabağın hər qarışında dalğalanır. Sevinci bir dünya olan igid Vətən oğlu ürəyindən keçirir ki, kaş bu zəfər xəbəri döyüş meydanında eşidəydim.

Bəli, Asif kimi cəsur, fədakar, həyatının mənasını vətənə ləyaqətli xidmətdə görən insanlarla öyünməyə dəyər. Dövləti-varı öz daşında, divarında görən, qoynunda dünyaya gəldiyi torpağın qürurunu uca tutan igiddir Asif. Belə yurdsevər oğullara ad-san gözəl yaraşır. Dahi Nizaminin sözləri ilə desək mərdlərə halaldır şöhrət. Onların qəlbi geniş, ömrü xalqa bağlı olur...

Onu da bildirim ki, Asifin kiçik qardaşı Ramid də hərbçidir. Hazırda Şuşada xidmətdədir.

 

Zəfər ORUCOĞLU

 

Azad Azərbaycan.- 2021.- 26 yanvar.- S.4.