Bir ömrün qəhrəmanlıq dastanı

 

2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi Ordumuzun Şanlı zəfəri ilə başa çatdı. Bununla da xalqımız 30 il həsrətini çəkdiyi doğma torpaqlarına qovuşdu. 44 gün çəkən müharibədə azğın erməni dığalarına qarşı rəşadətlə vuruşan, müqəddəs şəhidlik zirvəsinə ucalan yüzlərlə damarlarında qaynayan qızıl qandan torpaq eşqi, ana mehri duyulan, başında qeyrət sevdası yuvalanan Vətən oğlanlarından biriİbrahim Rükabzadə idi.

Qolu güclü, ürəyi geniş yurdsevər igidin Qarabağın azadlığı naminə göstərdiyi mərdlik, cəsarət indi millətin dilində qəhrəmanlıq dastanına dönüb. Böyüyüb boya-başa çatdığı Masallı rayonunun Boradigah qəsəbəsində hamı İbrahimi doğma, əziz bir adam, elin ləyaqətli oğlu kimi qəlbində yaşadır, yurdun şərəfli günlərində böyük ehtiramla xatırlayır. Onun yadigar qoyduğu əməllərdən pay götürə- götürə Vətənə, torpağa daha da ürəkdən bağlanırlar. İbrahim 20 yaşında adını zəngin keçmişə malik bir xalqın qəhrəmanlıq tarixinə yazmaqla bərabər, onun vətən qarşısında xidmətləri dövlət tərəfindən öz yüksək qiymətini almışdır. O, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Əsl azərbaycanlı adət-ənənələri üzərində qərar tutan saf ailə mühitində tərbiyə alan İbrahim yetkinlik yaşına çatanda sağlam əqidəli, xalqa, dövlətə sədaqətli bir gənc kimi el-obanın ürəyinə yol tapır. Müstəqil addımlarını atan gündən xeyirxahlıq etmək, insanlara gərəkli yaşamaq onun həyat amalına dönür. Yaratdığı hər şey, gördüyü bütün işləri gözəl alınır. Rahatlığını pozan təkcə erməni dığaların Azərbaycana qarşı əsassız ərazi iddiaları olur. Məhz buna görə də 2019-cu ildə həqiqi hərbi xidmətə nəyin bahasına olursa-olsun Vətən torpaqlarının mənfur düşmən tapdağından azad görmək istəyi ilə düşür.

Hərbi hissədə İbrahimin iliyindəki qeyrət hissini, mərdliyini, doğma yurduna təmənnasız xidmətini nümunə götürürlər. İgid əsgər gecə-gündüz Qarabağın azad olunacaq gününü düşünür. Bu məqsəd naminə hərbi təlimlərdə sözün əsl mənasında can qoyur. Sinəsini Vətənə sipər edən günü hər an gözləyir. Daha möhtəşəm döyüş üçün Xüsusi Təyinatlı Qüvvələrə qoşulur...

Fəqət, sentyabrın 27-də Vətən müharibəsinin başlaması İbrahimə həqiqi qəhrəman olduğunu göstərməyə sanki bir şans verdi. O, da bunu 25 gün ərzində torpaq uğrunda axıtdığı qızıl qanı ilə tam sübut etdi. Qarabağa susayan yağı düşmənlə qeyri-bərabər döyüşlərdə son nəfəsinə kimi fədakarcasına mübarizə aparır. Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Xocavəndin alınmasında xüsusi hünər göstərir…

21 oktyabrda isə Xocavənddə düşmən gülləsinə tuş gələndə “Vətən” deyib əbədi gözlərini yumur qəhrəman əsgərimiz. Ürəkdən sevirdi öz Vətənini və Vətəni yolunda həyatı bahasına çox oddan-alovdan rəşadətlə keçdi. Elə yaşamağı da onun üçün idi. Məhz buna görə də ömrü qısa olsa da, adı Vətənin qəhrəmanlıq salnaməsinə əbədi yazıldı.

 

Zəfər ORUCOĞLU

 

Azad Azərbaycan.- 2021.- 28 yanvar.- S.5.