O, əsl ziyalı idi

 

(Elegiya)

 

İndiki zəmanədə əsl ziyalı kimi qalmaq, yeri gələndə sözünü üzə demək və hər bir adamın dərdinə, sərinə yanmaq, bacardığın kimi hamıya kömək etmək hər insana nəsib olmur bu həyatda. Bunu yalnız böyük ziyalılar bacarır.

Bax, belə əsl sülh tərəfdarı olan ziyalılardan biri idi Məmmədəli müəllim. Onu tanıdığım 40 ildən artıq bir müddətdə belə görmüşdüm. O, heç bir insan haqqında mənfi heç nə demirdi. Hətta o adamın günahı olsa belə. Həm də bacardığı qədər küsülüləri barışdırır və əsl ağsaqqal kimi hamıya öyüd-nəsihət verirdi.

Atalar sözlərindən, dahi insanların fikirlərindən elə ustalıqla istifadə edirdi ki, qarşısında olan adam, istəsə də, istəməsə də ona diqqətlə qulaq asıb, onun nəsihətindən özü üçün lazım olanı götürürdü…

Bəzi adamlar var ki, onlara puluna, böyük nəsil olmasına, vəzifəsinə görə hörmət edirlər. Amma çox az insan var ki, ona ağlına, tərbiyəsinə, insanlara olan diqqətinə, hamının dərdinə şərik çıxmasına, yaxşı ailə başçısı olmasına və yaxşı övladlar böyütməsinə görə hörmət edirlər. Bax, Məmmədəli müəllim də belə insanlardan idi. O, nümunəvi ailə başçısı olmaqla, Azərbaycan dövlətinə, dövlətçiliyinə layiq, ziyalı övladlar da böyüdüb. Bu yəqin ki, kökdən gəlirdi. Onun atası Hacıağa kişi və nəsli də Cənub bölgəsində sayılıb-seçilənlərdən idi. Onlar ailədə 6 qardaş və 3 bacı çox mehriban böyümüşdülər. Qardaşı Məmmədhüseyn mənim orta məktəb yoldaşım olub. Bu gün də bir ziyalı kimi Masallıda sayılıb-seçilən insanlardandır.

Məmmədəli Hacıağa oğlu Məmmədov 1946-cı ilin sentyabr ayının 14-də Masallı rayonunun Kosakül kəndində anadan olmuşdu. Bu kənd, bir vaxtlar Azərbaycanın Cənub bölgəsində olan məşhur Camu-Cəm şəhərinin yerində salınmışdı. Belə ki, eramızın əvvəllərində Viləş çayının sağ və sol sahilində olan bu şəhər zəlzələ, şiddətli döyüşlər nəticəsində dağılmış və sonralar çayın bir sahilində Kosakül və o biri sahilində Banbaşı kəndləri salınmışdı. Məmmədəli də Kosakül 8 illik məktəbini bitirəndən sonra orta təhsilini həmin vaxtlar Masallının ən böyük təhsil ocağı sayılan Nəriman Nərimanov adına 2 nömrəli orta məktəbdə almışdı. Hələ məktəbdə oxuduğu illərdə riyaziyyata meyli çox olduğundan Məmmədəli Məmmədov Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olmuş və sonra ali təhsilli müəllim kimi təyinatla Sumqayıta göndərilmişdi. O, ilk əmək fəaliyyətinə buradakı 3 nömrəli mətktəbdə başlamışdı. Sonra onu Sumqayıt şəhər 7 nömrəli tam orta məktəbə direktor müavini vəzifəsinə göndərmişdilər. Bir müddət burada işləyəndən sonra Məmmədəli müəllimin təkcə yaxşı riyaziyyat müəllimi yox, həm də yaxşı təşkilatçı olduğunu görüb, onu Sumqayıt Təhsil şöbəsinə metodist və sonra ispektor vəzifəsinə təyin etdilər. O, bu vəzifədə işlədiyi illərdə Sumqayıt məktəblərində riyaziyyat fənninin yüksək səviyyədə tədrisi üçün böyük işlər görmüşdü.

1999-cu ilin əvvəlində Sumqayıt şəhər 8 nömrəli məktəbdə əl qumbarasının partlaması nəticəsində faciə baş vermişdi. Bunun nəticəsində hətta bir neçə adam da vəfat etmişdi. Həmin vaxtı məktəb direktoru işdən uzaqlaşdırılmış və bir neçə müəllim də cəzalandırılmışdı. Elə bu vaxtı Sumqayıt şəhər İcra Hakimiyyəti və Təhsil şöbəsi bu məktəbdə təlim-tərbiyəni bərpa etmək, təhsil sistemini yaxşılaşdırmaq üçün Məmmədəli Məmmədovu direktor əvəzi kimi ora göndərmişdilər. Bir il burada işlədiyi dövrdə bu məktəbdə çox böyük işlər görüb, məktəbi şəhərin ən aparıcı təhsil müəssisələrindən biri etdiyinə görə Məmmədəli müəllimi həmin məktəbə direktor təyin etmişdilər. Bu məktəb Sumqayıtın Kattej deyilən qəsəbəsində yerləşirdi. Həmin dövrdə şagirdlərin çoxu məktəbə gəlmirdilər. Amma Məmmədəli müəllim bir ilin içərisində valideynlərlə apardığı söhbətlərin nəticəsində dərsə davamiyyəti bərpa etmiş və bu məktəbi bitirən şagirdlərin çoxu ali məktəblərə qəbul olmuşdular. Həmin vaxtlar onun yüksək səbrinə, dərin ağlına hamı heyran olurdu.

Məmmədəli müəllim 2011-ci ilə kimi çox böyük uğurla bu məktəbə rəhbərlik etmişdi. O vaxt Sumqayıt ziyalıları fikirləşirdilər ki, Məmmədəli Məmmədovun bu xidmətlərinə görə ona “Əməkdar müəllim” fəxri adı veriləcək. Amma onu “yaş senzinə” görə həmin ilin noyabr ayında işdən azad elədilər… Özü də təkcə onu yox, başqa 11 məktəb direktorunu və yüzdən artıq müəllimi də “yaş senzinə” görə işdən kənarlaşdırdılar. Özü də elə məktəb direktorlarını hansılar ki, Sumqayıt təhsili üçün əvəzsiz işlər görmüşdülər. Bunlardan - Əməkdar müəllimlər Minara Tahirova, Lətifə Cabbarova, Zakir Əliyev və yüksək təşkilatçı insanlar olan Məmmədəli Məmmədov, Sevil Kamilova, Nazim Yusifov və başqalarının rəhbərlik etdiyi məktəblər təkcə Sumqayıtda yox, respublikada məşhur idi…

Məmmədəli müəllim ona olan bu haqsızlıqdan heç vaxt şikayətlənmədi. Həmişə olduğu kimi özünü ağayana apardı. Sumqayıt təhsili üçün əvəzsiz işlər gördüyünə görə hamı tərəfindən sevildi və həmişə də yaxşı qarşılandı. Bir vaxtlar direktoru olduğu 8 nömrəli tam orta məktəbin rəhbərliyi və müəllim heyəti tez-tez ona zəng vurub, məsləhətlərini alırdılar…

İşdən çıxandan sonra o, özünü bütövlükdə övladlarına, nəvələrinə həsr elədi və Sumqayıtda, Masallıda keçirilən bir çox tədbirlərdə yaxından iştirak edirdi. Onun yaşamağa həvəsi çox böyük idi. Amma 2015-ci ilin avqust ayının 19-da həyat yoldaşı Ruhəngiz xanım dünyasını dəyişəndən sonra Məmmədəli müəllim elə bil ki, sındı. Doğrudan da düz deyirlər ki, həyat yoldaşını itirən kişilər yetim qalırlar. Onlar bununla sanki barışa bilmirlər…

Məmmədəli müəllim də, həyat yoldaşı Ruhəngiz xanımın həsrəti ilə yanvar ayının 14-də - həyatının 75-ci yaşında haqq dünyasına qovuşdu…

Əsl pedaqoq, təhsil üçün əvəzsiz işlər görən Məmmədəli müəllimin yoxluğuna dözə bilməyənlərdən biri də uzun illər onunla dostluq etdiyi qonşusu, Azərbaycan poeziyasında əvəzsiz xidmətləri olan şair, Əməkdar mədəniyyət işçisi, Prezidentin Fəxri təqaüdçüsü Əşrəf Veysəllidir. O, Məmmədəli Məmmədova bir şeir də həsr eləyib. Bu elegiyanı da məhz Əşrəf Veysəllinin həmin şeiri ilə tamamlayıram:

 

Bu da son…Günahım varsa da, əfv et.

Bir bayatı çağır, sinəmi dağla.

Məni oğlanlarım əliylə dəfn et,

Məni nəvələrim diliylə ağla.

Harda məhəbbətlə adımı çəksən,

Orda varlığımı hiss edəcəksən.

Qəbrimin üstündə bir ağac əksən,

Ölməyən ruhumu hifz edəcəksən.

 

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

 

Azad Azərbaycan.- 2021.- 28 yanvar.- S.11.