Mənəvi yardımçı, mənəvi dəstəkçi

   

(Əvvəli ötən saylarımızda)

 

Vətən məbəddir, səcdəgahdır, qiblləgahdır Şah İsmayıl Xətaiyə. Pərvanəsi – divanəsidir Şah İsmayıl Xətai o müqəddəs od-ocağın, qucağında dahilər, sərkərdələr böyüdən o ulu torpağın. Keşikçisidir, qarovulçusudur, yorulmadan ətrafında at cövlan elətdirəndir Şah İsmayıl Xətai Azərbaycanın - o başı bəlalar çəkmiş, köksü çalın-çarpaz dağlanmış o ağsaçlı Ananın. Yurd sevgisini, Vətən doğmalığını kiçik İsmayılın ruhuna İstar həbsxanasında anası Aləmşah bəyim və xidmətçiləri Səkinə nənə zərrə-zərrə, damcı-damcı hopdurmuşdular. Hordurmuşdular mahnı-nəğmələriylə, gəraylı-bayatılarıyla. Vətən bu mənəvi sərvətlərin gücüylə köçmüşdür İsmayılın canına-qanına, hissinə-həyəcanına. Köçmüşdür Vətən İsmayılın ruhuna, atəşinə-oduna dağları-daşlarıyla, mərd-mübariz vətəndaşlarıyla, ucsuz-bucaqsız çölləriylə, sonaları çığrışan gölləriylə. Vətən kök atırdı Xətainin içində ana dilinin şirin-şəkər sözləriylə, mərd-mərdanə kəlmələriylə, ozanların durnaboğaz sazlarıyla, xanəndə və musiqarların xoş avazlarıyla, türk tayfalarının bir-birindən musiqili-ahəngdar dilləriylə. Belə bir ilahi aləmdə böyüyürdü Xətai, böyüdükcə vətənləşirdi Xətai, bütünləşirdi Xətai, sərkərdələşirdi Xətai və anası Aləmşah bəyimə söz verirdi Xətai: “Ana ! Sənə söz verirəm. Mən böyüyəndə babalarımın, atam Şeyx Heydərin arzularını çin eləyib, bu müharibələrə son qoyacağam. Ağqoyunluları birləşdirəcəm” (II epizod, səh. 357).

Zaman keçdikcə Şah İsmayıl Xətai daha böyük amal uğrunda çarpışmağı qərarlaşdırır: “And olsun ulu babamız Oğuz xanın müqəddəs ruhuna, babamın, atamın, qardaşlarımın... sümüklərinin qarışdığı bu müqəddəs torpağa ki, ey Vətənim, güclə də olsa, döyüşə-döyüşə də olsa, səni yalnız irəliyə aparacam! Mən sənin itmiş adını, itmiş qüdrətini, əldən getmiş torpaqlarını özünə qaytaracam. And içirəm! Çünki Vətən iman əsəridir. Torpağı yadelli qəsbkarların əsarətində olan millətin imanı həmişə əsarətdə olar” (XI epizod, səh. 392). Məhz buna görə də Şah İsmayıl Sultan Səlimlə savaşa başlamazdan əvvəl saray rəssamı Sultan Məhəmmədə, el sənətkarı Səfər Təbrizliyə, saray şairi Həbibiyə keşiyində ayıq-sayıq dayandığı Vətəni, bu Vətənin doğma dilini, bir də Vətən vicdanını qorumağı vəsiyyət edir. Çünki bu üç müqəddəsdən biri olmayanda insan insanlığını, yurddaş vətəndaşlığını, heysiyyət və mənəviyyatını itirir, insan çevrilir qula-köləyə, nökərə - lakeyə: “Bu döyüş mənim bu vaxta qədər keçirdiyim döyüşlərinən ağırı olacaq. Mən bu döyüşdə şəhid də ola bilərəm. Ona görə də müdrik əcdadlarımızdan miras qalan üç müqəddəs şeyi sizə vəsiyyət eləyirəm: Ana dilimizi, Vicdanımızı, Vətənimizi. Onları göz bəbəyi kimi qorumalısınız. Bilin ki, öz ana dili, Vətəni olmayan xalq gec-tez vicdanını da itirib həmişəlik köləyə çevrilər. Bu sözləri yazıb gələcək nəsillərə çatdırmalısınız”. (XXIV epizod, səh. 448).

Şah İsmayılın gündən-günə artan nüfuzu, Səfəvi dövlətinin hərbi-siyasi baxımdan dayanmadan qüvvətlənməsi həm Osmanlı imperiyasını, həm də bu imperiya ilə işbirliyi quran erməni mafiyasını (pyesdə həmin mafiyanın təmsilçiləri` Katalikos və erməni keşişdir) rahatsız edir. Ermənilər Şah İsmayılı məğlubiyyətə uğratsınlar deyə bu çirkin işə Avropa ölkələrinin cəlbinə də səy göstərir və öz nümayəndələrini (keşişlərini) Avropa və habelə Şərq ölkələrinə göndərirlər: “Biz bu türkləri bir-birinin üstünə qaldırmasaq, burada-Qafqazda, Şərqdə bizə aman olmayacaq. Çünki Sultan Səlimlə Şah İsmayıl birləşsə, onlar çox güclü dövlət yarada bilər, onda da dünyaya ağalıq eləyə bilərlər. Ona görə də Avropa ölkələri məni (Katalikos özünə işarə edir – M.X) bu müqəddəs işə cəlb eləyiblər ki, nəyin bahasına olursa -olsun, Sultan Səlimlə Şah İsmayılın arasına düşmənçilik toxumu səpməliyəm. Onlar (Avropa ölkələri nəzərdə tutulur- M.X) bu işi göstərməkçün bizə çoxlu pul, qızıl veriblər... Türkdilli xalqlar bir-birinə nə qədər düşmən olsalar, biz də istədiyimizi eləyə bilərik”. (XXI epizod, səh.434). Ermənilərin kələkbazlığı, Sultan Səlimin qüdrətli islam yaratmaq, Yer üzündəki bütün türklərə hökmdarlıq hikkə-iddiası və habelə Sultan Səlimin özündən müştəbehliyi, əyyaşlığı, içki düşkünlüyü, nəhayət, iki qardaşın Çaldıranda bir-birini qana qəltan etməsiylə sonuclandı. Dörd ay davam edən bu müharibə (1514 may-avqust) Osmanlıların qələbəsilə başa çatdı. Osmanlılara üstünlük qazandıran onların Avropadan aldıqları odlu silahlardan (top, tüfəng) istifadə etmələri idi.

Dramaturq savaşöncəsi Şah İsmayılın fikir-düşüncələrini, arzu-istəklərini, müharibəyə münasibətini, hansı amala-məsləkə xidmətini onun öz dilindən səsləndirir: “Bu gün qardaş qanı töküləcək. İki türk qardaş bir-birinə silah qaldıracaq. Başqa millətlər də bizə baxıb güləcəklər. Tarixlər boyu bir-birilə qardaş olan türklər birləşməkdənsə, bir-birinə həmişə silah qaldırıblar. Başqa millətlərin felinə uyub... bir-birinin qanını töküblər. Sultan Səlim, Sultan Səlim! Sənə nə deyim, heç olmasa sən ulu babalarımızın səhvini təkrar etməyəydin. Bu Çaldıran döyüşünə görə gələcək nəsillərimiz nə səni, nə də məni bağışlayacaq. Axı niyə sən məni bu döyüşə girməyə məcbur elədin? Əgər biz iki qardaş, dost ölkə kimi dil tapıb bir olsaydıq, onda bütün ölkələr bizə baş əyərdi. Bizimlə hesablaşardılar... Mən sənə on üç məktub göndərib, həmişə səni dostluğa, qardaşlığa çağırmışam. Amma sən bizə düşmən olan, türkdilli xalqların birləşməyini istəməyən qonşu hökmdarların yalan vədlərinə, yağlı dillərinə inanıb, mənim məktublarıma həmişə söyüşlə cavab veribsən. Axı biz niyə beləyik? Biz, türkdilli xalqlar niyə birləşmək istəmirik? Hələ də bu sualın cavabını heç bir türk tapa bilmir... Görəsən, nə vaxtsa tapa biləcəklərmi? Görəsən, Oğuz babamızdan törəyənlər nə vaxtsa birləşəcəklərmi?! (XXII epizod, səh.440)

Şah İsmayılı düşündürən bu sual əsrlərdir yol gəlir, əsrlərdir Azərbaycan - türk aydınlarını düşündürüb və bu gün də düşündürür. Xalq şairi Nəbi Xəzrinin “Torpağa sancılan qılınc”, Xalq şairi Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” və haqqında söz açdığım “Şah İsmayıl Xətai” dramlarının nüvəsi də elə o böyük amala, çox da uzaq olmayan Turan İttifaqının yaranmasına, yenidən tarix səhnəsində var oluşuna hesablanıb.

Dramaturq Ağalar İdrisoğlunun təqdimatında Şah İsmayıl mərhəmətli-şəfqətlidir. Qorxmaz – cürətlidir. Ədalətli-səxavətlidir. Türklərin xoşbəxtlik – səadəti yolunda çarpışandır. İstəyir ki, türklər özgə xalqların yanında gözüqıpıq – başıqapazlı olmasınlar, aydın səma altında qurub-yaratsınlar. Şah İsmayıl hakimiyyətə xalqının dəstəyilə gəlmişdir. Sultan Səlim Yavuz isə qəddar – qaniçəndir. Şan-şöhrət, hakimiyyət uğrunda hər şeydən keçəndir. Hakimiyyətə saray əyanlarının köməyilə yiyələnmişdir. Atasının və doğma qardaşlarının qatilidir. İstilaçıdır. Şah İsmayıla və Qızılbaşlara sonsuz nifrətlidir: “Biz meydana çıxmayınca onlar qorxularından döyüş meydanına ayaq basmağa cəsarət eləməyəcəklər. Cəlaləddin, Cavuş ordusundan qoy üç yüz uzaqvuran top götürüb, irəli qoşsun. Elə ki, əcəmilər göründü, onda sən əmr verərsən ki, bütün toplar eyni vaxtda atəş açsın. Mən üç yüz top atəşinin gurultusundan sonra əcəmilərin qaçmasına tamaşa eləmək istəyirəm. Orası pisdir ki, gözümüzə işıq düşür. Nə qədər əzab-əziyyətdən sonra axır ki, gəlib səni qarşımda görə bildim, Şeyx oğlu! Səni bu döyüşə məcbur edə bildim. Sən çox döyüşlərdən üzüağ çıxmısan. Amma bu dəfə ağlayacaqsan. Qaçıb sənin qoynuna sığınan miskin qardaşlarımın da, maymaq vəzirim Həmdəm paşanın da, aciz atamın da, yazıq Şeybaninin də... əvəzindən cəzasını alacaqsan. Ya səni əlimə keçirib dilini kəsdirəcəm, ya da babaların kimi məscidlərdə sufilik eləməyə məcbur olacaqsan... Daha heç bir ölkəni səninlə hesablaşmağa məcbur eləyə bilməyəcəksən”. (XXIII epizod, səh. 440-442)

“Şah İsmayıl Xətai” pyesi Şah İsmayılın səhnəyə əsəbi gəlişilə başlayır və son monoloqu ilə bitir. Şah İsmayıl Çaldıran döyüşünü türk xalqlarının tarixində bir qara ləkə adlandırır, bu savaşda həm özünü, həm də Sultan Səlimi günahkar sayır: “Beyinsiz xalq! Qır, qırıl! Qoyma başın yad qapazlardan xilas olsun. Qoyma səni dincliyə çıxarsınlar. Qoyma dilini, gücünü, səsini özünə qaytarsınlar... Bəs siz nə vaxt qəflət yuxusundan ayılacaqsınız? Nə vaxt ayağa qalxacaqsınız?! Nə vaxt birləşəcəksiniz, nə vaxt taleyinizi özünüz həll edəcəksiniz?! ... Sultan Səlim, çıx təkbətək döyüşək! Bu qədər igidləri boş yerə qırdırmayaq. Çünki günahsız tökülən bu türk kişilərinin qanını Allah heç vaxt nə sənə, nə də mənə bağışlamayacaq. Bu türk millətinin qarşısında bizim günahımız eynidir. Çünki biz hər ikimiz onun qarşısında günahkarıq, günahkarıq!... Sultan Səlim! Biz gərək səninlə tariximizin bu qanlı, bu şərəfsiz səhifəsini yazmayaydıq! Yazmayaydıq! (XXV epizod, səh.451-452). Bu, böyük hökmdarın sanki öz xalqı, milləti qarşısında etirafıdır. Təmizlənir, paklaşır Şah İsmayıl bu etirafda. Bu etirafda həm hökmdar Xətai, həm şair Xətai oxucunun gözündə böyüyür, ucalır, işıqlaşır, nurlaşır. Bu məqamda Xalq şairi Bəxtiyar Vahabzadənin aşağıdakı misralarını səsləndirmək, məcə, yerinə düşür:

 

Etiraf edənin hər sözü min-min

Səhər günəşinin ilkin nurudur.

Burda nə riya var, nə böhtan, nə kin,

Gözlər aydan arı, sudan durudur.

Etiraf – vicdanın nəğməsi, neyi,

Hər kəsin özündən öc almasıdır.

Qəlbin həm kiçilib, həm böyüməyi,

İnsanın alçalıb ucalmasıdır.

 

Oxucu (tamaşaçı) bir dəfə də olsun belə, dramda Sultan Səlimin dilindən etiraf eşitmir, onun öz yanlış addımlarını götür-qoy etdiyinin şahidi olmur. Çünki Şah İsmayılla müqayisədə Sultan Səlim çox kiçikdir, çox balacadır. O, Şah İsmayıl qədər öz xalqına-millətinə bağlı deyil, Şah İsmayıl qədər öz xalqının vurğunu, məcnunu, cünunu deyil. Kiçik adamlar etiraf etməyi bacarmazlar, öz-özlərindən öc almazlar. Xudbinlik və mənəmlikləri buna imkan vermir.

Dramaturq Ağalar İdrisoğlu qələmində Şah İsmayıl yalnız hökmdar yox, eyni zamanda, dərin məhəbbətlə sevən vəfalı-cəfalı aşiqdır, türk-fars dillərində qəzəllər, gəraylı, varsağı və qoşmalar yazan qüdrətli lirik şairdir, aşığı, şairi, rəssamı, onların yaradıcılığını yüksək dəyərləndirən xıridardır, sənət bilicisidir. Budur, Şah İsmauyılın toyudur. Toyda Təbriz camaatı ilə bərabər, el sənətkarları da (Sultan Məhəmməd, Səfər Təbrizli, Aşıq Qurbani) toydadır. Xoş günün şərəfinə saray rəssamı Sultan Məhəmməd və el sənətkarı Cəfər Təbrizli Şaha “Şeyx Səfi” adlı bir xalça hədiyyə edirlər. Gözəl sənət nümunəsi bu xalçanın müəlliflərini Şah İsmayıl yüksək qiymətləndirir – birincisinə “Sultan” ləqəbiylə bərabər qızıl yüyənli kəhər at, iki kənd bağışlayır, ikincisinə isə “Bəy” rütbəsi verir. Aşıq Qurbanini də sevindirir - ona yaşamaq üçün ev, məclislərə getməkçin at verir, həm də onu Aşıqlar aşığı elan edir. (XIX epizod, səh. 423,424). Bu epizodun Şah İsmayıl – Taclı Bəyim xətti lirik – emosionallığı, həzin-kövrək lirizmiylə seçilir. Bu xətt qidalandırır ruhu, cana yükləyir atəşi – odu. Burda Taclı Bəyimin şaha “Bəxtimin ulduzu. Mənim aydan gələn ömür-gün yoldaşım. Can sirdaşım” deməsi nə qədər səmimi, təbii, ürəyəyatandırsa, Şah İsmayılın da dilindən səslənən “Sən əsl şair kimi dedin bu sözləri, mənim Taclım. Bəxtimin günəşi” sözləri də bir o qədər riqqətləndiricidir.

Maraqla oxunur “Şah İsmayıl Xətai” dramının bütün epizodları. Bu epizodlarda tarixdən gələn səslər də yer alır. Şah İsmayılın şəxsi həyat lövhələri də canlanır. Dramaturqun yaradıcı bədii təfəkkürünün tapıntıları da dramatikləşir. Satqınlar, xəyanətkarlar, ermənilərin fahişə nənələri Anahidin törəmələri də dəridən -qabıqdan çıxırlar ki, türklər birləşməsinlər, didib- parçalasınlar bir-birini, Türkün söz-qılınc sütunlarının türklərin daha parlaq və xoşbəxt sabahlarına inam və ümidləri də dan ulduzu kimi sayrışır... bu epizodlarda:

Günün xoş keçər, miskin Xətai,

Gələn dövran əcəb dövran degilmi?! (XXIV epizod, səh.449)

Bu, hökmdar İsmayılın türkləri sabaha haraylayan inam-ümid dolu səsidir.

Bu, şair Xətainin türkləri BİRLİYə, BÜTÖVLÜYə kökləyən poetik məramnaməsi, haqq nəfəsidir.

Dramatik əsərlər səhnədə (teatrda) yaşayır. Səhnə bu əsərlərə ikinci həyat, ikinci nəfəs verir. Səhnə əsərlərə həyat, nəfəs verdiyi kimi, əsərlər də tamaşaçılara yeni söz, yeni fikir, yeni düşüncə aşılayır, onların gözlərini açır, dünyagörüşlərini genişləndirir. Səhnə (teatr) habelə tamaşaçıların döyüş-savaş potensialını qat-qat artırır, onları neqativliklərlə, naqislik və eybəcərliklərlə barışmazlığa – protestoya səfərbər edir, onlarda milli qürur və iftixar duyğularına qol-qanad verir. Bu gün kimi aydın həqiqətləri rejissorlarımız, teatr xadimlərimiz nəzərə alıb, dramaturq Ağalar İdrisoğlunun “Şah İsmayıl Xətai” pyesinə yenidən səhnə həyatı verməyə səy göstərsələr, bu, heç şübhəsiz, mədəniyyətimizin inkişaf və yüksəlişində yeni uğurlu bir addım sayılacaq. Bu addım millət olaraq hamımızı sevindirəcək və bizlərə türk birliyinə, türk bütünlüyünə yola çıxmada qüdrətli mənəvi köməkçi və yardımçı olacaq.

 

 

Musa XANBABAZADƏ

Azad Azərbaycan.- 2023- 1 iyun.- S.7.