Zarafat şairiyəm

   

(“Novruz” zarafatları silsiləsindən)

 

Ərk eləsin dostlarım

Dərk eləsin dostlarım,

Dərc eləsin dostlarım,

Mətbuat şairiyəm.

 

Qaçqın,köçkün, didərgin

Yanındayam hər türkün.

Həm şəhidəm, həm sürgün,

Qazamat şairiyəm.

 

Xəyal olan yurdların,

O lal olan yurdların,

İşğal olan yurdların

Bir azad şairiyəm.

 

Əli Kərim qolunda,

UluTürkün yolunda,

Məmməd Araz dilində

Bəyanat şairiyəm.

 

Öyrəşmişəm dözümə,

Yuxu getməz gözümə.

İndi özüm özümə

Zəmanət şairiyəm.

 

Sinəm bir söz meydanı,

Daşlayıram şeytanı.

Qabilin, Zəlimxanın

Əmanət şairiyəm.

 

Nə acizəm, nə fərsiz,

Səfərdəyəm,səfərsiz.

Mən xəbərdən xəbərsiz

Məlumat şairiyəm.

 

Qamətimi əyir qəm,

Ürəyimi yeyir qəm.

"Xalq şairi" deyiləm,

Camaat şairiyəm.

 

Dünyanı görə-görə,

Su səpirəm güllərə.

Prezidentim göndərən

Mükafat şairiyəm.

 

Gəzirəm ağır-ağır,

Gözlərimdən dərd yağır.

Bu dünyanın ən fağır,

Farağat şairiyəm.

 

Nə sağlamam,nə xəstə,

Kim olar mən həvəsdə?

Yerdə,göydə,qəfəsdə

Muğamat şairiyəm.

 

Nə desəniz məndə var,

Harda belə bəndə var?

Nə dinsizəm,nə dindar,

Xurafat şairiyəm.

 

Özümə seçib peşə,

İşə düşmüşəm, işə.

Lalə,nərgiz,bənövşə,

Qarağat şairiyəm.

 

Dağam,dağdan gəlmişəm,

Haqqam,haqdan gəlmişəm.

Qarabağdan gəlmişəm,

Xarabat şairiyəm.

 

Eşqimi yaza-yaza,

Qane olmuşam aza.

Durmasam da namaza,

Salavat şairiyəm.

 

Molla,keşiş sinaqoq...

Bəndəsindən dini çox.

Mən dünyanın gözü tox,

Tolerant şairiyəm.

 

Hələ ayıq deyiləm,

Sizə layiq deyiləm.

Bu dünyalıq deyiləm,

Kainat şairiyəm.

 

Azda çoxam,çoxda az,

Yazda qışam,qışda yaz.

Kainatın ən həssas,

Narahat şairiyəm.

 

El-obadan aralı,

Hər gün gözüm qaralır.

Min yerindən yaralı,

Salamat şairiyəm.

 

 

Şuşasına gəlincə,

Qanımdadır ölüncə.

Göygöl,Marxal,Əlincə...,

Batabat şairiyəm.

 

Yapılıb kündə-kündə,

Bişirəm gündə-gündə.

Allahımın önündə

Hesabat şairiyəm.

 

İnsana arzu təkin,

Gülüstana su təkin.

Gündəlik ruzi təkin,

Tələbat şairiyəm.

 

Bu dünyanı quran var,

Keşiyində duran var.

Sinəm üstə Quran var,

Tilavat şairiyəm.

 

Qurban olum, zühur et,

İstəyimi məqbul et.

Tanrım, məni qəbul et,

Zarafat şairiyəm.

 

Əşrəf Veysəlli

 

Azad Azərbaycan.- 2023.- 16 mart.- S.6.