Ramiz Məmmədzadənin 80 yaşı qeyd olundu

 

Aprelin 23-də Azərbaycan Müəllimlər İnstitutunda tanınmış alim və ictimai xadim, institutun Təhsilin idarəedilməsi və peşə təlimi kafedrasının müdiri, professor Ramiz Məmmədzadənin 80 illik yubileyi qeyd olundu. Bu münasibətlə keçirilən mərasimi institutun rektoru, professor Aqiyə Naxçıvanlı açaraq zala gözəl insan, istedadlı pedaqoq, böyük ziyalı, yüksək təşkilatçı, xeyirxah müəllim, mehriban ata, qayğıkeş dost olan Ramiz müəllimin işığına yığışdıqlarını bildirdi. R.Məmmədzadəni anadan olmasının 80 illiyi münasibəti ilə təbrik edən və institut adından hədiyyə verən  rektor ona sağlamlıq və gümrahlıq arzuladı.

Azərbaycan Müəllimlər İnstitutunun dosenti Rəşid Cabbarov yubilyar haqqında təqdimat çıxışı etdi. "Mənalı ömür yolu" adlandırdığı çıxışında R.Cabbarov R.Məmmədzadənin tərcümeyi-halının əsas tarixləri, onun şəxsiyyətini səciyyələndirən peşəkarlıq və mənəvixlaqi keyfiyyətlər, dövlət qulluğunda, elmi-pedaqoji fəaliyyət sahəsindəki xidmətləri haqqında ətraflı məlumat verdi.

Tədbirdə işitirak edən təhsil naziri Misir Mərdanov təbrik nitqi söylədi. R.Məmmədzadəni 80 yaşının tamam olması münasibəti ilə təbrik edən nazir yubileyin yüksək səviyyədə təşkilinə görə institutun rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirdi.

Yubilyarı "müəllimlər müəllimi" adlandıran nazir onun cəmiyyətdə böyük nüfuz sahibi, bütün ömrünü şərəflə yaşamış çox az insanlardan biri olduğunu vurğuladı. Misir Mərdanov  R.Məmmədzadənin çalışdığı bütün vəzifələrdə işinə məsuliyyətlə yanaşması, daim yenilik hissi ilə yaşaması, səmimiliyi, sadəliyi, alicənablığı və s. kimi keyfiyyətləri ilə çox insanlara nümunə olduğunu diqqətə çatdırdı, yubilyarın həyat və fəaliyyətinin bəzi məqamlarından söz açdı.

Yubiley mərasimində Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Əbdül Əlizadə, Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, Bakıdakı 177 nömrəli məktəbin direktoru Həqiqə Məmmədova və başqaları çıxış edərək R.Məmmədzadəyə təbriklərini çatdırdılar.

Yubilyara gül dəstələri və hədiyyələr təqdim olundu.

 

 

Y.ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2010.- 30 aprel.- S.3.