Moskvada elmi-praktik konfrans keçirilib

 

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, tədris işləri üzrə prorektor, professor Vüsət Əfəndiyev, Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri, dosent Məmmədəli Ramazanov, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin dekan müavini Amil Məhərrəmov 23-24 aprel tarixində Moskva Dövlət Universitetində Avrasiya Universitetlər Assosiasiyasının təşkil etdiyi "Universitetlər və Cəmiyyət. XXI əsrdə universitetlərin əməkdaşlığı və inkişafı" adlı 3-cü beynəlxalq elmi-praktik konfransda iştirak etmişlər. MDU-nun rektoru, Avrasiya Universitetləri Assosiasiyasının prezidenti, akademik Viktor Sadovniçi bildirmişdir ki, tədbir 2009-cu ilin noyabr ayında qəbul olunmuş Bakı Bəyannaməsinə əsasən, ilk dəfə Avrasiya Universitetlər Assosiasiyası, Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyası və Xəzər Regionu Ölkələri Universitetləri Assosiasiyasının birgə iştirakı ilə həyata keçirilir.

Tədbirdə Prezident cənab İlham Əliyevin konfrans işitrakçılarına təbrik məktubu oxunmuşdur.

Elmi-praktik konfransın plenar iclasında rektor, akademik Abel Məhərrəmov "Azərbaycanda universitet təhsilinin və elminin inkişafının perspektivləri və əhatəsi" mövzusunda məruzə etmişdir.

Konfransda rektor, akademik Abel Məhərrəmova Avrasiya Universitetlər Assosiasiyasının ən ali mükafatı - "Avrasiya əməkdaşlığında töhfələrinə görə" medalı və diplomu təqdim olunmuşdur. Eyni zamanda Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyası ilə əməkdaşlıqda səmərəli fəaliyyətə görə də akademik Abel Məhərrəmov mükafata layiq görülmüşdür.

Tədbir universitetlərin cəmiyyətdəki əvəzolunmaz rolu barədə qətnamənin qəbulu ilə başa çatmışdır.

 

 

Azərbaycan müəllimi.- 2010 .- 30 aprel.- S.3.