Musiqi Kolleci tələbələrinin hesabat konserti

 

Aprelin 27-də Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin tələbələri hesabat konserti verdilər. Konsert dahi bəstəkar Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuşdu. Konsert başlamazdan əvvəl ön söz söyləyən əməkdar incəsənət xadimi, musiqişünas Həcər Babayeva bu il dahi bəstəkar Ü.Hacıbəylinin anadan olmasının 125 illiyinin ölkəmizdə geniş qeyd olunduğunu, bununla əlaqədar möhtərəm Prezidentimizin xüsusi sərəncam imzaladığını, tədbirlər planı hazırlandığını diqqətə çatdırdı.

 

H.Babayeva Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafındakı rolundan və bu yolda göstərdiyi misilsiz xidmətlərdən söz açaraq onun ölkəmizdə bir çox musiqi janrlarında ilk əsərlərin, musiqi sahəsində bir sıra qurumların və ənənələrin yaradıcısı olduğunu, o cümlədən musiqi təhsilinin təşəkkülü və inkişafının da Üzeyir Hacıbəylinin adı ilə sıx bağlılıq təşkil etdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, bu gün yetirmələrinin hesabat konsertinə yığışdıqları Musiqi Kollecinin peşəkarlar hazırlayan musiqi təhsili ocağına çevrilməsində Ü.Hacıbəylinin böyük rolu olub. Ü.Hacıbəyli ötən əsrin 20 və 30-cu illərində iki dəfə bu təhsil ocağına rəhbərlik edib. Kollecin musiqi təhsilinin bazasına çevrildiyini vurğulayan musiqişünas, onun xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirdi, kollecin məzunları arasında Azərbaycan musiqisinə böyük töhfələr verən, musiqimizi dünya miqyasına çıxaran çoxlu bəstəkar və ifaçının olduğunu söylədi.

H.Babayeva kollecin tələbələrinin hesabat konsertləri verməsini son illər bu musiqi təhsili ocağında yaranmış gözəl ənənə kimi dəyərləndirərək belə konsertlərin tələbə-ifaçıların böyük səhnəyə alışmasında, tamaşaçı və dinləyicilərlə təmas qurmalarında mühüm əhəmiyyət daşıdığını söylədi.

Sonra konsert açıq elan olundu və onun ilk nömrəsi kimi əməkdar incəsənət xadimi Azad Əliyevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Üzeyir Hacıbəylinin "Koroğlu" operasından "uvertüra"nı ifa etdi. Musiqi kollecinin tələbə və müəllimləri, tələbələrin valideynləri və dəvət olunmuş çoxlu sayda qonaq tərəfindən maraqla dinlənilən konsertdə müxtəlif kurslardan olan tələbələr Tofiq Məmmədovun, Tofiq Şıxıyevin, Zinyət Əlizadənin, Züleyxa Şıxıyevanın solistliyi ilə Hacı Xanməmmədovun tar və orkestr üçün 1, Friderik Şopenin fortepiano və orkestr üçün 1, Sergey Raxmaninovun fortepiano və orkestr üçün 2, Ferents Listin fortepiano və orkestr üçün 2 nömrəli konsertləri ifa olundu.

 

 

Y.ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2010.- 30 aprel.- S.25.