Respublika elmi konfransı

 

Sumqayıt Dövlət Universitetində 22 apreldə keçirilmiş respublika elmi konfransı xalq şairi Zəlimxan Yaquba həsr olunmuşdur.

 

Xalqa, geniş ictimaiyyətə yaxın və doğma olan, "xalqın öz yaradıcılığı" (Ü.Hacıbəyov) sayılan aşıq sənəti yüz illərdir ki, Azərbaycan ellərinin sevinc və həyəcanını, arzu və dünyagörüşünü özündə əks etdirib zənginləşdirməklə yaşadır. Böyük bəstəkar Üzeyir bəy Hacıbəyovun qeyd etdiyi kimi, texniki və ya metodiki vasitələrlə deyil, öz-özünə, xalqın mədəni və ictimai-siyasi yüksəlişi ilə yanaşı inkişaf edən aşıq sənətimizin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğu artıq beynəlxalq  səviyyədə    təsdiqlənmişdir. Belə ki, YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə komitəsinin 2009-cu ilin 30 sentyabrında Birləşmiş  Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş 4-cü sessiyasının yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irsi siyahısına daxil edilmişdir.

Ölkə başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın milli mənəvi və maddi dəyərlərimizə qayğı və diqqətlərinin ifadəsi olaraq aşıq sənəti, muğamlarımız, Novruz bayramı və s. dünya miqyasında tanıdılır, təbliğ olunur.

Sumqayıt Dövlət Universiteti, Aşıqlar Birliyi və AMEA-nın Folklor İnstitutu ilə keçirdikləri konfrans "Azərbaycan aşıq sənəti: problemlər və perspektivlər" mövzusunda idi.

Konfransı giriş sözü ilə açan SDU-nun rektoru, professor N.Qəhrəmanov xalqa həqiqətdən mətləb qandıran, zaman-zaman el məclislərini keçirib, nəsillərin vətənpərvərlik, qəhrəmanlıq hisslərini coşduran, mənəvi-əxlaqi, etik, estetik tərbiyədə mühüm rol oynayan aşıq yaradıcılığının bu gün də bədii mədəniyyətimizin bir sahəsi kimi yaşayıb zənginləşdiyini söylədi. Plenar iclasda Azərbaycan MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor M.Qasımlı "Heydər Əliyev və Azərbaycan folkloru" barədə məruzə etdi. Folklorşünas alim ümummilli lider Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan aşıq sənətinə yüksək qiymət verdiklərini fakt və hadisələrlə şərh etdi.

Azərbaycan MEA-nın Folklor İnstitutunun Folklor nəzəriyyəsi şöbəsinin müdiri Ağaverdi Xəlilov "Aşıq şeirinin sufi əsasları və müasirlik", SDU-nun Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, dosent A.Ağbaba "Haqq işığının yolçusu" mövzularında araşdırmalarının nəticələrini konfrans iştirakçılarına çatdırdılar.

Sumqayıt Dövlət Universitetinin böyük akt zalında keçirilən tədbirdə  Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub çıxış edərək qədim və zəngin aşıq sənətinin insan mənəviyyatı və əxlaqının milli-bəşəri dəyərlər zəminində formalaşmasında rolunu bədii nümunələrin şərhi əsasında açıqladı.

Azərbaycan aşıq sənətinə tarixilik və müasirlik parametrlərində təhlil verilən elmi konfransda səsləndirilən aşıq havaları iştirakçıların ovqatına güclü müsbət təsir göstərdi.

 

 

Ş.MƏMMƏDOV

 

Azərbaycan müəllimi.- 2010.- 30 aprel.- S.28.