Sumqayıt məktəblərindəki yay istirahət düşərgələrində 2300 şagird dincəlib

Sumqayıtda yay tətili dövründə şagirdlərin istirahətlərinin təşkili diqqət mərkəzində saxlanılır. Belə ki, şəhər rəhbərliyinin təşəbbüsü ilə şəhər gənclər idman baş idarəsinin təhsil şöbəsinin maliyyə vəsaiti hesabına 2003-cü ildən başlayaraq hər il yay tətili günlərində tədris ocaqlarında məktəblilərin yay istirahət düşərgələri təşkil edilir. Birinci il altı məktəbdə təşkil olunan belə düşərgələr sonrakı illərdə daha çox məktəbi əhatə etmişdir. Bu il isə yay istirahət düşərgələri şəhərimizin 46 ümumtəhsil məktəbində fəaliyyət göstərmişdir. Hər il olduğu kimi, bu dəfə də yay istirahət düşərgələrində hər məktəbdən 50 nəfər olmaqla 2300 nəfərdən çox şagird dincəlmişdir. Şagirdlərin təlim-tərbiyəsi ilə hər məktəbdə 3 nəfər tərbiyəçi olmaqla 138 nəfər pedaqojı işçi məşğul olmuşdur. Düşərgələr iyulun 1-dən fəaliyyətə başlayaraq, istirahət günləri nəzərə alınmadan, 21 gün davam etmişdir.

Düşərgənin təşkil edildiyi məktəblərdə rejimi səhər saat 9.00-dan 13.00-dək davam etmiş, bu müddət ərzində şagirdlərə yüngül səhər yeməyi verilmiş, müxtəlif oyunlar, idman yarışları, görüşlər, intellektual debatlar, şəhərin görməli yerlərinə, parklara gəzintilər, kompüterlə məşqul olmaq s. maraqlı tədbirlər təşkil olunmuşdur. Hər gün 8 düşərgə Sumqayıt Tarix Muzeyinə, Paralimpiya Mərkəzinə, Şəkil Qalereyesına, Uşaq Yeniyetmələrin Yaradıcılıq Mərkəzinə, Bakı şəhərində Qız qalası, Şirvanşahlar sarayı tarixi abidələrinə zooparka aparılmışdır.

Artıq iki ildir ki, hər gün iki düşərgə olmaqla Quba şəhərinə birgünlük gəzinti təşkil olunur. Ötən il olduğu kimi, bu il də həmin gəzinti zamanı uşaqlar öncə Qubadakı soyqırım məzarlığını ziyarət etmiş, sonra isə Ərməki kəndində yerləşən "Qırmızı qərənfil" istirahət düşərgəsində dincəlmişlər. Bu da şagird və valideynlər arasında böyük rezonans yaradaraq, yay düşərgələrinə marağın artmasına səbəb olmuşdur.

Düşərgələrin təntənəli açılışı və bağlanışı, açılışda şəhər rəhbərliyinin, ictimayyətin nümayəndələrinin çıxışları, düşərgənin fəaliyyəti dövründə fərqlənən uşaqların rəğbətləndirilməsi də yaddaqalan hadisələrdən olmuşdur.

 

 

Təranə HAQVERDİYEVA

 

Azərbaycan müəllimi.- 2010.- 13 avqust.- S.4.