Goranboyda birinci sinif müəllimləri üçün təlim kursları keçirilib

 

İyulun 5-dən 10-dək Goranboyda 2010-2011-ci tədris ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün 6 günlük təlim kursları keçirildi. Məşğələlər Goranboy şəhər 1 nömrəli orta məktəbdə təşkil edilən mərkəzdə 4 qrup üzrə aparıldı.

Azad Müəllimlər Birliyinin rəhbəri Məlahət Mürşüdlünün ümumi rəhbərliyi altında qruplarda məşğələ aparan təlimçilər Gülarə Babayeva, Təranə Əliyeva, Gülarə Hüseynova və başqaları öz ciddiliyi, tələbkarlığı ilə müdavimlərin böyük hörmət və rəğbətini qazandılar.

Onlar İKT-nin imkanlarından və digər əyani vəsaitlərdən istifadə edərək fənn kurikulumlarının strukturu və məzmunu, müasir kurikulumlar və yeni təlim strategiyaları, fənn kurikulumları əsasında təlimin planlaşdırılması, ümumi təhsil sistemində yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi, yeni dərsliklərlə işin xüsusiyyətləri haqqında müəllimlərə ətraflı məlumat verdilər. Təlim kursunun sonunda müəllimlərin nümunəvi dərs təqdimatları oldu. Sonra kursun nəticələrinə dair imtahan keçirildi. Kursları başa vuran müəllimlərə müxtəlif dərəcəli sertifikatlar təqdim olundu.

 

 

Ramiz HƏSƏNOV

 

Azərbaycan müəllimi.- 2010.- 13 avqust.- S.1.