Məktəblilərin idman uğurları

 

Xəyalə Abdulla şahmat üzrə beynəlxalq usta, yığma komandanın üzvü, 18 yaşlı qızlar arasında Azərbaycan 2-cisi, 20 yaşlı qızlar arasında Azərbaycan çempionudur. O, idmanın bu növü ilə uşaq yaşlarından məşğul olur. Dəfələrlə Azərbaycan birinciliyinin  mükafatçısı  olub. Bu ilin  sentyabrında  Gürcüstanın Batumi  şəhərində  keçirilən  yeniyetmələrin Avropa  birinciliyində ən yaxın rəqibi ilə 2-ci, 3-cü yerləri bölüşüb. O, Azərbaycan Respublikası yığma komandasının məşqçisi, beynəlxalq qrossmeyster Rəsul İbrahimovun yetirməsidir. Məşqçinin digər yetirməsi beynəlxalq usta Nərmin Kazımova bu il dünya çempionu olub.

Bakı şəhəri üzrə 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Şahmat-Dama İdman Məktəbinin digər yetirmələrindən biri Abdulla Qədimbəylidir. O, dəfələrlə 8 yaşlılar arasında yaxşı nailiyyətlər əldə etmişdir. 2 dəfə Azərbaycan çempionu olmuş, 2009-cu ildə isə Batumi şəhərində keçirilən Avropa birinciliyində qalib gəlmişdir. Bu il Gürcüstanın Batumi şəhərində 8 yaşlılar arasında Avropa birinciliyinin qalibi Yunanıstanın Halqidiki şəhərində keçirilən dünya birinciliyinin qalibidir. Abdulla beynəlxalq qrossmeyster, Azərbaycan Respublikası yığma komandasının üzvü Fərid Abbasovun yetirməsidir. Onun ən böyük arzusu ölkəmizi  beynəlxalq turnirlərdə layiqincə təmsil etmək bayrağımızı həmişə zirvələrə ucaltmaqdır.

 

***

 

Dekabrın 6-da Azərbaycan Respublikası Gənclər İdman Nazirliyi Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Bakı şəhəri Respublika Şahmat Mərkəzində Azərbaycan şahmatı üzrə komanda çempionatı keçiriləcək. Turnirdə hər bir komandanın tərkibinə 6 əsas 2 əvəzedici oyunçu daxildir. Çempionat dairəvi sistem üzrə keçirilir. Nəzarət vaxtı hər bir şahmatçıya oyunun sonuna qədər 90 dəqiqə, hər gedişə 30 saniyə əlavə olunmaqla vaxt verilir. Birincilikdə 6-8 komanda iştirak edəcək. Komandaların tərkibi müəyyənləşdirilərkən heç bir yaş həddi qoyulmur. Çempionatın qalibləri xallar əsasında müəyyənləşdiriləcək. Komandanın qələbəsi üçün 2 xal, heç-heçə üçün 1 xal verilir. Xallar bərabər olduqda oyunçuların ümumi xalı, komanda berger əmsalı ilə qaliblər müəyyənləşdirilir. Dekabrın 12-də başa çatacaq turnirdə qalib komandaya kubok, mükafata layiq yerləri tutmuş komanda üzvlərinə isə diplomlar veriləcəkdir.

 

Rəşad RAMAZANOĞLU

Azərbaycan müəllimi.- 2010.- 3 dekabr.-S.7.