Azərbaycanın Milli Qəhrəmanları

 

Məhərrəmov Səxavət Ələmdar oğlu

 

1973-cü il dekabrın 5-də Qərbi Azərbaycanın Amasiya rayonunun Qaraçanta kəndində anadan olub. Məlum səbəblərdən ailə üzvləri ilə birlikdə Gürcüstana köçüb. Bir müddət orada yaşadıqdan sonra onlar Bakının Lökbatan qəsəbəsinə pənah gətirib. Səxavət 1990-cı ildə qəsəbədəki 106 nömrəli orta məktəbi bitirdikdən sonra 1 nömrəli Təmir- Tikinti İdarəsində əmək fəaliyyətinə başlayıb. 1991-ci ilin noyabrında isə könüllü olaraq əvvəlcə daxili qoşunlarda, sonra yenicə yaranmış Milli Ordu sıralarında hərbi xidmətə başlayıb. O,bir çox döyüşlərdə rəşadət nümayiş etdirib. 1992-ci il iyunun 27-də Ağdərənin Möhrədağ kəndi uğrunda gedən döyüşdə erməni işğalçılarına dağıdıcı zərbələr endirib.

S.Məhərrəmov elə həmin döyüşdə düşmən gülləsinə tuş gələrək, qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 nömrəli Fərmanı ilə Məhərrəmov Səxavət Ələmdar oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Lökbatan qəsəbəsindəki 106 nömrəli orta məktəb onun adını daşıyır. Məktəbin dəhlizində büstü qoyulub.

 

Məcidov Eldar Tofiq oğlu

 

1965-ci il avqustun 26-da Bakı şəhərində anadan olub. 1982-ci ildə paytaxtdakı 52 nömrəli orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Rəssamlar İttifaqının Bədii Fondunda işə düzəlib. 1983-cü ildə hərbi xidmətə çağırılıb. Eldar 1985-ci ildə hərbi xidmətini Almaniyada başa çatdıraraq, Vətənə qayıdıb. Bir müddət sonra-1992-ci ildə Qarabağ bölgəsinə cəbhəyə getməyi qərara alıb. O, 776 nömrəli hərbi hissədə PDM-ə komandir təyin edilib. Beləliklə onun şərəfli döyüş yolu başlanıb.

E.Məcidov 1992-ci il mayın 15-də Şuşanın Zarıslı kəndində erməni işğalçılarına qarşı gedən ağır döyüşlərdə qəhrəmanlıq nümayiş etdirir, sağ ayağından güllə yarası alır, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmur.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 nömrəli Fərmanı ilə Məcidov Eldar Tofiq oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

 

Məcidov Zakir Nüsrət oğlu

 

1956-cı il iyunun 26-da Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. Orta təhsilini 70 nömrəli məktəbdə alıb. 1974-cü ildə Ryazan vilayətinin Sasovo şəhərinə gedərək Ali Hərbi Aviasiya Məktəbinə daxil olub. Zakir 1977-ci ildə leytenant rütbəsi ilə məktəbi bitirib Yevlax avia dəstəsində AN-2 təyyarəsinin ikinci pilotu kimi əmək fəaliyyətinə başlayıb. 1980-ci ildə AN-2 təyyarəsinə komandir təyin edilib. 1992-ci ilin fevralında isə 843 nömrəli hərbi hava hissəsində Mİ-24 vertolyotlarından birinə komandir təyin olunub. Elə həmin il Milli Ordu sıralarına qayıdaraq, sərhəd bölgələrinə uçuşlar edib. Kasapet yüksəkliyində gedən ağır döyüşdə işğalçı erməni ordusunun hərbi hissələrinə dəfələrlə sarsıdıcı zərbələr endirib.

Z.Məcidov həmin zonada düşmən atəşinə tuş gələrək, ekipajla birlikdə qəhrəmancasına həlak olub.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 nömrəli Fərmanı ilə Məcidov Zakir Nüsrət oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub.

 

Mirabov Rəşad Akif oğlu

 

1975-ci il mayın 3-də Mingəçevir şəhərində anadan olub. Mingəçevir şəhər 7 nömrəli orta məktəbdə doqquzillik təhsilini başa çatdırdıqdan sonra atasının çalışdığı M. Davudova adına Mingəçevir Dövlət Dram Teatrında dərzi köməkçisi işləməyə başlayıb. 1993-cü il mayın 12-də Milli Ordu sıralarına çağırılaraq, əvvəlcə Nasosnıda,  sonra Səngəçalda Şubanıda hərbi təlim keçib. Hərbi xidmətdə isə xüsusi təyinatlı hissədə kəşfiyyatçı - minaaxtaran peşəsinin sirlərinə yiyələnib. 1994-cü ildə Tərtər bölgəsinə, oradan da Füzuliyə göndərilib. Atəşkəs elan olunduqdan sonra o, Murova, oradan da Bakıya -vaxtilə xidmət etdiyi sahəyə qayıdıb.

R.Mirabov 1995-ci ildə mart hadisələri zamanı qiyamçılara qarşı aparılan əməliyyatda iştirak edərkən qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Mirabov Rəşad Akif oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Mingəçevir şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Təhsil aldığı 7 nömrəli orta məktəb onun adını daşıyır. Məktəbin qarşısında büstü qoyulub.

 

Mirzəyev Yusif Vəli oğlu

 

1958-ci il mayın 23-də Babək rayonunun Böyükdüz kəndində anadan olub. 1975-ci ildə İ.Səfərli adına Naxçıvan şəhər orta məktəbini bitirib. 1976-cı ildə Naxçıvan rabitə qovşağında əmək fəaliyyətinə başlayıb. İşləyə-işləyə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda ali təhsil alaraq, Bakıdakı banklardan birində müfəttiş vəzifəsinə təyin olunub.1988-ci ildə xalq hərəkatına qoşulub. 1991-ci ilin sonlarında könüllü olaraq Qarabağa - cəbhə bölgəsinə yollanıb. Yusifin ilk döyüş yolu Ağdərə-Goranboy istiqamətində başlayıb. Ağdərədə 17 kəndin alınmasında onun müstəsna xidmətləri olub.

Y.Mirzəyev 1993-cü il fevralın 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşdə yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına həlak olub.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli 495 nömrəli Fərmanı ilə Mirzəyev Yusif Vəli oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Naxçıvan şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Naxçıvan şəhərindəki məktəblərdən birinə Bakının Nəsimi rayonundakı 44 nömrəli orta məktəbə onun adı verilib, məktəbin qarşısında büstü qoyulub.

 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya

Mərkəzinin materialları əsasında

hazırladı: Ədalət DAŞDƏMİRLİ

Azərbaycan müəllimi.- 2010.- 17 dekabr.- S.11.