Məktəb "Ekologiya ili"nə "Gəlin dünyamızı

 qoruyaq" tədbiri ilə yekun vurdu

 

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkəmizdə "Ekologiya ili" elan olunmuş 2010-cu il başa çatmaqdadır. İlboyu ölkəmizin ekoloji cəhətdən sağlamlaşdırılması, ətraf mühitin mühafizəsi yaşıllaşdırılması istiqamətlərində çox böyük işlər görülüb. Ekoloji harmoniyanın qorunub saxlanmasına təhsil ocaqları da öz töhfələrini veriblər. Məktəblilərə ekoloji biliklərin aşılanması, onların ekoloji tərbiyəsi, ekoloji yönümlü tədbirlərin keçirilməsi ilboyu diqqət mərkəzində saxlanıb. Bakıdakı 201 nömrəli orta məktəb bu baxımdan xüsusilə fərqlənib.

Dekabrın 5-də məktəbdə "Gəlin dünyamızı qoruyaq" mövzusunda ədəbi-bədii mərasim keçirildi.

Nizami Rayon İcra Hakimiyyətinin yaxından dəstəyi ilə baş tutan və ekologiya mövzusunda il ərzində keçirilmiş tədbirlərə bir növ yekun vuran mərasimdə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, millət vəkilləri Sədaqət Vəliyeva, Rasim Musabəyov, Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov, rayonun digər rəhbər işçiləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən qonaqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, məktəb direktorları, valideynlər iştirak edirdilər.

Mərasim başlamazdan öncə qonaqlar məktəbin foyesində ekologiya mövzusunda açılmış sərgi ilə tanış oldular. Sərgidəki ayrı-ayrı stend guşələrdə şagirdlərin əl işləri rəsm əsərləri, hazırladıqları referatlar, albomlar nümayiş olunurdu.

Məktəbin akt zalında keçirilən mərasimi direktor Süsən Salmanova açaraq qonaqları salamladı, son illər təhsil ocağında görülən işlər, əldə olunan uğurlar haqqında onlara qısa məlumat verdi. Direktor bildirdi ki, rəhbərlik etdiyi təhsil müəssisəsində son illər ölkə Prezidentinin Azərbaycan dilinin inkişafı, 2009-cu ilin ölkəmizdə "Uşaq ili" elan olunması ilə bağlı verdiyi sərəncamlardan irəli gələn vəzifələrin icrası istiqamətində bir sıra silsilə tədbirlər həyata keçirilmiş onlar həmin tədbirlərin iştirakçıları olmuş rayonun, Təhsil Nazirliyinin rəhbər işçiləri, çoxsaylı qonaqlar, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

Keçirilən tədbirlərin əsas qayəsinin məktəblilərin mənəvi, əxlaqi, vətənpərvərlik tərbiyəsi, onların gələcəyə baxışlarını istiqamətləndirmək, dünyagörüşlərini genişləndirmək olduğunu deyən direktor həmin tədbirlərin təşkilində böyük zəhməti olan, onların ssenarisini yazan məktəbin dil-ədəbiyyat müəllimi Simuzər Əhmədovanı qonaqlara təqdim edib ona öz minnətdarlığını bildirdi.

Sonra səhnə istedadlı məktəblilərin ixtiyarına verildi. Bir şagirdin ifasında "Həyat sən kiminsən" şeiri ilə başlanan tədbir xorun oxuduğu "Azərbaycan" mahnısına keçid aldı. Mahnıdan sonra aparıcılar səhnəyə çıxıb növbə ilə ekologiyadan, onun harmoniyasını gözləməyin zəruriliyindən, insanın təbiətdən qaydasız istifadəsi nəticəsində dünyanı bürümüş ekoloji böhrandan, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ekoloji sağlamlaşdırma sahəsində aparılan işlərdən, xüsusən "Ekologiya ili" çərçivəsində həyata keçirilən tədbirlərdən söz açdılar. Onların çıxışları ekologiya mövzusunda şeir, mahnı, səhnəciklərlə növbələşdi.

Tədbirdən sonra çıxış edərək öz təəssüratlarını bölüşən ekologiya təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov məktəblilərin çıxışlarını yüksək qiymətləndirdilər. 

 

Yusif ƏLİYEV

Azərbaycan müəllimi.- 2010.- 17 dekabr.- S.12.