"Açıq qapı - İnstitut günü"

  

Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında 2010-2011-ci tədris ilinin qış imtahan sessiyasının keçirilməsi ilə əlaqədar "Açıq qapı - İnstitut günü" keçirilmişdir. İmtahan sessiyasının şəffaf ədalətli keçirilməsinin şahidi olmaq, sessiyanın gedişini izləmək istəyən valideynlər, mətbuat işçiləri "Açıq qapı - İnstitut günü" dəvət olunmuşdular.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin filialda ucaldılan büstü önünə təzə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər.

Filialın direktoru, professor Orucəli Rzayev çıxış edərək son illər təhsil ocağında görülmüş işlər, qazanılmış nailiyyətlərdən danışdı.

Tədris və elmi işlər üzrə direktor müavini Nizami Abbasov qeyd etdi ki, bu gün Azərbaycan Müəllimlər İnstitutu və onun filiallarında təhsil, Avropa təhsil sisteminə - Boloniya prosesinin, kredit sisteminin tələblərinə uyğun olaraq qurulur.

Pedaqoji fakültənin dekanı, dosent Namaz Manafov, ibtidai təhsilin pedaqogikası metodikası fakültəsinin dekanı, dosent Flora Namazova imtahan sessiyasının yüksək səviyyədə aparılması üçün fakültələrdə görülmüş işlərdən söz açdılar. Bildirildi ki, filialda qış imtahan sessiyasının mütəşəkkil keçirilməsi üçün ciddi hazırlıq işləri aparılmış, imtahan sənədləri, cədvəllər vaxtında hazırlanmış, tələbələrin mühazirə seminarlardan topladığı ballar hesablanmış "imtahan güşəsi"ndən asılmışdır. İmtahanların gedişini izləmək, bu işə  daha yaxşı nəzarət etmək məqsədi ilə imtahan keçiriləcək auditoriyalarda videokameralar quraşdırılmışdır.

Filial kitabxanasının əməkdaşı Zoya Süleymanova isə burada zəngin kitab fondu olduğunu, kitabların elektron kataloqunun yaradıldığını bildirib, müəllim və tələbələrə İnternet xidməti göstərildiyini qeyd etdi.

Filial valideyn komitəsinin sədri Çingiz Bağırov, valideynlər Roman Mahmudov, Toğrul Məmmədov, Züleyxa Məmmədova, filialın əlaçı tələbələri Ülviyyə İbrahimova, Vüsalə Abbasova və başqaları çıxış edərək öz ürək sözlərini söyləyərək "Açıq qapı - İnstitut günü"nun təşkilinə görə filial rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Cari ildə ali məktəbə qəbul olunmaq istəyənlərin valideynləri övladlarına ixtisas seçimini birinci növbədə Azərbaycan Müəllimlər İnstitutu və onun Mingəçevir filialı üzrə aparacaqlarını qeyd etdilər.

Sonda "Açıq qapı - İnstitut günü" iştirakçıları filialın dekanlıqları, kafedraları ilə tanış oldular, kompüter mərkəzinə, mühazirə auditoriyalarına, kitabxana tələbə yeməkxanasına baxdılar.

 

Rahilə MƏMMƏDOVA

Azərbaycan müəllimi.- 2010.- 24 dekabr.- S.4.