Ədəbiyyat dərsliklərimiz

 

Ölkəmiz müstəqillik əldə etdikdən sonra cəmiyyətimizin demokratikləşməsi istiqamətində görülən tədbirlər təhsil sahəsində müasir ideyaların meydana çıxmasına, beynəlxalq təcrübənin öyrənilməsinə, təhsilin forma məzmunca yeniləşməsinə geniş şərait yaratmışdır. Təhsil Nazirliyi bu sahədə səmərəli təşəbbüslər göstərmiş, yeni nəsil dərsliklərin yaradılmasına nail olmaq üçün bütün imkanları səfərbər etmişdir. Məhz bunun nəticəsində təlimin məqsədlərinə uyğun olaraq müəyyən tədris fənninin elmi əsaslarını izah edən yeni-yeni dərsliklər tərtib olunmuşdur.

 

Gənc nəslin hərtərəfli şəxsiyyət kimi formalaşmasında, onun mənəvi aləminin zənginləşməsində, idrakının kamilləşməsində, nitqinin inkişaf etdirilməsində ədəbiyyat fənninin böyük rolu olduğu hamıya məlumdur. Bu cəhətdən ədəbiyyat ümumtəhsil məktəblərinin tədris fənləri arasında çox mühüm yer tutur.

Azərbaycanda ədəbiyyatdan dərs vəsaitinin hazırlanmasından bir əsrə yaxın vaxt keçir. Bu müddət ərzində dərsliklər diqqətəlayiq inkişaf yolu keçmişdir. İndi əlimizdə olan dərs vəsaitləri məhz bu varislik, həmçinin beynəlxalq təcrübə əsasında hazırlanmışdır. 

Öncə pilot məktəblər üçün nəzərdə tutulmuş, hazırda isə bütün ümumtəhsil məktəblərinin V və VI siniflərində tədris olunan ədəbiyyat dərslikləri (müəllifləri S.Hüseynoğlu, B. Həsənli, Ə. Quliyev) haqqında fikirlərimizi bölüşmək istəyirik.

Təlimin məqsədinin düzgün müəyyənləşdirilməsi məktəbdə tədris olunan hər hansı fənn üzrə şagirdlərə hansı biliklərin veriləcəyini və nə həcmdə olacağını təsəvvür etməyə, birinci dərəcəlini ikinci dərəcəlidən fərqləndirməyə və seçməyə imkan verir. 

Ədəbiyyat fənni üzrə məktəb kursunun məzmununu düzgün müəyyənləşdirmək ədəbiyyat tədrisinin əsas meyarlarından biri başlıcasıdır. Bu baxımdan, adıçəkilən dərslikləri uğurlu hesab etmək olar. Belə ki, həmin dərsliklərə daxil edilən mövzular şagirdlərin yaş səviyyəsinə uyğun olmaqla yanaşı, gənc nəslin ədəbi təhsili, tərbiyəsi, inkişafı vəzifələrinin yerinə yetirilməsi məqsədinə yönəldilmişdir müasir tələblərə cavab verir. Konkret təlim materialları, bədii nümunələrlə ətraflı tanışlıq bir daha göstərir ki, müəlliflər şagirdlərin mütaliəyə marağını da nəzərə almış, ədəbiyyat dərslərinin canlı, yaradıcı keçməsi üçün möhkəm təməl yaratmışlar. Tədris üçün seçilmiş əsərlər öz ideya-bədii məzmunu, mənəvi-əxlaqi problematikası ilə şagirdlərin müasir düşüncə tərzinə malik şəxsiyyət, humanist, demokratik dəyərlərə yiyələnmiş, ümumbəşəri dəyərlərə hörmət bəsləyən bir insan kimi formalaşdırılması üçün geniş imkanlar açır.

Bədii nümunələrin müasir tələblərə, şagirdlərin qavrama xüsusiyyətlərinə uyğun olaraq daha anlaşıqlı təqdim olunması da diqqəti cəlb edir.

Məktəbdə ədəbiyyat tədrisinin məqsədi odur ki, şagird bədii söz sənətini dərindən dərk etsin, oxuduğu əsəri öz səviyyəsində bədii sənətkarlıq cəhətdən qiymətləndirməyi bacarsın. Məhz bu baxımdan müəlliflər dərslikləri hazırlayarkən şagirdlərə veriləcək biliyin zəruriliyini həcmini diqqət mərkəzində saxlamışlar.

Dərslikdə hansısa ədəbi-nəzəri problem, sənətkarın yaradıcılıq xüsusiyyəti, bu ya digər bədii əsərin təhlili ardıcıl, sistemli şəkildə aydın, sadə dillə şərh edilməli, elmi-ədəbi faktlar bir-biri ilə üzvi şəkildə bağlanmalıdır. Əvvəlki sonrakının izahına zəmin hazırlamalı, sonrakı əvvəlkini tamamlamalıdır. Məhz bu amilə əsaslanan müəlliflər hər bir proqram materialının öyrənilməsi üçün xüsusi əhəmiyyət kəsb edən "Mövzunun öyrənilməsinə hazırlıq" başlıqlı mətn vermişlər. Bu mətnə mövzunun şagirdlər tərəfindən daha fəal mənimsənilməsinə zəmin yaradan müəllif  əsərlə bağlı zəruri məlumat, əsərin ilkin oxusu qavranılması ilə bağlı izahlar, suallar daxil edilmişdir. Mövzunun öyrənilməsi üçün hazırlıq mətnindən sonra bilavasitə öyrənilən əsərin mətni verilmişdir. Mətnlər pedaqoji tələblər baxımından işlənmiş, zəruri ixtisarlar aparılmışdır. İxtisarlar aparılarkən əsas fikir, məzmun, ideya saxlanılmışdır ki, bu da mühüm şərtlərdən biridir.

 Mətnin məzmununun mənimsənilməsindən sonra görüləcək işlər sual tapşırıqlarda, "Oxuyun. Fikirləşin. Cavab verin" bölmələrində öz əksini tapmışdır. Sual tapşırıqlar təsdiqləyici deyil, düşündürücü xüsusiyyətə uyğun olaraq hazırlanmışdır.

Məktəbliləri yaradıcı təfəkkür fəaliyyətinə cəlb etmək üçün müəlliflər görülən işlərlə kifayətlənməmiş, daha məqsədyönlü iş aparılmasını təmin etmək üçün dərsliyə "Müstəqil iş üçün", "Sinifdənxaric oxu üçün" başlıqlı bölmələr də daxil etmişlər.

Ədəbiyyat  nəzəriyyəsi  ədəbiyyatın əlifbasıdır. Ədəbiyyat nəzəriyyəsini dərindən bilmədən bədii ədəbiyyatı yaxşı öyrənmək olmaz. Adıçəkilən dərsliklərdə layla, bayatı, tapmaca, nağıl, şeir, peyzaj, hekayə, mövzu, yazıçı niyyəti, süjet , təmsil, şeir vəznləri s. haqqında verilən mətnlər şagirdlər üçün çox faydalıdır.  

Ədəbiyyat dərsliklərində interaktiv təlim imkanlarının reallaşdırılmasına, eyni mövzu, problem üzrə biliklərin inteqrasiya zəminində mənimsədilməsinə mühüm tələb kimi yanaşılmışdır. Bu məqsədlə mövzunun öyrənilməsi zamanı fəndaxili fənlərarası əlaqələr diqqət mərkəzində saxlanılmış, bu istiqamətdə xüsusi sual tapşırıqlar sistemi işlənilmişdir. Bundan başqa cütlərlə, qruplarla işləmək üçün müəyyən tapşırıqlar da verilmişdir. 

Dərsliklərdə ifadəli oxu ilə bağlı verilən tapşırıq tövsiyələr həm şagirdlərin, həm müəllimin fəaliyyətinin  səmərəli keçməsinə imkan yaratmışdır. Bu istiqamətdəki işin bünövrəsi V sinfin dərsliyində qoyulmuş    VI  sinfin dərsliyində  davam etdirilmişdir.

Etiraf edək ki, ibtidai sinifdən beşinciyə adlayan şagirdlərin ifadəli oxu barədə məlumatı, praktik bacarığı olur. Amma "İfadəli oxuya hazırlaşın"  başlığı ilə verilən mətnlərdən aydın olur ki, hər sözün, hər misranın mənasını başa düşmədən, bədii mətndə ifadə olunan hisslərə şərik çıxmadan ifadəli oxumaq mümkün deyil. Bu mühüm fikrin şagirdlərin başa düşəcəyi şəkildə şərhi dərsliyin oxucularında razılıq hissi doğurur.

Pedaqoji-psixoloji tələblərlə yanaşı, dərsliyin oxunaqlı, cəlbedici olmasında bədii tərtibatın, poliqrafik tələblərin gözlənilməsi mühüm şərtdir, eyni zamanda tərbiyə vasitəsidir. Estetika ilə üzvi şəkildə bağlıdır. Məhz poliqrafik tələblərin gözlənilməsi insana bədii zövq verir, onun qəlbinə incə hissləri aşılayır.

 

Bu baxımdan ədəbiyyat dərslikləri tərtibatı ilə şagirdlərin zövqünü oxşamalı, onlarda ilkin estetik zövq oyatmalı və inkişaf etdirməlidir. Müəlliflər məhz bunu nəzərə alaraq dərsliklərində tərtibata xüsusilə nəzər yetirmişlər. Istər üz qabığında, istərsə şair yazıçıların portretlərində, onların əsərlərinə çəkilmiş illüstrasiyalarda diqqətli olmuşlar. Verilmiş illüstrasiyalar məlumatlarla, mətnlə bilavasitə əlaqəlidir əlavə informasiya verir. 

 

Xəyalə QƏNBƏROVA,

Elçin MANAFOV

Azərbaycan müəllimi.- 2010.- 24 dekabr.- S.19.