Milli həmrəyliyimiz milli fəxarətimizdir

Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Heydər Əliyev lektoriyasında növbəti, 141-ci məşğələ keçirilmişdir. "Heydər Əliyevdünya azərbaycanlılarının həmrəyliyi" mövzusunda məşğələni giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü Yeni il münasibəti ilə kollektivi təbrik etmiş, həmkarlarına möhkəm cansağlığı, uğurlar arzulamışdır. Rektor bu əlamətdar günün tarixi əhəmiyyətindən, Azərbaycan xalqının milli həmrəyliyinin yekdilliyinin formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışdır. Heydər Əliyevin Azərbaycan diasporunun formalaşması uğrunda məqsədyönlü siyasətindən, dünya azərbaycanlılarının qurultaylarının keçirilməsindəki rolundan, bu tarixi missiyanın bu gün Prezident cənab İlham Əliyev tərəfindənuğurla həyata keçirilməsindən bəhs olunmuş, qeyd edilmişdir ki, dahi öndərin azərbaycançılıq ideologiyası bütün nəsillərin amalına, məramına çevrilməlidir.

Magistratura üzrə dekan, tarix elmləri üzrə fəlsəfə doktoru Elbrus İsayev mövzu üzrə məruzə edərək dünya azərbaycanlılarının vahid lideri Heydər Əliyevin ikinci dəfə siyasi fəaliyyətə başlaması ilə Azərbaycanda milli müstəqillik ideyalarının daha geniş vüsət aldığını bildirmişdir. Tarixçi alim 1989-cu ildə Naxçıvan MR-dən başlayan sərhəd hərəkatı ilə milli birlik uğrunda mübarizənin təməlinin qoyulduğunu, 1989-cu ilin dekabrında baş vermiş tarixi hadisələrin məhz ilk dəfə Heydər Əliyev tərəfindən qiymətləndirildiyini, Naxçıvan MR Ali Məclisinin sədri kimi 1991-ci il dekabrın 16-da 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması ilə bağlı xüsusi qərar imzaladığını xatırlatmışdır. Məruzəçi xaricdə yaşayan həmvətənlərimiz haqqında statistik məlumatlara nəzər salmış, bu gün dünyanın dörd bir qitəsində yaşayan, fəaliyyət göstərən yurddaşlarımızın müstəqil Azərbaycan kimi vahid vətəni və yeganə dayağı olduğunu söyləmiş, Azərbaycan diasporunun milli maraqlarımızın, müstəqilliyimizin müdafiəsi istiqamətində gördüyü işlərdən iftixarla söz açmışdır.

Məşğələ zamanı universitet televiziyasının efirində magistrant Elnur Kəlbizadənin hazırladığı "Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi" adlı sənədli film böyük maraqla izlənilmişdir.

 

 

Mehriban SULTAN

 

Azərbaycan müəllimi.- 2010.- 31 dekabr.- S.11.