Böyük həyatın səhifələri
Bəni-bəşərdən insan
övladı işıqlı ideallar yolunda seçim edib,
öz həyatına, rövnəqli
yaradıcılığına çıraq tutan şəxsiyyətləri
mənalandırıb, onların şərəf və ləyaqətlə
dolu nümunələrindən istifadə yolu ilə öz həyatlarının
da təzələnməsinə, yeniləşməsinə əbədi
iz salıblar. Müqtədir
ömür-gün sahiblərinin minbir ehtişamdan xəbər
verən həyat və yaradıcı məramı
insanları daim düşündürmüş, mübarizə
və yaşam yolunda onlara mənəvi dəstək
olmuşdur.
Zəmanəsinin
böyük şəxsiyyətləri harada olursa-olsun,
bütün sülhsevən, mətin və iradəli insanlara
etalon olmuş, onların qəlbində ən müdrik və əbədiyaşar
duyğular oyatmışlar.
Belə
tarixi şəxsiyyətlərdən biri də nəsillər
üçün əbədiyaşarlıq simvolu olan, təkrarolunmaz
və misilsiz şücaəti, ağıl və zəka mədəniyyəti
ilə könülləri ehtizaza gətirən, ənənə
və müasirlik pearadiqmaları ilə ictimai şüura, mənəvi
xislətə milli və ümumbəşəri keyfiyyətlər
bəxş edən ulu öndər, milli iftixarımız Heydər
Əlirza oğlu Əliyev olmuşdur. Onun dünya ictimai
birliyində, öz xalqına olan sonsuz məhəbbətində
mətin ideyaları və məğrur əməli
addımları ən yaxın silahdaşlarından tutmuş,
bütün bəşər övladı üçün
yanar məşələ çevrilmişdir.
Milyonlarla
insanların qəlbində yaradıcı fütahat sahibi kimi
qalan bu yenilməz dövlət və ictimai xadimin milli mənəvi
dəyərlərimiz haqqında da xüsusi
vurğulamaları gənc nəslin ideya-siyasi və vətəndaşlıq
hazırlığında müstəsna əhəmiyyəti
olan müdrik tövsiyələr olaraq qalır və
qalacaqdır.
Bu
müdrik insanın həyat və yaradıcılıq yoluna
çıraq tutan, könülləri ehtizaza gətirən sanballı fikir və
mülahizələri çox olmuşdur. Hər kəs öz
qəlbindən gələn səmimi və həssas
duyğularında onu böyük şəxsiyyət, ulu
öndər, milli lider, xalq və Vətən təmsilçisi,
müdrik ata, nəcib və qayğıkeş insan kimi səciyyələndirən
keyfiyyətlərdən özünə şəxsi ideal
nümunəsi əxz edərək, onun mətin yolunun, müqəddəs
məramının yolçusuna çevrilməyə
çalışmışlar.
Dünya
şöhrətli dahi rəhbərimiz olan Heydər Əlirza oğlu Əliyevin elmdə
və həyatda sübut olunmuş şəxsiyyət
bütövlüyü, vətənpərvərlik qayəsi,
azərbaycançılıq şüuru, təmiz və saf əqidəliliyi, dövlət və dövlətçilik
idealları müstəqil Azərbaycanımız
üçün yüksək təminatı olan milli mənəvi
dəyərlərlə həmişə vəhdət təşkil
etmiş, yaradıcı ömrünün ağıl məşəlinə
çevrilmişdir.
Pedaqoji
elmlər doktoru, professor, əməkdar müəllim,
Ağahüseyn Həsənovun yenicə işıq üzü görən "Milli-mənəvi
dəyərimiz" adlı nəfis tərtibatla
yazdığı kitab məhz bu cəhətdən ulu öndərin həyat səhifələrindən
bəhs edən unikal dəyərdə sanballı, qiymətli
didaktik mənbə kimi çox əhəmiyyətlidir.
"Milli-mənəvi
dəyərimiz" təqdimatı ilə oxucuya təqdim
olunan bu sanballı və müasir üslublu populyar kitab milli mənəviyyatımızın
mühüm bir qolunu - ən ali insani keyfiyyətlərə
qovuşmağın tədqiqi məsələlərinin
öyrənilməsi baxımından
da əhəmiyyət kəsb edir. İctimai və sosial
proseslər mühitində qazanılmış təcrübədən
ümumxalq və ümumdövlət səviyyəsində
görkəmli şəxsiyyətlərin həyat və məram
nümunələrinin tədqiqi və öyrənilməsi
problemi bütün yazarlar tərəfindən həmişə izlənir, gənc
nəslə mənəvi-ideoloji model kimi təqdim olunur. Bu cəhətdən
professor Ağahüseyn Həsənovun xüsusi maraq
doğuran tədqiqatlar sistemi oxucu üçün həmişə
böyük rəğbətə səbəb olmuşdur.
Fundamentallıq
və kütləvilik
baxımından fakt və hadisələrin bütöv,
tam bir sistemini əhatə edən bu kitab özünün elmi problematikası, nəzəri səviyyəsi,
müəllif mühakiməsi və istinad olunan mənbələrin
zənginliyi ilə də diqqəti cəlb edir.
Davamlı
inkişafın metodoloji harmoniyasını, təkamül prosesini milli mənəvi keyfiyyətlər
sisteminin qorunması ilə əlaqələndirmək, adətən,
çətin və mürəkkəb prosesdir. Lakin müəllif,
bütöv bir bənzərsiz ömrün şəxsi
kredosunu, ictimai mündəricəsini effektli tədqiqat
üsulları ilə arayıb-axtarmaq yolu ilə müxtəlif
məqamları orijinal tərzdə, novator baxışlarla təhlil-tərkib
etmiş, bu sahədə mövcud olan, ictimai məzmun
daşıyan çoxsaylı elmi və kütləvi əsərlərə
də istinad etmişdir.
Unudulmaz
tarixi şəxsiyyət, müdrik insan Heydər Əlirza
oğlu Əliyevin uzun illər ərzində
qazandığı dövlətçilik təcrübəsindən
bəhs edən müəllifin bu arzularına istinadən,
kitabın "Ön söz" dərgahına, "qədəm" qoyan oxucu üçün aydın
və lakonik ifadə üslubu ilə şərh olunan fikirlər
bir daha xalqın tarixi yaddaşından süzülüb gələn
istək və arzularımızı, milli və mənəvi
istəyimizi gücləndirir, ulu öndərin əbədiyaşar
prinsiplərinin sadiqkeş yolçusu olmağa hər birimizi
səfərbər edir.
Məqalədə
deyilir: "Azərbaycanın mənəvi dəyərlərinin
dirçəldilməsi, dünyada Azərbaycanın həqiqi
obrazının yaradılması sahəsində Heydər Əliyevin
həyata keçirdiyi siyasi xətt üzərində
düşünərkən bir daha yəqin edirsən ki, o, hələ
yetmişinci illərdə bu istiqamətdə fəaliyyəti
ilə bunların təməlini qoymuş və peyğəmbərcəsinə
uzaqgörənliklə xalqın gələcəyini
düşünmüşdür.
1993-cü
ildə respublikada həqiqətən dərəbəylik
hökm sürürdü. Ölkəni əyalətlərə
parçalamaq məqsədi vətəndaş müharibəsinin
baş qaldırmasına səbəb olmuşdu. Belə
çətin vaxtda Heydər Əliyev Azərbaycana, hakimiyyətə
qayıdaraq ölkənin həyatında yaranan
çatları bir-bir bərpa edərək müstəqil
dövlətimizin atributlarını yaratmaqla
inkişafımızın qızıl dövrünün təməlini
qoydu".
III fəsil,
60 adda məqalələr silsiləsindən ibarət
"Milli-mənəvi dəyərimiz" kitabı
böyük şəxsiyyətin ideya-mənəvi irsinin
öyrənilməsinə həsr olunmuş ilk didaktik vəsait
kimi də əhəmiyyət kəsb edir.
Müəllifin
ideya və inam yanaşmaları əsasında qurulan və tərtibatında
müasir illüstrativ-dizayn texnologiyalarından istifadə
olunan kitabda müxtəlif
dövrlərdə ulu öndərin "həyat fraqmentləri",
həmçinin onun ölkəmizin tərəqqisi ilə
bağlı fəaliyyətini əks etdirən
çoxsaylı fotolar və sənədlər, forma, mövzu
və ideya baxımından çox dəyərlidir.
Qeyd
etmək lazımdır ki, xüsusən, milli mənəvi dəyərlər
istiqamətində gənc nəslə örnək olan
ümumpedaqoji ideyaların böyük bir təşnəsi
olan bu fundamental tədqiqat işində müəllif tərəfindən
faktoloji materiallarla yanaşı, həm də xalqın minillik
etiqadından və əməniyyətindən
süzülüb gələn və ulu öndərin aforistik
deyimlərində xoş və səlis avazla səslənən
müdrik kəlamlardakı doğmalığı, səmimiliyi
yüksək elmi-nəzəri mülahizə və mühakimələrlə
öyrənilmiş, həm görkəmli Heydərşünasların
tədqiqatlarındakı memuar xatirələr, elmi problematika,
həm də milli mənəviyyatımızın məşhur
simasının yaradıcılıq keyfiyyətləri
araşdırılmışdır.
Tarixin
o üzündən, uzaqlardan gələn milli mənəvi dəyərlərimizin
ruhumuza gətirdiyi humanist qayələrin ulu öndərin həyat
və yaradıcılıq manerasında əksini tapan bu əzmkar
keyfiyyətləri müəllif bir daha kitabın ideya-bədii
dəyərində, mövzu və janr özəlliklərində,
dil və üslub keyfiyyətlərində, ədəbi-fəlsəfi,
mənəvi-pedaqoji mülahizələr kontekstində
ümumiləşdirərkən bu görkəmli şəxsiyyətin
ömür-gün yolunda əbədi iz salan tarixi nişanələrini
vicdanlı, halal və obyektiv münasibət nümayiş
etdirən tədqiqatçı kimi qabardaraq öz fikir və
düşüncələrində bariz şəkildə əks
etdirmişdir. Bu unikal kitab elmi-məzmununa, lakonik bədii dəyərinə,
dərin ictimai-sosial mündəricəsinə və
ideya-estetik xüsusiyyətlərinə görə də diqqəti
cəlb edir.
Bütövlükdə
isə, bütün ictimai əfkarımıza, geniş oxucu
auditoriyasına novator ruhlu, dərin fəlsəfi-pedaqoji siqləti
olan kitab kimi təqdim olunan bu qiymətli vəsait mənəvi
dünyamızı zənginləşdirməyə xidmət
edir.
Azərbaycan
Dövlət Pedaqoji Universitetinin Ümumi pedaqogika
kafedrasının professoru, pedaqoji elmlər doktoru
Ağahüseyn Həsənovun "Milli-mənəvi dəyərimiz"
kitabı böyük tarixi sima, görkəmli dövlət və
ictimai xadim, Azərbaycan dövlətçiliyinin və
müstəqilliyinin qorunmasında ömrünü şam kimi
əridən, Vətən və xalq yolunda böyük xidmətləri
olan Heydər Əlirza oğlu Əliyevin həyat və
yaradıcılıq irsinin araşdırılmasına həsr
olunmuş tarixi salnamədir.
Kitabın
elmi redaktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli,
məsləhətçisi filologiya elmləri doktoru, professor
Vilayət Əliyev, rəyçiləri isə pedaqoji elmlər
doktoru, professor Yəhya Kərimov və pedaqoji elmlər
doktoru, professor Əmrullah Paşayevdir.
İnanırıq
ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
əbədiyaşar xatirəsinə ithaf olunan "Milli-mənəvi
dəyərimiz" kitabının qayəsi yetişməkdə
olan gənc nəslin mənəvi tərbiyəsini azərbaycançılıq,
vətənə sədaqət, böyük vətənpərvərlik,
xalqa bağlılıq, milli qeyrət... ruhunda inkişaf
etdirilməsi ulu öndərimizin parlaq nümunəsi əsasında
həyata keçirilməsindən ibarət olub, bundan sonra da
gələcək nəsillərin qəlbində mötəbər
yer tutacaqdır.
Rüfət HÜSEYNZADƏ,
AMİ-nin Pedaqogika
kafedrasının müdiri,
əməkdar müəllim, pedaqoji elmlər doktoru,
professor,
Vidadi BƏŞİROV,
ADU-nun Pedaqogika kafedrasının
dosenti,
pedaqogika üzrə fəlsəfə
doktoru
Azərbaycan müəllimi.- 2010.-
31 dekabr.- S.11.