"Azərbaycan, doğma Vətənim mənim!"

 

Lənkəran Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü Yeni il münasibətilə keçirilən tədbir belə adlanırdı.

Universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov tədbiri açaraq iştirakçıları təbrik etdi. O bildirdi ki, 2010-cu il Azərbaycan tarixinə iqtisadi və sosial həyatın bütün sahələrinin inkişafında kəskin sıçrayış və tərəqqi ili kimi daxil olmuşdur. Ümummilli lider Heydər Əliyev zəkasının işığından güc almış Azərbaycan onun siyasi varisi cənab İlham Əliyevin rəhbərliyilə işıqlı sabahlara inamla addımlayır. Rektor ölkəmizdə milli təhsil quruculuğu strategiyasının uğurla həyata keçirildiyini də vurğulamış və  bu istiqamətdə Lənkəran Dövlət Universitetində görülmüş işlər haqqında məlumat vermişdir.

Dil və ədəbiyyat kafedrasının dosenti, filologiya elmləri namizədi, Prezident təqaüdçüsü Mirhaşım Talışlı çıxışında bu gün müstəqil Azərbaycan Respublikasının bütün dünya azərbaycanlılarının doğma yurdu və etibarlı dayağı olduğunu bildirmiş, həmrəylik gününə və Yeni ilə həsr etdiyi şeirlərini söyləmişdir.

Lənkəran Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli, universitet valideynlər şurasının sədri Sərhad Məmmədov, valideynlər adından Heybət Mirzəyev, universitetin iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisad elmləri namizədi Əlixan Bədəlov Yeni il arzularını bildirməklə qeyd etdilər ki, Azərbaycan həqiqətləri bu gün bütün dünyaya çatdırılır. Çıxış edən tələbələrdən Əlirza Məhərrəmov, Sevinc Şirzadova, tələbə-gənclər təşkilatının sədri Seymur Murtuzayev bu həqiqətlərin dünyaya yayılmasında tələbə-gənclərin də xidməti olduğunu söylədilər. Qeyd edildi ki, ulu öndər Heydər Əliyevin bu istiqamətdə müəyyənləşdirdiyi strategiya dəyişməz olaraq qalır və bu siyasi kurs uğurla davam edir.

Tədbirdə "Azərbaycan, doğma Vətənim mənim!" adlı ədəbi-bədii kompozisiya göstərildi. Yeni ilə həsr olunmuş şeirlər, mahnılar səsləndi, səhnəciklər, viktorinalar keçirildi.

TEMPUS proqramı çərçivəsində ingilis dili, informatika və ümumi layihələr üzrə olimpiadaların qaliblərinə, yubileyləri qeyd olunmuş universitet əməkdaşlarına, ictimaiyyətin nümayəndələrinə Fəxri fərmanlar və qiymətli hədiyyələr verildi.

Tədbirdə elm və təhsil müəssisələrinin, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.       

 

 

Hacı Etibar ƏHƏDOV

 

Azərbaycan müəllimi.- 2010.- 31 dekabr.- S.11.