Müasir texnologiyaların təqdimatı

 

Naxçıvan Dövlət Universitetində yeni elektron mühafizə sisteminin və virtual tədris üçün  müasir avadanlıqların təqdimatı keçirilmişdir.

Universitetin rektoru, akademik İsa Həbibbəyli son illər bu ali məktəbdə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin uğurlu bəhrələrindən danışmışdır. Qeyd olunmuşdur ki, 110 hektarlıq universitet ərazisini əhatə edən Wi fi  kampus İnternet şəbəkə sistemi virtual əməkdaşlıq üçün geniş imkanlar açmışdır. Ənənəvi "Elektron Naxçıvan" proqramı, çoxsaylı videokonfranslar, universitetin dünyanın elm, təhsil sisteminə inteqrasiyası, inkişafı istiqamətində atılan mühüm addımlardır.

İnformasiya-kommunikasiya texnologiyaları şöbəsinin müdiri Xaliq Babayev yeni elektron mühafizə sistemi və "polyjom HDX 8000" markalı İnternet konfrans kamerası haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, server otağından mərkəzləşdirilmiş şəkildə idarə olunan, bütün tədris korpuslarında quraşdırılmış kameralardan ibarət mühafizə sistemi təhlükəsizliyin təminatı və nizam-intizamın daha da möhkəmləndirilməsi üçün nəzərdə tutulmuşdur.

İnternet konfrans kamerası isə virtual dərslərin təşkilində istifadə olunacaq ən müasir texnologiyadır. 4 mbt. sürəti olan kamera vasitəsilə eyni zamanda 4 məkanla bağlantı qurmaq mümkündür. Yüksək audiovizual keyfiyyəti və yaddaş tutumu olan kameranın 9 m. məsafədən səs qeydə almaq, telefona qoşulmaq, qarşı tərəfdən də idarə olunmaq imkanları var. 

 

 

Mehriban SULTAN

 

Azərbaycan müəllimi.- 2010.- 31 dekabr.- S.10.