Pedaqoji kollektivin sevinci

 

Bakıdakı 5 nömrəli orta məktəb ölkəmizdə gedən təhsil islahatının yeniləşmə prosesindən kənarda qalmayıb. 700  şagird üçün  nəzərdə tutulan məktəbin əsası  1970 -ci ildə  qoyulub. Məktəbimiz ixtisaslı müəllimlərlə tam təmin olunub. Onlardan  1 nəfər əməkdar müəllim, 2 nəfər 2008-2009-cu dərs ilində "Ən yaxşı müəllim" adına layiq görülüb. 2009-2010-cu dərs ilində  rəhbərlik etdiyim təhsil ocağı "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub.

Bu gün məktəbin  fəaliyyət planı və idarə olunması demokratik prinsiplər əsasında qurulur. Məktəbin  metodiki şurası ayrı-ayrılıqda təqvim planlarının qurulmasında, Milli Kurikulumun, İKT-nin dərslərdə tətbiqində, müəllimlərin innovasiya fəaliyyətinin artırılmasında və fənlər üzrə monitorinqlərin aparılmasında mühüm rol oynayır. Məktəbimizdə bütün pedaqoji şura və valideyn iclasları müasir texnologiyalar vasitəsi ilə  həyata keçirilir. Pedaqoji şuralarda təhsillə bağlı bir sıra məsələlərin müzakirəsi ilə yanaşı, qabaqcıl müəllimlərin iş təcrübəsinin yayılması da ənənə halını alıb.

Hazırda 5 nömrəli orta məktəbdə şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması və Azərbaycan dövləti üçün hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşdırılması istiqamətində ciddi addımlar atılır. Bu məqsədlə təhsil ocağında özündə milli və vətənpərvərliyimizi  əks etdirən müxtəlif  sərgilərin keçirilməsinə geniş yer verilir. Məktəbin "Cəsurlar" və "Şahin" hərbi idman komandası Bakı zona turnirində müxtəlif nominasiyalar üzrə qalib yerləri tutub.

Qəbul imtahanlarında 500-700 arasında bal toplayan şagirdlərin göstəriciləri ürəkaçandır.Məktəb rəhbərliyi şagirdlərin buraxılış imtahanlarına hazırlıq mərhələsini də diqqət mərkəzində saxlayır, fənlər üzrə monitorinq və qiymətləndirmə aparır, nəticələr təhlil edilərək nöqsanların aradan qaldırılması sahəsində geniş işlər görülür.

Təhsil islahatının vacib tərkib  hissələrindən biri də  valideynlərin məktəb həyatında  rolunu artırmaqdır. Bununla əlaqədar valideynlərin rəy və təkliflərini qəbul edib operativ həll etmək üçün elektron poçtumuz və İnternetdə veb-sayt səhifəmiz fəaliyyət göstərir.

2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə əlaqədar cari dərs ilində pedaqoji kollektivimiz valideynlər və ictimaiyyətin birgə nümayəndələri ilə yaşıllaşdıma kampaniyası həyata keçirmiş və məktəbyanı sahədə 300-ə yaxın şam ağacı əkilmişdir.

Qarşıdan Yeni il gəlir,  arzularımız tükənməzdir. Mən rəhbərlik  etdiyim pedaqoji kollektiv adından bütün təhsil işçilərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə  təbrik edirəm. Arzu edirəm ki, 2011-ci il xalqımız üçün daha uğurlu il  olsun!  

 

 

Nərminə GÜNDÜZLÜ

 

Azərbaycan müəllimi.- 2010.- 31 dekabr.- S.13.