"Ekologiya ilinə töhfəmiz"

 

Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində dekabrın 21-də "Ekologiya ilinə töhfəmiz" mövzusunda məktəblilərin Respublika  Ekoloji Forumu keçirilmişdir. 

Forumda respublikanın rayon (şəhər)  ETTM-nin,  ümumtəhsil  məktəblərinin  77  nəfər  dərnək üzvü, V-XI sinif şagirdləri iştirak etmişdir. Respublika Forumuna 70 məktəblinin 4 bölmə üzrə yaradıcılıq işi təqdim olunmuşdur.

Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin "Ekoloji patrul" dəstəsinin üzvləri, 58 nömrəli məktəbin 8-ci sinif şagirdləri forum iştirakçılarını salamladıqdan sonra söz qonaqlara verildi. Təhsil Nazirliyi Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov çıxış edərək, "Ekologiya ili"ndə məktəblilərin  ekoloji təhsili və tərbiyəsi sahəsində uğurlu işlər göruldüyünü qeyd etdi. Məktəblilərin "Ekologiya ilinə töhfəmiz" mövzusundakı çıxışlarını alqışladı. Forumda iştirak edənlər dərnək üzvlərinin nümayiş olunan əl işləri ilə tanış olaraq, ekoloji biliklərin artırılmasında onlara ugur dilədilər.

Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Nazim Mahmudov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar təhsil sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev və digər qonaqlar çıxış  edərək "Bioloji müxtəlifliyin  qorunması", "Ətraf mühitin təmizliyi-bizim sağlamlığımızdır", "Təbii sərvətlərin davamlı istifadəsi", "Su-həyatdır" mövzularına həsr olunmuş referatların təqdirəlayiq olduğunu, məktəblilərin dərin ekoloji biliklərə yiyələndiyini, "Ekologiya ili"ndə məktəblilərin ətraf mühitin yaxşılaşdırılması üçün gördükləri işləri qeyd etdilər.

Tədbirdə münsiflər heyətinin  qərarı ilə referat işləri 10 bal sistemində qiymətləndirilərək qaliblər müəyyən edildi. 9 məktəblinin referat işi I, II, III  dərəcəli diploma, xüsusilə fərqlənmiş 4 məktəblinin  referatı  diplomlara, forumun  digər  iştirakçıları isə sertifikatlara layiq görüldü. Fərqlənənlər sırasında  Bakı, Sumqayıt, Şirvan şəhər, Masallı, Tərtər, Qəbələ, Biləsuvar, Göygöl, Cəlilabad, Hacıqabul, Quba rayon  məktəbliləri xüsusilə fərqləndilər. Qaliblərə  Təhsil Nazirliyinin diplomları, hədiyyələr və forumun digər iştirakçılarına sertifikatlar  təqdim  olundu.

 

 

Azərbaycan müəllimi.- 2010.- 31 dekabr.- S.15.