Gəncə məktəblərinin İnternetə qoşulması prosesi başa çatıb

 

2008-2012-ci illəri əhatə edən "Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması" Dövlət Proqramına uyğun olaraq Gəncədəki 41 məktəbin sürətli İnternet şəbəkəsinə qoşulması prosesi başa çatmışdır.

Bu barədə məlumat verən Dövlət Proqramının icraçısı, "AZEDUNET" Məhdud Məsuliyyətli Cəmiyyətin regional direktoru Ruslan İbrahimov demişdir ki, sözügedən layihə Təhsil Nazirliyinin təhsil sisteminin informasiyalaşdırılması idarəsi ilə birgə həyata keçirilmişdir. Keçən ildən Gəncədə başlayan bu proses başa çatmışdır. Artıq ətraf rayonların lokal şəbəkəyə qoşulması işlərinə başlanılmışdır. Hazırda Göygöl, Daşkəsən və Samux rayonlarının orta məktəblərinin bu şəbəkəyə qoşulması üçün kompleks tədbirlər görülür.

Layihənin icrasını həyata keçirən müəssisə pulsuz "qaynar xətt" təşkil edərək məktəblərdəki İnternet şəbəkəsində baş vermiş hər hansı nasazlığın aradan qaldırılmasını da öz üzərinə götürmüşdür.

 

 

Azərbaycan müəllimi.-2010.-5 fevral.-S.1.