Universal "alim"
Xeyli müddətdir ki, Əlövsət
Osmanlı adlı şəxsin "Azadlıq" qəzetinin
səhifələrində tanınmış təhsil
işçilərinə, ziyalılara ünvanlanmış
böhtan və yalan dolu yazılarına münasibət bildirmək
istəyirdim. Ancaq hər dəfə qələmi əlimə
alanda daşıdığım vəzifənin məsuliyyətini
hiss edərək, nə özümü, nə də 75 illik
tarixi olan "Azərbaycan müəllimi" qəzetini Əlövsət
səviyyəsinə salmayım, deyə, bu fikrimdən
daşınırdım. Nəhayət, heç bir sərhəd
tanımayan bu şəxsin ildən artıq müddət ərzində hər gün "Azadlıq" qəzetinin
bir səhifəsini təhsillə bağlı uydurma və cəfəng
fikirlərlə doldurması məni də həmin
böhtanlara tutarlı cavab verməyə sövq etdi.
Riyaziyyatçı olsa da,
"Əlifba" və "Həyat bilgisi" dərsliklərinə
də həmmüəlliflik etmiş universal "alim" Əlövsət
Osmanlını dərslik müəllifliyi həvəsinə
düşdüyü ilk vaxtlardan tanıyan bir şəxs kimi
onun kimliyinə azacıq da olsa, aydınlıq gətirmək
üçün bəzi alim və ziyalıların da
yaxşı xatırladıqları bir məqama diqqət
çəkmək istəyirəm. Bir neçə il öncə
Təhsil Nazirliyində yeni dərsliklərin
hazırlanması ilə bağlı müşavirə
keçirilirdi. Bu işdə tanınmış alimlər
öz sahələri ilə bağlı fikirlərini bildirir,
dəyərli təkliflər verirdilər. Tədbirin sonuna
yaxın bir nəfər müşavirəyə sədrlik edən
nazirdən söz istədi. özünə, fikir və məntiqinə
arxayın olmayan adamlar kimi çəkinə-çəkinə
sözə başladı. Əlbəttə, bu da təbii
idi. Tanınmaq xatirinə çıxış etmək istəyənləri
məntiqi və biliyi ilə
yerində oturda biləcək təhsil naziri cənab Misir Mərdanovun,
uzun illər dərslik müəllifləri olmuş təcrübəli
alimlərin qarşısında təklif vermək asan iş
deyildi. Həmişə yeni fikir və ideya sahiblərinin
sözünü eşitməyə üstünlük verən
nazir ənənəsinə sadiq qalaraq, heç kimin
tanımadığı, ilk kəlməsindən
naşılığı hiss olunan bu şəxsin də
sözünü kəsmədi, onu sona qədər dinlədi.
Həmin şəxs "Azadlıq" qəzetinin neçə
müddətdir ki, elm və təhsil ictimaiyyətinə, xalq
dili ilə desək, "alim" kimi sırımaq istədiyi
Əlövsət Osmanlı idi.
Əlövsət
Osmanlı zalın diqqətini çəkmək
üçün əvvəlcə bildirdi ki, Bakı Dövlət
Universitetində təhsil alan zaman nazirin tələbəsi
olub. Bu təhsil ocağının yüzlərlə tələbəsinin
müəllimi olmuş nazir isə onu
tanımadığını bildirdi, hətta həmin illərdə
yüksək istedadı ilə fərqlənən bir neçə
tələbəsinin adını da sadaladı. Təbii ki,
onun adı bu tələbələr arasında da yox idi. Nəhayət,
nazirin "nə isə, xatırlaya bilmədim", - deməsi
Ə.Osmanlının pərt vəziyyətə düşməsinə,
iştirakçıların gülüşünə də
səbəb oldu.
Sonra özünü
çox abırlı və həyalı şəxs kimi təqdim
etməyə çalışan Əlövsət Osmanlı
şou əhlinə məxsus tərzdə əzilib-büzülməklə
bir sıra cəfəng "təkliflərini" də
verdi. Tanınmış alim və dərslik müəlliflərinin
onun sərsəm fikirlərini olduqca qeyri-ciddi
qarşıladıqları aydın hiss olunsa da, hamı etika
xatirinə susaraq, diqqəti digər məsələlərin
müzakirəsinə yönəltdi... (Bütün bunlar Təhsil
Nazirliyinin videoarxivində olan kadrlardan da aydın
görünür.)
Cənab Osmanlı! Bu
faktı yada salmaqda məqsədim sənə yaxın
keçmişini xatırlatmaqdır. Görünür, dəyişən
illər sənin əsl simanı, hansı mənəviyyat
sahibi olduğunu, kimliyini üzə
çıxardı. Yırtılmış maskalarından
göründü ki, məqamında fağır və rəzil
görünməyi ustalıqla bacarır, məddahlıqlarını
səmimi münasibət kimi büruzə verə bilirsən.
İctimai
Televiziyanın efirindən səsləndirdiyim "Elm aləmi
Əlövsət Osmanlı adlı şəxsi
tanımır", fikrimi qəbul etmədin. Televiziyadakı
3-4 dəqiqəlik çıxışıma az qala hər
yazında öz qərəzli münasibətini bildirdin. Ancaq
unutma ki, bu ölkədə "Azadlıq" adlı qəzetdən
başqa heç kim səni alim kimi qəbul etmir və etməyəcək.
Kitab rəfinin qarşısında çəkilmiş şəklini
qəzet səhifələrinə verməklə, heç vaxt
ziyalı, alim imici qazana bilməyəcəksən.
Dünyada elə bir
alim, dərslik müəllifi göstər ki,
riyaziyyatçı ola-ola həm "Əlifba", həm də
"Həyat bilgisi" dərsliklərinə də müəlliflik
etsin. Yoxsa bununla özün üçün "universal
alim" imici yaratmaq istəyirsən? Əlbəttə, 10-15
il öncə dərslik sahəsində bəzi boşluqlar var
idi. Yenicə müstəqillik əldə etmiş
ölkəmizdə milli dərsliklərin hazırlanması
üçün nəşriyyatlar da hələ
formalaşmamışdı. Siz də bu boşluqlardan məharətlə
istifadə edib sıralara qoşuldunuz, necə deyərlər,
başınızı başlara qoşdunuz. İndi isə
ölkəmizdə mükəmməl dərslik siyasəti həyata
keçirilir. Professional nəşriyyatlar, təcrübəli
alim və müəllimlərdən ibarət müəlliflər
kifayət qədərdir. Artıq bu sırada sənə yer
yoxdur, cənab Osmanlı!
Mənasını
anlamadığın, bilənlərdən öyrənmək
belə istəmədiyin
kurikulum sözündən çox danışırsan. Ancaq
unudursan ki, dünyanın bütün inkişaf etmiş və
etmək istəyən ölkələrində tətbiq
olunmuş bu yeniliklərin ölkəmizə gətirilməsi
zəruridir. Biz təhsilimizin səviyyəsini yüksəltməkdə
olduğumuz bir vaxtda onu Əlövsət səviyyəsinə
endirə bilmərik. Bu gün dövlətimizin siyasəti
budur ki, tətbiq etdiyimiz yenilikləri, sənin tək anlamayan
5-10 nəfər olsa belə, geriyə dönməməliyik.
Yazdıqlarının cəfəngiyat
olduğunu özün də bilirsən. Əgər
dediklərində kiçicik bir həqiqət olsaydı, səni
ismi kimsəyə bəlli olmayan "təhsil ekspertləri",
"Azadlıq" qəzetinin elm və təhsildən xəbərsiz
yazarları deyil, tanınmış bir alim, ziyalı müdafiə
edərdi.
Çox məntiqsiz bir
yanaşmanla təhsil nazirini dərslik müəllifi olmaqda,
yazı yazmaqda günahlandırırsan. Məgər
bütün həyatı təhsillə bağlı olan,
müəllimlikdən nazir vəzifəsinə qədər
böyük yol keçmiş bir alimin, tanınmış elm
adamının da dərsliyə həmmüəllif olması,
öz bilik və təcrübəsini digər müəlliflərlə
bölüşməsi təhsilimizin xeyrinə deyilmi? Təhsil
nazirinin yazı yazması, kitabla məşğul olması nə
vaxtdan yasaq olub?
Cəfəng
yazılarında sənə nə üçün cavab verilmədiyini
bildirirsən. Fikrini əsaslandırmaq üçün
hətta Türkiyədə rəhbər işçilərin
belə hallara dərhal münasibət bildirdiyini qeyd edirsən.
Ancaq unutma ki, dünyanın heç bir ölkəsində
dövlət rəsmiləri sənin tək "alim"lərə
cavab vermək üçün dəyərli vaxtlarını
sərf etmirlər.
Ölkənin
tanınmış alim və mütəxəssislərinin
iştirakıyla Təhsil Problemləri İnstitutunda dərsliklərlə
bağlı keçirilən müzakirələrə dəvət
olunsan da, yenə meydanda görünmədin. Bəs elə isə
məqamında gizlənən, mütəxəssislər
yanında danışmağa cürət etməyən, elmi
mübahisələri alimlər arasında deyil, qəzet səhifələrində
aparan bir şəxsə alim demək olarmı?
Unutma ki, hər gün
"Əlövsət dastanı"na səhifə-səhifə
yer ayıran, qeybət xarakterli materiallarla səhifələrini
dolduran bu üzdəniraq qəzetlər ölkəmizin
inkişafından qıcıqlanan, Azərbaycan iqtidarına
qarşı çıxan sənin kimi "qəhrəmanlar"a
hər zaman qucaq açır, sizdən müvəqqəti də
olsa, öz məqsədləri üçün istifadə
edirlər.
Uzun müddətdir ki, təhsil
və mətbuat sahələrində
çalışıram. Səndən fərqli olaraq,
heç vaxt öz işim, nailiyyətlərim haqqında
danışmamışam. Ancaq mənə
ünvanladığın "elmdən və təhsildən
xəbərsiz" ifadələrinə cavab olaraq bildirirəm
ki, elmi nəticələri təsdiq edən qurum mənə də
son dövrün jurnalistikası
ilə bağlı tədqiq etdiyim elmi işə görə,
köhnə qaydada desək, siyasi elmlər namizədi adı
verib. Təhsilimlə bağlı məsələyə gəldikdə isə bildirirəm
ki, ölkənin iki ən böyük ali məktəbində
təhsil almışam, vəzifəm isə ictimaiyyəti və
sənin tək təhsildən bixəbər insanları məlumatlandırmaqdır.
Yazılarında
tanınmış alimlərə, ziyalılara, dövlət və
hökumət adamlarına qarşı elmi adına,
yaşına yaraşmayan sözlər, nalayiq ifadə və
söyüşlər işlədirsən. Yaxşı
bilirsən ki, hər kəs istəsə, səndən daha sərt
uydurma, böhtan və təhqirlər yaza bilər. Ancaq
bugünkü mövqeyimi nəzərə alıb sənə
özün tərzdə cavab verməyi özümə layiq
bilmirəm.
Bu sözləri nifrət
dolu bir qələmlə yazdığımı özüm də
hiss edirəm. Ancaq bu fikirlərin sahibi təkcə mən yox,
həm də hər gün rastlaşdığım, telefonla
fikirlərini dinlədiyim yüzlərlə müəllim və
ziyalıdır.
Müdriklərimiz deyirlər ki, ən nadan insanlar belə, adətən, ömürlərinin ikinci yarısında ədalətli olmağa, böyük və ağıllı adamlardan öyrənməyə, hörmət qazanmağa çalışırlar. Səninsə qazancın ancaq səni tanıyanların nifrəti oldu. Barı bundan sonra çalış ki, sənı tanıyanlar az olsun.
Bayram HÜSEYNZADƏ
Azərbaycan müəllimi.-2010.-5 fevral.-S.4.