Coğrafiya dərslərində interaktiv təlim metodlarının və İKT-nin tətbiqi

 

Yeni təlim metodlarından istifadə müasir dərsin əsas xüsusiyyətlərindəndir. Müəllim hansı metodlardan necə və nə zaman istifadə edəcəyini bilməli, sinifdə şagirdlərin öz rəylərini, təkliflərini sərbəst və azad ifadə etmələrinə, müəllim-şagird əməkdaşlığına şərait yaratmalıdır. Təlim metodları şagirdlərin yaş və bilik səviyyələrinə görə seçilməli, hər bir şagirdin psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır.

1988-ci ildən coğrafiya müəllimi kimi fəaliyyət göstərirəm. Dərs dediyim siniflərdə interaktiv təlim üsullarından olan əqli hücum, rollu oyunlar, cütlər və qruplar, diskussiya, dairəvi söhbət və s. tez-tez istifadə edirəm.

Yuxarı siniflərdə interaktiv metod və üsullarına daha geniş yer verirəm. Keçilən mövzulara aid filmlər, şəkillər nümayiş etdirirəm. çalışıram ki, mövzulara aid məlumatları şagirdlər İnternet vasitəsilə də əldə etsinlər.

İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi coğrafiya dərslərini daha maraqlı edir. Dərs dediyim VIII sinifdə "Xəzər" mövzusunu keçdiyim zaman dərsdən 3 gün əvvəl şagirdlərə belə tədqiqat sualları ilə müraciət etmişdim: "Biz dünyaya necə yaxınlaşırıq?", "Zirvəyə yaxınlaşanlar kimlərdir?", "Dünyada elə bir zirvə var ki, ona çatmaq istəyirsiniz?". Şagirdlərə həmin suallara kompüter vasitəsilə cavab hazırlamalarını tapşırmışdım. Şagirdlər kompüterdə dilimizlə, dinimizlə, mədəniyyətimizlə, musiqimizlə, idmanımızla, təbii sərvətlərimizlə bağlı əldə etdikləri məlumatları dərsdə qrup şəklində müzakirə etdilər. Belə müzakirələr onlarda düşünmək, axtarmaq, təhlil etmək, araşdırmaq bacarıqlarını inkişaf etdirir.

Dərsdə şagirdlərin dünyagörüşünün formalaşdırılması üçün aşağıdakı suallarla onlara müraciət edirəm: "Uşaqlar, Azərbaycan neft və qazını dünya bazarına çıxarmaq üçün hansı kəmərlər çəkilmişdir?", "Əsrin müqaviləsi nədir?", "Həmin müqavilənin imzalanmasında və həyata keçirilməsində kimin xidmətləri əvəzsizdir?".

Dərs dediyim siniflərdə böyük şəxsiyyət, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığını, təhsilə, elmə göstərdiyi qayğını, torpağına, vətəninə olan sonsuz sevgisini daim qeyd edir və şagirdlərə nümunə göstərirəm. Onun "Mən həmişə fəxr etmişəm ki, mən Azərbaycanlıyam" kəlamını xüsusi qeyd etməklə şagirdlərin milli zəmində, vətənpərvərlik ruhunda tərbiyəsinə çalışıram.

Kompüterlə şagirdlər tədqiqat suallarının cavablarını təqdim etdikdən sonra mövzunun adını açıqlayır (Xəzər) və şagirdləri qruplara bölürəm. Şagirdlər "Abşeron", "Kaspi", "Bakı", "Xəzər" adları ilə 4 qrupa bölünür və hər qrupa 1 nəfər lider seçirlər.

Qruplara tapşırıqları əvvəlcədən hazırladığım iş vərəqlərində verirəm, Şagirdlər tapşırıqları öz aralarında bölürlər. çalışıram ki, tapşırıqlar həm maraqlı, həm də düşündürücü olsun. Qruplarla işləməyin çox böyük əhəmiyyəti var. Sinifdə ən zəif oxuyan şagird də qrup daxilində hər hansı tapşırığın yerinə yetirilməsinə çalışaraq birinci olmaq istəyir.

Müəyyən edilmiş vaxt bitdikdən sonra qrupların liderləri öz cavablarını təqdim edirlər. Digər şagirdlər onları dinləyir, bilmədiklərini öyrənir, qane etməyən cavablara öz münasibətlərini bildirirlər. Təqdimetmə şagirdlərin nitqinin inkişafında mühüm rol oynayır.

Şagirdlərin cavablarını dinlədikdən sonra dərsin məqsədinə uyğun hazırladığım meyar cədvəli ilə qrupların işini qiymətləndirirəm.

Bu cür fəal təlimdə şagirdlər daha aktiv olur, vaxta qənaət edir, az vaxtda çox məlumat alırlar. Qruplarla iş şagirdlərə problemi birgə həll etməyə, bir-birinin fikrinə hörmətlə yanaşmağa, müstəqil öyrənməyə, bildiyini sərbəst söyləməyə imkan yaradır.

 

 

Yeganə MƏHƏRRƏMOVA

 

Azərbaycan müəllimi.-2010.-12 fevral.-S.7.