Uşaq Qaynar Xətt Xidməti fəaliyyətə başladı

 

Fevralın 18-də Uşaq Qaynar Xətt Xidmətinin açılış mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Azercell Telekom şirkətinin prezidenti Ali Ağan, YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevord, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri və KİV təmsilçiləri iştirak edirdilər.

Təhsil naziri Misir Mərdanov rəmzi açılışı bildirən qırmızı lenti kəsərək bu mərkəzin fəaliyyətinə uğurlar arzuladı.

Sonra QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov xidmətin yaranma zərurəti və bu istiqamətdə görülən işlərlə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verdi. Qeyd olundu ki,  Uşaq Qaynar Xətt Xidmətinin yaradılmasında (480-22-80, (050)680-22-80, (051)880-11-80) əsas məqsəd uşağa ilkin psixoloji yardım, emosional dəstəyin  göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirmə və təxirəsalınmaz köməyin göstərilməsidir.

Bu xidmətin İnternet saytı hazırlanıb (www.uşaq.xetti.az) və avadanlıqlarla təmin edilən xidmət pilot olaraq sınaqdan keçirilib.

Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verildi. Bu gün çox önəmli bir hadisənin baş verdiyini qeyd edən nazir "qaynar xətt"in yaradılmasında xidməti olan, zəruri maddi və texniki dəstəyi göstərən bütün ictimai qurumlara, təşkilat və şirkətlərə öz minnətdarlığını bildirdi. Bu işin həyata keçirilməsinin çoxdan gözlənildiyini vurğulayan nazir Azərbaycanın dünya və Avropa ölkələrinə inteqrasiyası istiqamətində növbəti ciddi və əhəmiyyətli addımın atıldığını bildirdi.

Daha sonra tədbir iştirakçılarına "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşma) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" çərçivəsində görülmüş işlərlə bağlı məlumat verən nazir, sosial cəhətdən çətin vəziyyətdə olan ailələrin və sağlamlıq imkanları məhdud uşaqların rifahının yaxşılaşdırılması məqsədilə günərzi qayğı və reabilitasiya - inkişaf mərkəzlərinin açıldığını, Proqramın icrası vəziyyəti ilə əlaqədar beynəlxalq konfransın keçirildiyini, Nazirlər Kabinetinin qərarı ilə bu yaxınlarda Təhsil Nazirliyinin nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi yaradıldığını və s. diqqətə çatdırdı.

Nazir hələlik ancaq Bakı şəhərinə aid olan xidmətin gələcəkdə ayrı-ayrı bölgələrdə, xüsusilə daha çox problemləri olan rayonlarda da təşkil olunacağına ümidini ifadə etdi və mərkəzin əməkdaşlarına öz fəaliyyətlərində uğurlar arzuladı.

Azercell Telekom şirkətinin prezidenti cənab Ali Ağan və YUNİSEF-in Azərbaycandakı nümayəndəsi cənab Mark Herevord öz çıxışlarında uşaqların rifahı üçün nəzərdə tutulmuş layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirdiklərini və bundan böyük məmnunluq hissi duyduqlarını vurğuladılar.

 

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.-2010.-19 fevral.-S.2.