Monitorinq və qiymətləndirmə şöbəsinin

 

5 illik fəaliyyəti ilə bağlı təqdimat dinlənildi

 

Fevralın 13-də Təhsil Nazirliyində Monitorinq və qiymətləndirmə şöbəsinin 5 illik fəaliyyəti ilə bağlı təqdimat dinlənilib.

Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov Monitorinq və qiymətləndirmə şöbəsinin işinin bütün təhsil ictimaiyyəti üçün maraqlı olduğunu qeyd edib və ayrı-ayrı şöbələrin fəaliyyəti barədə vaxtaşırı dolğun məlumatlar verilməsinin zəruriliyini diqqətə çatdırıb.

Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva şöbənin 5 illik fəaliyyəti ilə bağlı hesabat-təqdimatla çıxış edib. 2004-cü ildən fəaliyyətə başlamış Monitorinq qiymətləndirmə şöbəsinin əsas məqsədinin yeni qiymətləndirmə sisteminin işlənib hazırlanması olduğunu nəzərə çatdıran Təranə Hacıyeva yeni qiymətləndirmə sistemini həyata keçirmək üçün normativ-hüquqi sənədlərin hazırlanması, ölkə şagird nailiyyətlərinin beynəlxalq təcrübəyə uyğun qiymətləndirilməsinin təmin olunması, qiymətləndirmə təhsil siyasətində müasir yanaşmaların tətbiqi inkişaf etdirilməsi, qiymətləndirmə tədqiqatlarının həyata keçirilməsi digər mühüm məsələlərdən söz açıb. Şöbənin fəaliyyət planında nəzərdə tutulmuş əsas müddəalardan bəhs edən T.Hacıyeva 2004-2005-ci tədris ilində beynəlxalq qiymətləndirmə sahəsində görülən işlər barədə fikirlərini bildirib.

Şöbə müdiri ilk dəfə 2005-2006-cı dərs ilində Xətai və İmişli rayonlarının məktəblərində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının keçirilməsi, 172 məktəbin 5011 şagirdinin iştirak etdiyi beynəlxalq qiymətləndirmənin aparılması məsələlərinə toxunub. 2006-2007-ci dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının Bakı şəhərinin Xətai, Səbail rayonlarını, Təhsil Nazirliyinə tabe olan məktəbləri, Sumqayıt şəhərini və İmişli rayonunu əhatə etdiyini söyləyən Təranə Hacıyeva imtahanlarda iştirak edən 11866 şagirddən 10865-nin, yəni 91,56 faizinin müsbət qiymət aldığını vurğulayıb.

Ötən il respublikanın bütün ümumtəhsil məktəblərinin (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərinin şagirdləri, o cümlədən, əvvəlki dərs illərində buraxılış imtahanlarında qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən orta təhsil kursunu bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət etmiş şəxslər də əhatə olunmaqla, orta təhsil kursu üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada  keçirildiyini diqqətə çatdıran Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri onu da bildirib ki, qazanılan təcrübə bu istiqamətdəki işlərin gələcəkdə daha yaxşı təşkilinə yol açır.

Milli və beynəlxalq qiymətləndirmə sahəsində həyata keçirilən tədbirlərin ilkin nəticələrindən söz açan Təranə Hacıyeva onu da qeyd edib ki, bütün bunların əsas qayəsi ölkənin təhsil sisteminin səviyyəsini öyrənmək və nəticələrdən asılı olaraq təhsildə planlaşdırma və proqnozlaşdırmanı  müəyyənləşdirməkdən ibarətdir.

Azərbaycanda təhsil islahatlarının uğurla nəticələnməsi üçün mütərəqqi yeniliklərin tətbiqinin əhəmiyyətinə toxunan təhsil naziri Misir Mərdanov bu baxımdan beynəlxalq və milli qiymətləndirmə sistemlərinin səmərəli tətbiqinə diqqətin artırılmasını gərəkli hesab etdiyini bildirib. Nazir onu da qeyd edib ki, bu barədə ölkənin təhsil ictimaiyyətində daha aydın təsəvvürlər yaradılması üçün müvafiq tədbirlərə diqqət artırılmalı, bu istiqamətdə zəruri tədqiqatların aparılması təmin olunmalıdır.

Sonda tədbir iştirakçıları müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib və müvafiq təkliflər səsləndirilib.

 

 

Azərbaycan müəllimi.- 2010.- 19 fevral.- S.3.