Azərbaycan təhsili: yaxın
keçmişə, bu günə və gələcəyə
bir baxış
(Əvvəli qəzetimizin ötən
saylarında)
Hörmətli oxucular, bu məqalədə uzun müddət kölgədə qalan, lakin müəllimlərin metodik hazırlığı və peşəkarlıq səviyyəsinin yüksəldilməsində böyük əhəmiyyət daşıyan metodik xidmət barədə mülahizələrimi diqqətinizə təqdim edirəm.
Məlumdur ki, müəllimlərin davamlı olaraq peşəkarlıq səviyyəsinin inkişafı, fənlərin tədrisi sahəsində yeniliklərlə tanış olması, tədris metodikasının təkmilləşdirilməsi, onların ixtisasartırma ehtiyaclarının müəyyənləşdirilməsi, ümumi təhsil sistemində metodik xidmətin təşkili rayon təhsil şöbələri nəzdində olan metodiki kabinetlər tərəfindən həyata keçirilməlidir.
Mövcud Əsasnamədə də metodik kabinetlər qarşısında xeyli vəzifələr müəyyənləşdirilmişdir:
-Pedaqoji kadrlarla aparılan metodiki işləri istiqamətləndirir, onların təkmilləşdirilməsi, ixtisasının artırılması və yenidən hazırlanması işini təşkil edir.
-Dayaq məntəqələrinin işini təşkil edir, bu prosesə fənlər üzrə ən qabaqcıl müəllimləri cəlb edir, müəllimlərin pedaqoji, psixoloji və metodik sahələr üzrə ehtiyaclarını öyrənir, onların tələbatlarına uyğun təkmilləşdirmə və ixtisasartırma prosesinə hazırlıq işlərini aparır, müvafiq təkliflər hazırlayır, ixtisasartırma təhsili müəssisələri ilə birlikdə proqramların tərtibində iştirak edir, müəllimlərin ixtisasartırma kurslarında iştirakını tənzimləyir.
-İxtisasartırma kurslarından sonra pedaqoji kadrların fəaliyyətini müşahidə edir, qiymətləndirir və metodik kömək istiqamətində təkliflər hazırlayır.
-Kurslararası dövrdə pedaqoji kadrların özünütəhsil və inkişafı üzrə tədbirlər görür, müvafiq metodik məsləhətlərin verilməsini təmin edir.
-Həm özləri, həm də pedaqoji kadrlar tərəfindən kurikulumların, yeni pedaqoji texnologiyaların, müasir təlim metodları və strategiyalarının öyrənilməsi və tətbiqi işini təşkil edir, bu istiqamətdə müəllimlərlə seminarlar və treninqlər keçirir.
-Təlim-tərbiyə işlərinin keyfiyyətinin yaxşılaşdırılması, yeni pedaqoji texnologiyaların, müasir təlim metodları və strategiyalarının öyrənilməsi və yaradıcılıqla tətbiqi sahəsində məktəb və metodbirləşmə rəhbərlərinin, müəllimlərin işini istiqamətləndirir, onlara metodik kömək göstərir.
-Müəllimlərlə aparılacaq metodik işlərin məzmununa, forma və üsullarına dair məktəb və metodbirləşmə rəhbərlərini təlimatlandırır.
-Fənlərin tədrisi metodikasının təkmilləşdirilməsi, yeniliklərin və nailiyyətlərin öyrənilməsi və pedaqoji prosesdə tətbiqi sahəsində müəllimlərin fəaliyyətini istiqamətləndirir.
-Müəllimlərin dərslərinin dinlənilməsini və müzakirəsini təşkil edir, onların peşəkarlıq səviyyəsinin artırılması və inkişafı, ixtisasartırma təhsilinə cəlbi barədə təkliflər hazırlayır.
-Fənlər üzrə proqram materiallarının yerinə yetirilməsi vəziyyətini öyrənir, bu istiqamətdə müəllimlərə və metodbirləşmə rəhbərlərinə metodik köməyi həyata keçirir.
-Yeni proqram, dərslik və dərs vəsaitlərinin müzakirəsini, müəlliflərlə görüşləri təşkil edir, onların tətbiqi üzrə təklif və tövsiyələrin hazırlanmasını təmin edir.
-Təhsil müəssisələrində psixoloji xidmətin təşkili, istedadlı uşaqların aşkar edilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işin təşkili sahəsində məktəb rəhbərlərinə və pedaqoji kollektivlərə metodik kömək göstərir.
-Yeni qiymətləndirmə sisteminin tətbiq
i ilə əlaqədar məktəb rəhbərləri və müəllimlərlə təlim seminarları keçirir, müntəzəm olaraq müəllimlərə metodik kömək göstərir.
-Pedaqoji kadrları və ictimaiyyəti tədris sahəsindəki ən yeni nailiyyətlər və qabaqcıl pedaqoji təcrübələrlə tanış etmək məqsədilə mühazirələr, qrup və fərdi məsləhətlər, sərgilər, disputlar, seminarlar, "dəyirmi masa"lar təşkil edir.
-Mütəmadi olaraq qabaqcıl pedaqoji təcrübələri öyrənir, ümumiləşdirir və yayılmasını təmin edir.
-Gənc müəllimlərlə iş üzrə xüsusi plan tərtib edir, onların inkişafı və təcrübə mübadiləsi sahəsində müntəzəm iş aparır.
-Təhsil müəssisələrində metodik işin vəziyyətini, şagirdlərin nailiyyətlərinin səviyyəsini, həmçinin tərbiyə işinin təşkili vəziyyətini öyrənir, Metodşurada və RTŞ şurasında müzakirəsini təşkil edir.
-Pedaqoji kadrların ehtiyac və tələbatlarının diaqnostikasını aparır, müvafiq təklif və tövsiyələr hazırlayır.
-Tərbiyə işinin səmərəli təşkilinə metodik kömək göstərir, pedaqoji kollektivlərdə milli mənəvi dəyərlərin, dövlət rəmzlərinin təbliği işini təşkil edir.
-Təhsil müəssisələri ilə birlikdə müxtəlif bilik yarışları, müsabiqələr, olimpiadalar və digər tədbirləri təşkil edir.
-Tədris metodikasının təkmilləşdirilməsi, innovasiyaların tətbiqi, yeni pedaqoji texnologiyalardan istifadə və digər sahələrdə metodik tövsiyələr və tədris vəsaitləri hazırlayır.
-Təhsil işçilərinin konfranslarının (sentyabr və yanvar) bölmə iclaslarının təşkili, fənlər üzrə metodik tövsiyələrin və hesabatların hazırlanması ilə bağlı tədbirlər həyata keçirir.
-Metodistlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində məqsədyönlü iş aparır, onların vaxtaşırı "öyrədənlərin öyrədilməsi" təlimlərinə cəlb edilməsi, respublika və beynəlxalq səviyyəli treninqlərdə iştirakının təmin edilməsi, mütəmadi olaraq pedaqoji mətbuatda yazılarla çıxış etmələri istiqamətində tədbirləri həyata keçirir.
Qeyd etmək lazımdır ki, son illərdə ümumi təhsil müəssisələrində metodik xidmətin təşkili, xüsusilə yeni kurikulumla işləyəcək ibtidai sinif müəllimlərinin treninqlərə cəlb olunması, təlimati seminarların təşkili, dayaq məntəqələrinin işinin istiqamətləndirilməsi, pedaqoji innovasiyalar və onların tətbiqinə dair tövsiyələrin hazırlanması, məktəblərdə monitorinqlərin keçirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi, yeni dərsliklərin müzakirəsi və s. bu kimi məsələlərlə bağlı bir sıra rayon və şəhər təhsil şöbələri metodiki kabinetləri tərəfindən müəyyən işlər görülmüşdür. Bu sahədə Sumqayıt Şəhər Təhsil Şöbəsi metodik kabinetinin müsbət işi xüsusi qeyd edilməlidir. Burada işin düzgün qurulmasının nəticəsidir ki, metodik kabinet tərəfindən təhsilin yeni məzmununun tətbiqi, təhsil müəssisələrində şagirdlərin faktik biliklərinin aşkara çıxarılması, müəllimlərin peşəkarlıq səviyyələrinin öyrənilməsi, dayaq məntəqələrində işin təşkili və müsabiqələrin keçirilməsinə daha çox diqqət yetirilir. Son illər şagirdlərin faktiki biliklərini aşkara çıxarmaq üçün IV sinifdən başlayaraq bütün siniflərdə monitorinq keçirilmiş, nəticələr ŞTŞ-də və məktəblərdə müzakirə olunmuşdur. Müəllimlərin elmi-nəzəri və peşəkarlıq səviyyəsini müəyyənləşdirmək məqsədi ilə ibtidai sinif və fənn müəllimləri arasında monitorinq keçirilərək nəticələr metodbirləşmə yığıncaqlarında müzakirə edilmiş, zəif nəticə göstərən müəllimlərin elmi-nəzəri səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Uzun illər təlim-tərbiyə müəssisələrində sənədlərin tərtibində formalizmi aradan qaldırmaq məqsədilə Sumqayıt metodik kabineti tərəfindən ondan artıq vəsait hazırlanıb yerlərə çatdırılmış, sağlam rəqabətin yaranması məqsədilə mütəmadi olaraq müəllimlər arasında müsabiqələr keçirilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi metodik mərkəzi, Gəncə, Şirvan şəhər, Beyləqan, Samux, Neftçala, Yevlax, Zərdab, Hacıqabul, İsmayıllı, Qazax, Xaçmaz RTŞ metodiki kabinetləri tərəfindən təhsil müəssisələrinə göstərilən metodik xidmətin mütərəqqi formalarından istifadə edilir.
Bununla yanaşı, son illərdə metodik xidmətin lazımi səviyyədə təşkil edilməməsi, Əsasnamə ilə müəyyənləşdirilmiş vəzifələrin yerinə yetirilməməsi barədə müxtəlif məlumatlar alırdım, yerlərdə bilavasitə ümumtəhsil məktəblərində müəllimlərlə ünsiyyətdə olarkən bu sahədə bir sıra ciddi problemlərin olduğu barədə mülahizələr də irəli sürülürdü. Məhz bununla əlaqədar Təhsil Nazirliyində mütəxəssislərin iştirakı ilə müşavirə keçirdik və qərara gəldik ki, işçi qrupu yaradaq, ölkədə metodik xidmətin təşkili vəziyyətini öyrənək. Yaradılmış işçi qrupu bütün təhsil şöbələrində metodik xidmətin təşkili sahəsində mövcud vəziyyəti öyrəndi, problemlər aşkara çıxarıldı, metodik xidmətin təkmilləşdirilməsi üzrə təkliflər hazırlandı, bu məsələ təhsil tarixində ilk dəfə olaraq nazirliyin kollegiya iclasında müzakirəyə çıxarıldı.
Bir vacib məsələni də qeyd edim ki, vaxtilə ölkəmizdə metodik xidmətə ümumi rəhbərliyi və bu sahədə aparılan işləri əlaqələndirən Respublika Elmi-Metodik Mərkəzi fəaliyyət göstərmişdir. 2000-ci ildə təhsil sisteminin təkmilləşdirilməsi tədbirləri həyata keçirilərkən həmin Mərkəzin və Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun bazasında Təhsil Problemləri İnstitutu yaradılmışdır. Lakin təəssüf ki, metodik xidmətə ümumi rəhbərlik funksiyası həmin institutun əsas fəaliyyət istiqamətinə çevrilməmişdir. Bu səbəbdən hazırda ölkə səviyyəsində metodik xidmətin təşkili və əlaqələndirilməsi məsələləri lazımi səviyyədə yerinə yetirilmir.
Hazırda respublikanın 73 şəhər və rayonunda (Naxçıvan MR daxil olmaqla) təhsil şöbələrinin (idarələrinin) nəzdində metodiki kabinetlər, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində isə metodik mərkəz fəaliyyət göstərir. Bu metodiki kabinet və mərkəzlərdə 870 ştat vahidi vardır ki, onlardan 723-ü metodist, 147-si texniki işçi ştatlarıdır. Metodiki xidmət strukturlarında 723 nəfər metodist çalışır ki, onlardan 626 nəfəri tam, 97 nəfəri 0,5, 8 nəfəri 0,75, bir nəfəri isə 1,25 ştat vahidi üzrə işləyir. Metodik kabinetlərdə 40 ştat vahidi metodist vəzifəsi vakantdır.
Fənlər və sahələr üzrə əhatə baxımından təhlil göstərir ki, metodiki kabinetlərdə Azərbaycan dili və ədəbiyyat fənni üzrə 90, rus dili və ədəbiyyatı və ingilis dillərinin hər biri üzrə 40, fransız dili üzrə 9, ərəb dili üzrə 1, riyaziyyat üzrə 75, informatika üzrə 9, tarix üzrə 73, coğrafiya üzrə 40, kimya üzrə 36, biologiya üzrə 21, fizika üzrə 40, rəsmxətt və əmək hazırlığı üzrə 20, gənclərin çağırışaqədərki hazırlığı üzrə 37, fiziki tərbiyə üzrə 33, musiqi və təsviri incəsənət üzrə 4, ibtidai təhsil üzrə 78, məktəbəqədər tərbiyə üzrə 49, tərbiyə işləri üzrə 7, psixoloji xidmət üzrə 6, kitabxana işi üzrə 15 nəfər metodist fəaliyyət göstərir.
Aparılmış monitorinqlər və təhlillər göstərmişdir ki, Əsasnamə ilə metodik kabinetlər üçün xeyli vəzifələr müəyyənləşdirilsə də bu strukturlar tərəfindən həmin vəzifələr yerinə yetirilmir, bir sıra hallarda Əsasnamə tələbləri ciddi şəkildə pozulur. Hazırda metodiki xidmətin təşkili və həyata keçirilməsi sahəsində mövcud olan problemləri aşağıdakı kimi qruplaşdırmaq olar:
-Fənn kurikulumları, yeni qiymətləndirmə sistemi, dərslik siyasəti, yeni təlim texnologiyalarının tətbiqi ilə bağlı tədbirlər sistemli şəkildə həyata keçirilmir.
-Yaradıcı müəllimlərin qabaqcıl iş təcrübələrinin öyrənilib yayılması istiqamətində sistemli iş aparılmır.
-Gənc müəllimlərlə işin aparılmasına diqqət yetirilmir.
-Metodik tövsiyələrin hazırlanması və çap olunub yerlərə çatdırılmasına nail olunmur.
-Tədris proqramlarının yerinə yetirilməsi və proqram materiallarının mənimsənilməsi vəziyyətinə dair diaqnostik təhlillər aparılmır.
-Dayaq məntəqələri ilə əlaqənin zəif olmasının nəticəsi olaraq ixtisasartırma müəssisələri ilə birlikdə proqramların tərtibi, müəllimlərin ixtisasartırma kurslarında iştirakının tənzimlənməsi, onların pedaqoji, psixoloji və metodik sahələr üzrə ehtiyaclarının öyrənilməsi və təkliflərin hazırlanmasında metodiki kabinetlər zəif iştirak edirlər.
-Metodik kabinetlər tərəfindən gənc müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində səmərəli iş sistemi yaradılmamış, onlara təcrübəli müəllimlər təhkim edilməmiş, bu sahədə xüsusi tədbirlər - seminarlar, treninqlər təşkil edilməmişdir.
-Metodik kabinetlərin strukturunun təkmil olmaması innovasiyaların çevik şəkildə təhsil müəssisələrinə çatdırılması, metodistlərin peşəkarlıq səviyyəsinin davamlı olaraq yüksəldilməsinə imkan vermir, qabaqcıl ölkələrin mütərəqqi təcrübəsi öyrənilib tətbiq edilmir.
Təhlil göstərir ki, RTŞ metodik kabinetləri tərəfindən qabaqcıl təcrübənin öyrənilməsinə ciddi yanaşılmır. Baxmayaraq ki, son illərdə
interaktiv təlim texnologiyalarının tətbiqi, İKT-nin
pedaqoji prosesə inteqrasiyası sahəsində müəllimlər
tərəfindən mütərəqqi təcrübə
nümunələri nümayiş etdirilir, bu sahədə təcrübə
öyrənilib digər müəllimlər arasında
yayılmır. Bir sıra hallarda metodik kabinetlərin əməkdaşları
bu məsələnin əhəmiyyətini lazımınca
qiymətləndirmir, qabaqcıl pedaqoji təcrübəyə
dair materiallar məktəb pedaqoji şura iclaslarında,
metodbirləşmə yığıncaqlarında müzakirə
edilmir.
Ölkə Prezidentinin sərəncamına
əsasən son 2 ildə 200 nəfər ilin müəllimi
müəyyənləşdirildiyi halda, metodik kabinetlər tərəfindən
həmin müəllimlərin qabaqcıl iş təcrübəsinin
öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi
istiqamətində əsaslı addımlar atılmır, belə
müəllimlərin bazası yaradılmır.
Bir sıra metodik kabinetlərdə
metodistlərin işə qəbulunda mövcud Əsasnamə
tələbləri pozulur, 5 il pedaqoji stajı tamam olmayan
müəllimlər metodist kimi işə qəbul edilir. Belə
faktlar Şabran, Beyləqan, Sabirabad, Laçın, Goranboy
RTŞ metodik kabinetlərində daha çox aşkar
olunmuşdur.
Bir sıra metodik kabinetlərdə
ştat vahidlərindən düzgün istifadə edilmir, eyni
ixtisaslı metodistlər işə qəbul olunur, digər
ixtisaslar üzrə metodistlərin işə
götürülməsinə diqqət yetirilmir. Xızı
RTŞ-də 4 metodistdən 3-ü, Göyçay RTŞ-də
12-dən 4-ü, Şəmkir RTŞ-də 20-dən 5-i,
Ağdam RTŞ-də 19-dan 3-ü, Qubadlı RTŞ-də 8-dən
3-ü Azərbaycan dili və ədəbiyyat fənni, Mingəçevir
ŞTŞ-də 8 metodistdən 3-ü rus dili və ədəbiyyatı,
Salyan RTŞ-də 12-dən 8-i humanitar fənlər, Ağdam
RTŞ-də 19-dan 4-ü ümumi texniki fənlər, Zaqatala
RTŞ-də 11-dən 4-ü xarici dil, Astara RTŞ-də 8-dən
3-ü ibtidai təhsil, 3-ü fiziki tərbiyə fənləri,
Masallı RTŞ-də 13-dən 5-i humanitar fənlər
üzrədir.
Təhlil göstərir
ki, metodik kabinetlərin ştat vahidlərindən
düzgün istifadə edilmədiyinə görə
hazırda respublikanın 73 metodik kabinetindən 42-də kimya,
50-də biologiya, 58-də fizika, 65-də informatika, 44-də
fiziki tərbiyə, 53-də əmək
hazırlığı, 71-də musiqi, təsviri incəsənət,
36-da məktəbəqədər təhsil, 23-də isə
ibtidai təhsil ixtisasları üzrə metodist yoxdur. İbtidai
siniflərdə fənn kurikulumlarının tətbiqinə
başlanmasından iki il keçməsinə baxmayaraq,
Şirvan, Naftalan şəhər, Şabran, Sabirabad, Siyəzən,
Kürdəmir, Goranboy, Kəlbəcər, Zəngilan,
İmişli, Yardımlı, Hacıqabul və sair rayon təhsil
şöbələrinin metodik kabinetlərində ibtidai siniflər
üzrə metodist yoxdur. Düşünürəm ki,
hazırkı şəraitdə belə bir vəziyyət
xüsusi narahatlıq doğurur. Müvafiq sahə üzrə
metodistin olmaması bilavasitə həm yeni fənn
kurikulumları və dərsliklərin, həm məktəbdaxili
qiymətləndirmə sahəsində yeni mexanizmlərin tətbiqi
işinə mənfi təsir göstərir, müəllimləri
metodik köməkdən məhrum edir.
Narahatlıq doğuran
faktlardan biri də budur ki, ayrı-ayrı fənlər üzrə
metodistlərə ciddi ehtiyac olduğu halda, metodiki kabinetlərdə
40 ştat vahidi vakant saxlanılır. Hesab edirəm ki, bu məsələ
ciddi araşdırılmalı, vakant ştatlara müsabiqə
yolu ilə metodistlər işə qəbul olunmalıdır.
Təhlil göstərir
ki, metodistlərdən 156 nəfəri (21,6%) pensiya
yaşında olanlardır. Şirvan RTŞ, Şəki,
Ağdam, Ağcabədi, Qubadlı, Kəlbəcər, Tovuz,
Füzuli, Göygöl RTŞ metodkabinetlərində metodistlər
arasında 75 və daha yaşlıları vardır.
Daha ciddi problem metodistlərin
praktik fəaliyyətlə məşğul olmaması,
ixtisasları üzrə dərs deməməsi ilə
bağlıdır. Belə ki, metodik kabinetlərin əməkdaşlarından
200 nəfəri (27,6%) məktəblərdə ixtisasları
üzrə dərs aparmır, Bakı şəhəri üzrə
Təhsil İdarəsi metodik mərkəzində 95 metodistdən
29-u, Gəncə ŞTŞ metodiki kabinetində 19 metodistdən
6-sı, Şabranda 5-dən 4-ü, Xızıda 4-dən
3-ü, Göyçayda 12-dən 3-ü, Tovuzda 20-dən 10-u,
Göygöldə 8-dən 7-si, Bərdədə 16-dan 11-i,
Zaqatalada 11-dən 3-ü, Gədəbəydə 9-dan 5-i,
Saatlıda 7-dən 4-ü, Şəkidə 18-dən 5-i,
Ağdaşda 10-dan 4-ü, Goranboyda 9-dan 4-ü, Ağcabədidə
10-dan 7-si, Şamaxıda 9-dan 5-i pedaqoji fəaliyyətlə məşğul
olmur.
Etiraf etmək
lazımdır ki, müəllim kimi fəaliyyət göstərməyən,
bilavasitə məktəbdə pedaqoji prosesdə iştirak etməyən,
müəllimin hansı qayğılarla
yaşadığını və işlədiyini, hansı
problemlərlə üzləşdiyini bilməyən metodist
uğurlu nəticələr əldə edə bilməz. Belə
metodistlər müəllimlərə məsləhət vermək,
onları istiqamətləndirmək, innovasiyaların mənimsənilməsində
onlara kömək etmək missiyasını da layiqincə yerinə
yetirə bilməz, müəllimlərin etibarını qazana
bilməzlər.
Aparılmış
monitorinqlər onu da göstərir ki, metodik kabinetlərin fəaliyyətinin
planlaşdırılması sahəsində nöqsanlara yol
verilir. Bir çox metodiki kabinetlərin fəaliyyət
planlarında hələ də yoxlama xarakterli tədbirlər
nəzərdə tutulur, nəzərdə tutulan digər məsələlər
isə aktuallıq kəsb etmir, gözlənilən nəticələr
əvvəlcədən müəyyənləşdirilmir,
icra barədə hesabatlar hazırlanıb təqdim edilmir.
Metodik xidmətin əsasını təşkil edən
pedaqoji kadrların ixtisasının artırılması, dayaq
məntəqələrinin fəaliyətinin təşkili, fənn
kurikulumlarının, yeni qiymətləndirmə mexanizminin tətbiqi
ilə bağlı məsələlər fəaliyyət
planlarında öz əksini tapmır.
Hazırda metodik xidmətin
səmərəli təşkilinə mane olan amillərdən
biri də ümumtəhsil məktəblərində fəaliyyət
göstərən fənn metodbirləşmələrinin fəaliyyətinin
müasir tələblər səviyyəsində təşkil
edilməməsidir. Etiraf etmək lazımdır ki, müəyyən
istisnalar olmaqla metodbirləşmələr formal fəaliyyət
göstərir, məktəb səviyyəsində müəllimlərin
metodik hazırlığının yüksəldilməsi,
metodik xidmətin təşkili, dərslərin müşahidəsi
və tövsiyələrin verilməsi sahəsində
ardıcıl tədbirlər həyata keçirilmir. Bunun isə
əsas səbəblərindən biri metodik kabinetlərin məktəb
metodbirləşmələrinin fəaliyyətinə kömək
göstərməməsi, metodik tövsiyələr və vəsaitlərin
hazırlanmasına diqqət yetirməməsi ilə
bağlıdır. Digər səbəb isə metodbirləşmə
rəhbərlərinin fəaliyyətinin
stimullaşdırılmamasıdır. Metodbirləşmələrin
fəaliyyətinin qənaətbəxş olmamasının nəticəsidir
ki, məktəb və rayon metodşuraları da formal fəaliyyət
göstərir, metodik xidmətin səmərəli təşkili,
innovasiyaların tətbiqi ilə bağlı məsələləri
müzakirəyə çıxarmır.
2000-ci ildə Təhsil
Nazirliyinin "Dayaq məntəqələrinin şəbəkəsinin
yaradılması barədə" əmrinə uyğun olaraq
respublikada ayrı-ayrı ixtisaslar üzrə 3000-ə
yaxın dayaq məntəqəsi yaradılmış,
onların əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilmiş,
digər reqlamentləşdirici sənədlər
hazırlanıb yerli təhsili idarəetmə orqanlarına
göndərilmişdir. Lakin RTŞ-lər və onların
metodiki kabinetləri tərəfindən bu işə laqeyd
münasibət göstərildiyindən yaradılmış
"dayaq məntəqələri"nin böyük əksəriyyəti
formal fəaliyyət göstərməkdədir. Hər bir
rayon və şəhər üzrə "dayaq məntəqəsi"
kimi nəzərdə tutulan məktəblərin
dislokasiyası bu günə qədər tam və
düzgün müəyyənləşdirilməmişdir.
Yerli təhsil orqanları tərəfindən qabaqcıl
müəllimlərdən ibarət "öyrədənləri
öyrədən" müəllimlərin siyahıları
müəyyənləşdirilməmiş, bu barədə
müvafiq ixtisasartırma təhsili müəssisələrinə
məlumat verilməmişdir. İxtisasartırma təhsili və
təkmilləşmə prosesinə yeni mexanizmlərin tətbiqi
ilə əlaqədar metodiki kabinetlərdə konkret tədbirlər
həyata keçirilməmişdir. Rayonlar üzrə
ayrı-ayrı ixtisasdan olan fənn müəllimlərinin
ixtisasartırma təhsilinə olan real tələbatının,
ehtiyaclarının öyrənilməsi, bu barədə
ixtisasartırma təhsili müəssisələrinə əsaslandırılmış
təkliflərin verilməsi təmin edilməmişdir.
İxtisasartırma təhsili müəssisəsi, RTŞ -
metodiki kabinet-məktəb - dayaq məntəqəsi
arasında əlaqələrin yaradılması
üçün bütün imkanlardan istifadə edilməmişdir.
Metodik xidmət sahəsində
mövcud olan nöqsanların aradan qaldırılması və
bu sahədə islahatların aparılması hazırda
xüsusi aktuallıq kəsb etmişdir. Belə ki, hazırda
ölkəmizdə ümumi təhsilin məzmunu, şagird
nailiyyətlərinin qiymətləndirilməsi, dərslik
siyasəti, yeni təlim strategiyalarının tətbiqi sahəsində
köklü islahatlar aparılır. Bununla əlaqədar
metodik işin məzmunu və formalarının təkmilləşdirilməsi,
rayon təhsil şöbəsi metodik kabinetlərinin fəaliyyətinin
daha səmərəli təşkili, metodistlərin peşəkarlıq
səviyyəsinin yüksəldilməsi və
bacarıqlarının artırılması, metodik xidmətin
təşkilində müasir metodologiya və mexanizmlərin tətbiq
edilməsi sahəsində ciddi tədbirlərin həyata
keçirilməsi zəruri əhəmiyyət
daşıyır.
Əlbəttə,
metodik xidmətin təkmilləşdirilməsi
üçün dünya təcrübəsinin öyrənilməsi,
bu sahədə dünyada gedən prosesləri, müsbət
nailliyyətləri və tendensiyaları öyrənmək
vacib idi. Bu məqsədlə ABŞ, Böyük Britaniya,
Almaniya, Hollandiya, Türkiyə, Finlandiya, Rumıniya, Rusiya,
Litva və başqa ölkələrin metodik xidmətin təşkili
sahəsində təcrübəsi öyrənilmişdir.
Metodik xidməti sistemli
şəkildə həyata keçirmək üçün
ABŞ-da, Avstraliyada kurikulum departamentləri, Hollandiyada
kurikulum və qiymətləndirmə mərkəzləri,
Türkiyədə təlim və tərbiyə qurumları,
Litvada təhsilin inkişaf mərkəzləri,
Gürcüstanda resurs mərkəzləri ölkə və
yerli səviyyələrdə metodik xidmətin təmin
olunmasına yönəldilmişdir. Təcrübə göstərir
ki, həmin ölkələrdə metodik xidmətlə məşğul
olan qurumlar, eyni zamanda idarəetmə sahəsində digər
fəaliyyətlərlə də məşğul olurlar.
Litvada təhsil islahatları
aparılarkən əvvəllər mövcud olmuş təhsil
şöbələri yanında fəaliyyət göstərən
metodkabinetlər yeni yaradılmış təhsil departamentləri
ilə birləşdirilmişdir. Gürcüstanda təhsil
şöbələri və onun nəzdində olan metodkabinetlərin
əvəzinə metodik xidməti də həyata keçirən
resurs mərkəzləri yaradılmışdır. Rusiya,
Belarus, Ukrayna və Orta Asiya respublikalarında təhsil
şöbələri yanında metodik mərkəzlər fəaliyyət
göstərməkdədir.
Beynəlxalq təcrübə
və Azərbaycanda təhsilin inkişaf tendensiyaları, eləcə
də bu sahədə təcrübəsi olan təhsil ekspertlərinin
rəyləri nəzərə alınaraq metodik xidmətin təkmilləşdirilməsi
üçün aşağıdakı tədbirlərin həyata
keçirilməsi məqsədəmüvafiqdir:
-Ümumtəhsil məktəbləri
və məktəbəqədər müəssisələrin
müasir pedaqoji texnologiyalara, tədris resurslarına ehtiyacını
ödəmək üçün rayon təhsil şöbələri
nəzdindəki metodik kabinetlərin resurs mərkəzlərinə
çevrilməsi və bu sahədə fəaliyyəti tənzimləyən
Nümunəvi Əsasnamənin və resurs mərkəzinin
strukturunun işlənib hazırlanması, bu prosesə Təhsil
Problemləri İnstitutunun cəlb olunması.
-Yeni kurikulumların, dərsliklərin,
qiymətləndirmə sisteminin tətbiqinə dair məsələlərin
təhsil şöbələrinin metodkabinetlərində (gələcəkdə
resurs mərkəzlərində) və dayaq məntəqələrində
mütəmadi olaraq müzakirə olunması, məktəblərə
bu sahədə müvafiq kömək göstərilməsi.
-Metodistlər üçün islahat aparılan sahələrlə bağlı müşavirələrin, seminarların, treninqlərin keçirilməsi.
-Metodik xidmətin müasir tələblər səviyy
əsində təşkili, bu sahədə mövcud nöqsanların aradan qaldırılması məqsədilə Bakı şəhərində və zonalar üzrə müşavirələrin keçirilməsi.
-Dərs yükü olmayan metodistlərin növbəti dərs ilindən ixtisasları üzrə dərs aparmalarına şərait yaradılması.
-Fənlər üzrə metodistlərin tərkibinə yenidən baxılması, imkan daxilində bütün fənlər üzrə metodistlərin təmsil olunmasının təmin edilməsi, bu məqsədlə Əsasnaməyə uyğun olaraq 0,5 və 0,25 ştat vahidindən istifadə edilməsi.
-Metodistlərin işə qəbulunun müsabiqə yolu ilə həyata keçirilməsi, vəzifə funksiyalarının öhdəsindən gələ bilməyən metodistlərlə bağlı müvafiq tədbirlərin görülməsi.
-Metodik xidmətin səmərəli təşkili məqsədilə Təhsil Nazirliyi tərəfindən hazırlanmış Fəaliyyət planı əsasında metodik kabinetlər üçün fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsi.
-Məktəb metodbirləşmələrinin işinin müasir tələblər səviyyəsində təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsi, metodbirləşmə rəhbərlərinin fəaliyyətinin stimullaşdırılması sahəsində təkliflərin hazırlanması.
-Metodik kabinetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi, İKT vasitələri ilə təmin edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi.
Hesab edirəm ki, ən ciddi tədbirlərdən biri də metodistlərin ixtisasının artırılması, onların "öyrədənlər" kimi hazırlanması, dayaq məntəqələrinin koordinatorları üçün müvafiq proqramlar əsasında təlimlərin təşkili istiqamətində əlavə təhsil müəssisələri tərəfindən tədbirlər müəyyənləşdirib həyata keçirilməsidir. Əlavə təhsil müəssisələri RTŞ metodiki kabinetləri ilə əlaqələrin daha səmərəli forma və metodlar üzrə qurulmasını, ixtisasartırma tədbirlərinin təşkilində metodiki kabinetlərin imkanlarından səmərəli istifadəni təmin etməlidirlər.
Daha ciddi bir problem onunla
bağlıdır ki, ümumi təhsil sistemində metodik xidmətin
təşkili sahəsində müəyyən işlər
görülsə də, texniki peşə, orta ixtisas və
ali təhsil sahəsində belə bir xidmətin təşkili,
ümumiyyətlə, unudulmuşdur. Hesab edirəm ki, bu barədə
düşünməyin və konkret təkliflərin
hazırlanması vaxtı çatmışdır.
(Ardı var)
Misir MƏRDANOV
Azərbaycan müəllimi.- 2010.- 23 iyul.- S.1, 3.