"Şərq bülbülü"

 

El içində uğurları ilə seçilib tanınmaq peşəkarın seçdiyi sahəyə vurğunluğu, fədakar əməyi ilə sıx bağlıdır. Şairlik, memarlıq, ...kimi el məhəbbəti qazanan sənətkarlıq isə İlahi Varlığın seçdiyi bəndələrə tale payıdır. Eyni mühitdə, eyni ailədə həyata göz açıb böyüyən qardaş-bacılardan ancaq birinin şaqraq, məlahətli, şirin səsi olur. Çox vaxt bu İlahi nemətinə diqqət qayğı olmayanda məhv olur, itib-batır. Məhz buna görədir ki, müstəqil Azərbaycanda istedadlı gənclərin aşkara çıxarılmasına, inkişafına böyük dövlət qayğısı göstərilir.

 

Ulu öndər Heydər Əliyevin bu istiqamətdə başladığı işlər davam etdirilir, genişləndirilir. Ümummilli lider Heydər Əliyevin istedadını dəyərləndirib, qayğısına diqqət yetirdiyi səs sənətkarları sırasında Simarə İmanova da var.

Azərbaycanın yayı bol günəşli Aranında - İmişlinin tarixi ənənələr gözlənilən, elm, sənət adamları ilə tanınan Əliqulular kəndində dünyaya göz açmış Simarə Cəmaləddin qızı ilk tamaşaçı-dinləyici alqışlarını məktəb tədbirlərində eşidib. 1993-cü ildə orta məktəbi bitirib, Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olunmuş Smanova xalq artisti Ağaxan Abdullayevin sinfində musiqi sənətinin əsaslarına, xanəndəliyin incəliklərinə yiyələnib.

Azərbaycan Dövlət Televiziyasının "Səhər" proqramında "Ah, bu gecə, bu gecə" mahnısı (Zliyev) ilə geniş dinləyici-tamaşaçı marağı qazanan Simarənin sənət taleyində 1997-ci ilin 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən konsertin öz rolu olub. Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən konsertdən sonra ulu öndər Heydər Əliyev səhnəyə çıxaraq hamı ilə görüşmüş, "Şahnaz" təsnifini oxumuş Simarənin istedadını yüksək qiymətləndirmişdir.

1997-ci ildə Səmərqənddə keçirilmiş "Şərq təranələri" Beynəlxalq muğam festivalında 46 ölkənin sənətçiləri arasında "Qran-pri" mükafatını, 19 yaşında respublikanın əməkdar artisti fəxri adını Simarə İmanova alıb.

Azərbaycan Opera Balet Teatrı səhnəsində ən gənc Leyli Simarə olub.

34 yaşlı müğənninin sənət yoluna onlarca xarici ölkədə uğurla keçən konsertlərin izi düşüb. İndiyə qədər dövri mətbuat səhifələrində - "Xalq qəzeti"ndə, "Haqq yolu", "Azərbaycan müəllimi", "Səs", "İki sahil", "Ekspress" s. qəzet səhifələrində bu gözəl səsli, milli dəyərlərə varlığı ilə bağlı müğənni, gənc ana, ata başını ucaldan, elinə şöhrət qazandıran Azərbaycan qızı haqqında onlarca yazı dərc olunub. Bütün bu qələm məhsullarını səbr məhəbbətlə toplayıb sistemləşdirmək, xanəndənin həyat yolundan məqamları əks etdirən şəkilləri əldə edib "Şərq bülbülü" kitabını (Bakı: Yazıçı, 2010, 148 s.) araya-ərsəyə gətirmək Simarənin keçmiş orta məktəb müəllimləri Sərvaz Hüseynoğlu ("Ədəbiyyat qəzeti"nin şöbə müdiri, şair-publisist, Prezident təqaüdçüsü) Səxavət Tağların (Əliqulular kənd məktəbinin direktoru, respublikanın əməkdar müəllimi) istedadlı şagirdin - xalq məhəbbəti qazanmış müğənninin sənətinə heyrətlərinin nəticəsidir. Hasil Tağıyevin ideyası ilə hazırlanmış toplu-kitabın redaktoru Şəmsi Vəfadardır.

"Halal zəhmət, halal yurdun anası, Araz qollu, Kür qanadlı İmişli"nin Azərbaycan musiqi sənəti tarixinə bəxş etdiyi Azərbaycanın əməkdar artisti Simarə İmanovaya  həsr olunmuş "Şərq bülbülü" kitabı sənətkara xalq məhəbbətinin təsdiqidir.

 

 

Ş.MƏMMƏDOV

 

Azərbaycan müəllimi.- 2010.- 30 iyul.- S.4.