İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində qazanılan nailiyyətlər müzakirə olundu

 

Naxçıvan Dövlət Universiteti ardıcıl dövlət qayğısı sayəsində  dünya təhsilinə inteqrasiya edərək, müasir texnologiyalarla təmin olunaraq təhsilin informasiyalaşdırılması istiqamətində mühüm nəticələr əldə etmişdir. Universitetin Elmi Şurasının növbəti iclasında bu ali təhsil ocağında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində qazanılan nailiyyətlər müzakirə olunmuşdur.

Elmi Şuranın sədri, akademik İsa Həbibbəyli qeyd etmişdir ki, son illərdə Naxçıvan Dövlət Universitetində müxtəlif videokonfranslar, videodərslər keçirilmiş, Boloniya prosesinə uyğun tədris prosesinin təşkili və idarə olunmasında informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmasında əhəmiyyətli nəticələr əldə edilmişdir. Universitetdə elektron təhsil sisteminin yaradılması, informasiya təminatının təşkil edilməsi məqsədilə elektron kitabxana, İnternet mərkəzləri, kompüter texnologiyaları, proyektorlar, elektron lövhələrlə təchiz edilmiş auditoriyalar, CİSCO Akademiyası, Təhsil Qeydiyyat Mərkəzi, İnformasiya texnologiyaları və mətbuat şöbələri, universitet televiziyası fəaliyyət göstərməyə başlamışdır. Hazırda Naxçıvan Dövlət Universitetində distant təhsilin həyata keçirilməsi üçün baza formalaşdırılır.

Bildirilmişdir ki, CİSCO texnologiyaları və NATO-nun qrant layihəsi əsasında yaradılan, bu ilin yanvar ayından fəaliyyətə başlayan  "Wi-Fi" kampus İnternet şəbəkə sistemi  vasitəsilə nəinki universitetin bütün tədris korruslarında, struktur bölmələrində, eləcə də 108 hektarlıq ərazinin hər tərəfində İnternet bağlantısı yaradılmışdır. 2010-cu ildən başlayaraq universitetdə 5 meqabit, yəni 50 min kilobitdən çox İnternet resurslarından istifadə olunur. Bütün bunlar dünya elminin, təhsilinin ən son nailiyyətlərindən bəhrələnməyə, gerçək beynəlxalq əlaqələrlə yanaşı, virtual əməkdaşlıqların da inkişafına uğurla xidmət edir. 2009-2010-cu tədris ilində müəllimlərin böyük əksəriyyətinin təlimdə İKT-dən geniş şəkildə istifadə etməsi ayrıca vurğulanmışdır.

Elmi Şurada tədris prosesində informasiya-kommunikasiya texnologiyalarından daha çox və səmərəli istifadə etdiyinə görə müxtəlif ixtisas sahibləri - İnformatika kafedrasının müdiri, fizika-riyaziyyat elmləri namizədi Elşən Məmmədov, İqtisad fakültəsinin dekan müavini, iqtisad elmləri namizədi, dosent Müslüm Cabbarzadə, Təməl tibb  fənnləri kafedrasının müdiri, dosent Saleh Məhərrəmov, Roman-German dilləri kafedrasının müəllimi Əzizə Məmmədova rektorluq tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılmışlar.

Elmi Şurada bu sahənin inkişafı üçün qarşıda duran mühüm vəzifələr də müzakirə olunmuşdur.

 

 

Mehriban SULTAN

 

Azərbaycan müəllimi.- 2010.- 30 iyul.- S.1.