BDU-nun Elmi Şurasının iclası keçirilib

 

Bakı Dövlət Universitetinin Altıağac tədris-təcrübə bazasında Elmi Şurasının iclası keçirilib. Rektor, millət vəkili, akademik Abel Məhərrəmov çıxışında xalqımızın ümummilli lideri Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyindən, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən bəhs edib, dövlət başçısının təhsilin və elmin inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışıb. Rektor Boloniya prosesinin tələblərinə uyğun olaraq BDU-da həyata keçirilmiş tədbirlərdən, əldə olunmuş nailiyyətlərdən, universitetin beynəlxalq əlaqələrindən də söz açıb. BDU-nun tədris işləri üzrə prorektoru, professor Vüsət Əfəndiyev 2009-2010-cu tədris ilinin yay imtahan sessiyasının, dövlət imtahanlarının nəticələri, tədris təcrübələri barədə ətraflı məlumat verib. Məlum olub ki, tələbələr yay imtahan sessiyası və dövlət imtahanlarında uğurlu göstəricilər əldə ediblər. Çıxışlardan sonra tədris ilinin yekunları üzrə "İlin müəllimi, "İlin kafedra müdiri", "İlin dekanı" müsabiqələrinin qaliblərinə mükafatlar təqdim olunub, elm və təhsildə fərqlənən alim və müəllimlər elmi adlara layiq görülüblər. Elmi Şuranın iclasında YAP sədrinin müavini-icra katibi, BDU-nun kafedra müdiri Əli Əhmədov professor elmi adına layiq görülüb.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2010.- 16 iyul.- S.2.