Azərbaycan təhsili: yaxın
keçmişə, bu günə və gələcəyə
bir baxış
(Əvvəli qəzetimizin ötən
saylarında)
Hörmətli oxucular, bu məqalədə Azərbaycanda məktəb tikintisi, onların təmiri, avadanlıqlarla təchiz edilməsi, istiliklə təminatı məsələləri ilə əlaqədar məlumatları diqqətinizə təqdim etmək istəyirəm.
Məktəb
tikintisi. Azərbaycanda ilk dünyəvi məktəblər
üçün binalar görkəmli xeyriyyəçi
Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü, vəsaiti
hesabına inşa edilmişdir. 1885-1887-ci illərdə
Bakıda Mariya qız gimnaziyasının (indiki Azərbaycan
İncəsənət Muzeyi), 1898-1901-ci illərdə
Bakıda Müsəlman qız məktəbinin
(H.Z.Tağıyevin qız məktəbi - indiki AMEA Əlyazmalar
İnstitutu) inşa edilmişdir.
Azərbaycanda sovet
hakimiyyətinin ilk illərində ən çətin problemlərdən
biri məktəb tikintisi, yeni açılan təhsil müəssisələrinin
müvafiq bina ilə təmin edilməsi idi. 20-ci illərin əvvəllərində
məktəb tikintisi respublikanın iqtisadi potensialının
və maliyyə imkanlarının məhdudluğu səbəbindən,
demək olar ki, aparılmırdı. Yeni açılan məktəblər
başlıca olaraq sovet hakimiyyəti orqanlarının
"milliləşdirmə" adı ilə imkanlı,
varlı adamların əlindən alınmış tikililərdə
(əsasən, şəxsi mülklərdə) və ya
uyğunlaşdırılmış köhnə binalarda yerləşdirilirdi.
Lakin respublikanın ağır maliyyə çətinliklərinə
baxmayaraq, xalq maarifi işçilərinin təşəbbüsü
və yerli əhalinin köməyi ilə şəhər və
qəzalarda (rayonlarda) əsasən, ibtidai məktəblər
üçün yeni məktəb binaları tikilir, yaxud tədrisə
yararlı köhnə binalar təmir etdirilirdi. Bunun nəticəsi
idi ki, artıq 1923-cü ildə Zaqatala qəzasında on,
Ağdaş qəzasında dörd, 1924-cü ildə Gəncə
qəzasında iki, Qazax qəzasında beş yeni ibtidai məktəb
binası tikilib istifadəyə verilmişdi. Təkcə
1924-25-ci tədris ilində Azərbaycanda 34 yeni məktəb fəaliyyətə
başlamış və 13-nün tikintisi başa
çatdırılmışdı. Azərbaycanda məktəb
tikintisi sahəsində işlər 1928-ci ilə kimi müxtəlif
mənbələr əsasında aparılmış, həmin
ildən hökumətin qəbul etdiyi beşillik planlar əsasında
dövlət vəsaiti hesabına həyata keçirilməyə
başlanmışdı. Mənbələr göstərir ki,
1920-24-cü illərdə 41 yeni məktəb binası
tikilmişdi. Həmin məktəblərin 40-ı
respublikanın müxtəlif şəhər və qəzalarında,
1-i isə Bakı şəhərində tikilmişdi. Məktəb
tikintisi üzrə göstərici 1924-28-ci illərdə əvvəlki
dörd illə müqayisədə 3 dəfədən
çox artaraq 144-ə yüksəlmişdi.
Azərbaycan SSR hökuməti
tərəfindən ilk beşillik (1928-1932) planda respublikada 918
məktəb binasının tikintisi nəzərdə tutulsa
da, 1928-32-ci illərdə 244 yeni məktəb binası tikilib
istifadəyə verilmişdi. Ümumiyyətlə, 1928-29-cu dərs
ilindən başlayaraq Azərbaycanın maarif sistemində məktəb
tikintisi bütövlükdə respublikada mədəni
quruculuğun əsas probleminə çevrilmişdi. Ümumi
icbari ibtidai təhsilə keçidi təmin etmək məqsədilə
hökumət 1931-32 və 1932-33-cü dərs illərində 600-dən
çox yeni məktəb binasının inşasını, 500-dək
binanı məktəb üçün icarəyə
götürməyi planlaşdırmışdı.
30-cu illərdən
başlayaraq dövlət planına əsasən yeni məktəb
binaları təkcə ibtidai məktəblər
üçün deyil, həm də natamam orta və orta məktəblər
üçün də tikilməyə başlandı. Azərbaycan
SSR-də ikinci (1933-1937) beşillikdə 108090 şagird yerlik
336 yeni məktəb binası, üçüncü
beşilliyin ilk üç ili (1938-1940) ərzində isə
29530 şagird yerlik 103 yeni məktəb binası tikilib istifadəyə
verilmişdi.
1920-30-cu illərdə məktəb
tikintisinin inkişaf dinamikasının təhlili göstərir
ki, 20-ci illərin sonu və 30-cu illərdə Azərbaycanda məktəb
tikintisinin intensiv artımı, hər şeydən əvvəl,
respublikada əvvəlcə ümumi icbari ibtidai təhsilə
keçidlə, sonralar isə ümumi icbari yeddiillik təhsilə
keçilməsi yolunda aparılan maarifçilik siyasəti və
məktəb quruculuğu ilə bağlı olmuşdur.
40-60-cı illərdə
Azərbaycan SSR-də məktəb tikintisi respublikanın
iqtisadi imkanları daxilində dövlət tərəfindən,
eləcə də kənd yerlərində kolxoz və
sovxozların vəsaiti hesabına aparılmışdı. 1941-45-ci
illərdə məktəb tikintisi müharibənin
doğurduğu çətinliklər səbəbindən demək
olar ki, tamamilə dayandırılmışdı. Statistik məlumatlara
görə, Azərbaycanda məktəb tikintisinə
1946-cı ildən başlanmış, 1946-70-ci illərdə
respublikanın şəhər və kəndlərində
dövlət və kolxozların vəsaiti hesabına 444 min
şagird yerlik 520 ümumtəhsil məktəb binası
tikilib istifadəyə verilmişdi.
1970-80-ci illərdə
Heydər Əliyevin təhsilə diqqəti və
qayğısı nəticəsində respublikada aparılan
genişmiqyaslı məktəb tikintisi ümumtəhsil məktəblərində
təhsil şəraitinin
yaxşılaşdırılmasına gətirib
çıxardı. 1970-ci ildə 28300 şagird yerlik 88,
1975-ci ildə 48200 şagird yerlik 100 müasir tipli məktəb
binası inşa edilmişdi. Bütövlükdə,
70-80-cı illərdə 683,1 min şagird yerlik 1191 ümumtəhsil
məktəb binası tikilib istifadəyə verildi ki, bu da
1946-70-ci illərdəki müvafiq göstəricidən (520 məktəb)
iki dəfə çox idi. Nəticədə 70-ci illərin
sonunda gündüz ümumtəhsil məktəblərində
təhsil alanların sayı 1436096 nəfərə
çatdı ki, bu da respublikada ümumi icbari orta təhsilə
tam keçilməsinə imkan verdi. Bu illərdə şagird
kontingenti də sürətlə artdı. Belə ki, ümumtəhsil
məktəblərində təhsil alan şagirdlərin
sayı 1970-ci ildəki 1436000 nəfərdən 1982-ci ilin əvvəllərində
1544000 nəfərədək yüksəldi.
1970-ci ildə Azərbaycanın
ümumtəhsil məktəblərində şagirdlərin
40,2 faizi ikinci növbədə oxuyurdu. 1970-1980-ci illərdə
respublikada aparılan genişmiqyaslı məktəb tikintisi
ikinci növbədə oxuyanlar üzrə göstəricilərin
yaxşılaşdırılmasına təkan verdi. Nəticədə
şagirdlərin ikinci növbədə oxuma göstəricisi
1978-ci ildə 30,8 faizə, 1980-ci ildə 28,1 faizə, 1985-ci
ildə 24,9 faizə çatdırıldı ki, bununla da
şagirdlərin 75,1 faizinin birinci növbədə təhsil
almaq imkanı təmin edildi.
Həmin illərdə məktəblərin
tədris, texniki və elmi-metodiki vasitələrlə təminatı
da əsaslı şəkildə
yaxşılaşmışdı. Təkcə bir fakt kifayətdir
ki, 1978-ci ildə fizika və kimya kabinetləri ilə təminat
92,2 faizə qədər yüksəlmiş, məktəb
kitabxanaları ilə təminat 97,9 faizə
qalxmışdı.
Müstəqilliyin ilk
illərində məktəb tikintisi sahəsində
böhranlı vəziyyət hökm sürürdü. 1990-cı
ildən 111 təhsil obyektində işlər
dayandırılmışdı. 1991-1992-ci illərdə demək
olar ki, yeni məktəblər tikilməmişdi. 1993-cü ildə ölkədə 18464 şagird
yerlik 37 məktəb binasının tikintisi nəzərdə
tutulduğu halda, 13385 yerlik 31 məktəb binası tikilib
istifadəyə verilmişdi. 1994-cü ildə isə 28
təhsil obyektində tikinti-quraşdırma işlərinin
aparılması planlaşdırılmışdı.
1995-1998-ci illərdə
də, demək olar ki, ölkədə məktəb tikintisi
sahəsində əsaslı irəliləyişlər baş
verməmişdi. 1998-ci ildən başlayaraq bu sahədə
dönüş yaranmışdır.
1998-ci ildə Azərbaycan
müəllimlərinin XI Qurultayında ümummilli lider Heydər
Əliyevin məktəb tikintisinə, maddi-tədris
bazasının möhkəmləndirilməsinə diqqətin
artırılması barədə iş adamlarına
çağırışından sonra bu sahəyə maraq
artdı, həm dövlət təşkilatları, həm də
beynəlxalq təşkilatların qrant və kreditləri,
iş adamlarının, xeyriyyəçilərin vəsaitləri
hesabına yeni məktəb binaları tikildi.
ABŞ-ın humanitar təşkilatları,
Yaponiya hökuməti, Səudiyyə İnkişaf Fondu,
İslam İnkişaf Bankı, Dövlət Neft Fondu, Azərbaycan
Dövlət Neft Şirkəti, Dövlət Gömrük
Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat
Nazirliyi, Daxili İşlər Nazirliyi və digər təşkilatların
maliyyə vəsaitləri hesabına ölkənin müxtəlif
regionlarında məktəb binaları inşa edildi.
1998-2002-ci illərdə
ümumilikdə 23053 şagird yerlik 139 yeni məktəb
binası inşa edilmişdir. Aşağıdakı cədvəldə
həmin illərdə məktəb tikintisi barədə məlumat
təqdim edilir.
Bununla yanaşı,
2002-ci ildə Azərbaycanda ümumi təhsil sistemində ən
ciddi problemlərdən biri məktəblərin maddi-texniki
bazasının yararsız olması ilə bağlı idi. Təsadüfi
deyildir ki, həmin dərs ilinin ilk günündə Bakı
şəhəri Suraxanı rayonundakı 275 nömrəli məktəbdə
olarkən ümummilli lider Heydər Əliyev öz
çıxışında "Mən bu gün bəyan edirəm
ki, yaxın zamanlarda Azərbaycanda məktəb tikintisi, məktəblərin
müasir avadanlıqlarla təmin olunması, təmir edilməsi
ilə əlaqədar ciddi tədbirlər haqqında öz təkliflərimi
irəli sürəcəyəm" demiş, bu problemin
dövlət üçün prioritet məsələ
olmasını vurğulamışdı. Həmin
çıxışdan qısa müddət keçdikdən
sonra ölkə Prezidenti "Azərbaycan Respublikası
ümumtəhsil məktəblərinin maddi-texniki
bazasının möhkəmləndirilməsi haqqında"
4 oktyabr 2002-ci il tarixli Sərəncam imzalamışdı. Qeyd
edilməlidir ki, həmin Sərəncam milli təhsil sisteminin
inkişafında mühüm amil olan ümumtəhsil məktəbləri
şəbəkəsinin genişləndirilməsinə,
maddi-texniki bazanın möhkəmləndirilməsinə
etibarlı zəmin yaratdı.
Sərəncamın
icrası istiqamətində Təhsil Nazirliyi tərəfindən
ölkənin bütün ümumtəhsil məktəblərində
maddi-texniki bazanın monitorinqi aparıldı və nəticələrə
əsasən "Azərbaycan Respublikasında yeni ümumtəhsil
məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı
təmiri və müasir tədris avadanlıqları ilə təmin
olunmasına dair Proqram (2003-2007-ci illər)"
hazırlandı. Proqram Azərbaycan Respublikası Prezidentinin
17 fevral 2003-cü il tarixli Sərəncamı ilə təsdiq
edildi. Proqramda 5 ildə 44698 yerlik 149 yeni məktəbin, 175 məktəbdə
25560 yerlik 1328 sinif otağının inşası, 408 məktəbdə
əsaslı təmir işlərinin aparılması nəzərdə
tutulmuşdu.
Proqramın icrası ilə
əlaqədar Təhsil Nazirliyi nəzdində Təsərrüfathesablı
Əsaslı Tikinti İdarəsi yaradıldı və iş
həcmi həddən çox artdığından, sonradan
ştat tərkibi genişləndirildi. Bu idarə ölkədə
məktəb tikintisi sahəsində əhəmiyyətli
nailiyyətlərin əldə edilməsində mühüm
rol oynadı və hazırda da öz fəaliyyətini
uğurla davam etdirir.
Qeyd edilməlidir ki,
Proqramda nəzərdə tutulan tikinti işləri həyata
keçirildi və ölkənin bütün regionlarında məktəb
infrastrukturunun müasir tələblər səviyyəsinə
çatdırılması istiqamətində əhəmiyyətli
işlər görüldü. Lakin Proqramda nəzərdə
tutulan təmir işləri maliyyə vəsaitinin
ayrılmaması səbəbindən həyata keçirilmədi
və yalnız sonrakı illərdə bu tədbirlər
reallaşdırıldı.
2002-2005-ci illərdə
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri kimi çalışmış Toşiyuki Fucivara
"maarifçi səfir" kimi tanınmışdı. Bu,
Fucivaranın digər sahələrlə müqayisədə
təhsilə daha çox diqqət yetirməsi və qısa
müddət ərzində təhsillə bağlı
çoxsaylı layihələrin, xüsusilə də "Ot
kökləri və insan təhlükəsizliyi" qrant layihəsi
əsasında məktəb tikintisi və təmiri ilə
bağlı layihələrin yüksək səviyyədə
yerinə yetirilməsini təmin edə bilməsi ilə
bağlı olmuşdur. Xüsusi vurğulamaq lazımdır
ki, həmin layihə çərçivəsində Azərbaycanın
regionlarında ümumilikdə 50-dək məktəb
tikilmiş və əsaslı təmir olunmuşdur. Hazırda
da hər il Yaponiya hökumətinin qrantları hesabına Azərbaycanın
regionlarında ən azı 3 məktəb əsaslı təmir
və bərpa edilir.
Müstəqil Azərbaycanda
təhsil sistemində irimiqyaslı islahatlar prosesi artıq
dönməz xarakter almış, Prezident İlham Əliyevin təhsil
sisteminə diqqət və qayğısı sayəsində
milli təhsil sisteminin aydın sabahını təmin edəcək
İnkişaf Proqramları təsdiq olunaraq
reallaşdırılmağa başlanmış, Azərbaycan
təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı
tədbirlər görülməkdədir. Bu tədbirlər
içərisində təhsil müəssisələrinin
maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi
də prioritetlər sırasındadır.
Bu istiqamətdə məktəb
tikintisini əhatə edən digər proqramlar da təsdiq
olundu. Belə ki, "Bakı şəhərinin qəsəbələrinin
sosial-iqtisadi inkişafının sürətləndirilməsi
üzrə Proqram (2006-2008-ci illər)", ayrı-ayrı
regionların inkişaf proqramlarına əsasən ölkədə
ümumtəhsil məktəblərinin infrastrukturunun əsaslı
şəkildə yeniləşdirilməsi mümkün
olmuşdur.
Həmin dövrdə
Bakı şəhərində məktəblərin 34 faizi məktəb
üçün nəzərdə tutulmayan, müasir tələblərə
cavab verməyən, sanitar-gigiyenik normaları ödəməyən
uyğunlaşdırılmış binalarda yerləşmişdi.
Paytaxtın ümumtəhsil məktəblərinin
böyük əksəriyyətində şagird
sıxlığı müəyyənləşdirilmiş
normadan dəfələrlə artıq idi. Şagird
sıxlığının yüksək olması məktəblərdə
dərs məşğələlərinin üç, hətta
dörd növbədə təşkil edilməsi ilə nəticələnirdi.
Son illərdə müxtəlif səbəblərdən
baş vermiş miqrasiya prosesləri nəticəsində
Bakı şəhərində bir növbədə fəaliyyət
göstərən məktəblər 41,0 faizdən 13,0 faizə
enmişdi. Həmin dövrdə üç növbədə
işləyən məktəblərin sayı da xeyli
artmışdı, ikinci, üçüncü və
dördüncü növbədə təhsil alan şagirdlər
ümumi kontingentin 40 faizini təşkil edirdi. Bakı şəhərində
şagird kontingenti 115 min nəfərədək
artdığı halda, cəmi 4132 yerlik 7 yeni məktəb
binası inşa olunmuşdu ki, bu da mövcud tələbatın
yalnız 10 faizini təşkil edirdi.
Həyata keçirilən
tədbirlər nəticəsində Bakı şəhərində
məktəb tikintisi sahəsində ciddi problemlər aradan
qaldırılmış, ümumilikdə 65 min şagird yerlik
140 yeni məktəb binası və mövcud məktəblər
üçün əlavə korpuslar tikilib istifadəyə
verilmişdir. Bununla da paytaxtda şagird sıxlığı
və növbəlilik sahəsində çətinliklər
aradan qaldırılmış, birinci növbədə təhsil
alan şagird kontingentinin faizi 34-dən 75 faizə yüksəlmişdir.
Məcburi
köçkün uşaqlar üçün əlverişli
təlim şəraitinin yaradılması məqsədilə
2001-2007-ci illərdə Dövlət Neft Fondunun vəsaiti
hesabına məcburi köçkün ailələrindən
olan şagirdlər üçün 113 orta məktəb
tikilib istifadəyə verilmiş, 470 mövcud məktəb
üçün əlavə sinif otaqları inşa
edilmişdir.
Son illərdə Azərbaycanda
ümumilikdə bir növbədə 550 min şagird yerlik
2000-dək yeni məktəb binasının tikilməsi və əsaslı
təmiri çağdaş təhsil tariximizin ən parlaq səhifələrindən
biridir.
Məktəblərin
infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər
Əliyev Fondunun müstəsna xidmətləri olmuş, Fondun
təşəbbüsü ilə "Yeniləşən Azərbaycana
yeni məktəb" və "Uşaq evləri və
internat məktəbləri" proqramları çərçivəsində
300-ə yaxın yeni məktəb, uşaq
bağçası, uşaq evi, internat məktəbi binası
tikilib istifadəyə verilmiş, əsaslı təmir və
bərpa olunmuş, müasir avadanlıqlarla təchiz
edilmişdir.
Xüsusi qeyd etmək
istəyirəm ki, 2005-ci ildə ölkədə inşa
edilmiş 49732 şagird yerlik 328 yeni məktəbdən 22060
şagird yerlik 132 məktəb, yəni məktəblərin
40 faizi bilavasitə Heydər Əliyev Fondunun təşəbbüsü
ilə tikilmişdir. Heydər Əliyev Fondunun "Yeniləşən
Azərbaycana yeni məktəb" Proqramı öz
coğrafiyasına görə bütün ölkəni əhatə
etmişdir. Ən əhəmiyyətlisi odur ki, on illərlə
təmir edilməmiş, tam yararsız və qəza vəziyyətində
olan, təlim-tərbiyə üçün heç bir şəraiti
olmayan məktəblərin yerində müasir standartlara
uyğun yeni binalar inşa edilmiş, keyfiyyətli
avadanlıqlarla təmin olunmuş və şagirdlərin
istifadəsinə verilmişdir.
Yeni ümumtəhsil məktəblərinin
tikintisi, mövcud məktəblər üçün əlavə
korpusların inşası, onların əsaslı təmiri,
müasir avadanlıqlarla təminatı, istilik sisteminin bərpası,
ümumilikdə infrastrukturun yeniləşdirilməsi nəticəsində
ölkə üzrə 1 050 000 şagirdin (bütün
şagirdlərin 75 faizi) təlim şəraiti
yaxşılaşdırılmışdır. Məktəb
tikintisi sahəsində həyata keçirilən proqramlar nəticəsində
son 10 ildə ikinövbəli məktəblərin faizi 73,3-dən
44,5-ə, ikinci növbədə təhsil alan şagirdlərin
faizi isə 34-dən 21-ə endirilmişdir.
Aşağıdakı
diaqramda 2003-2009-cu illərdə məktəb tikintisi barədə
məlumat verilmişdir.
Təhsilə investisiya
qoyuluşları 2004-cü ildəki 5,8 milyon manatdan 38 dəfə
artaraq 2008-ci ildə 220 milyon manata yüksəlmişdir. Bunu
aşağıdakı diaqramdan görmək olar.
Bütün bunlarla
yanaşı, ölkədə hələ də qəza vəziyyətində
olan və yararsız binalarda yerləşən məktəblərin
olmasını nəzərə alaraq, Azərbaycan
Respublikası Prezidentinin "Qəza vəziyyətində
olan ümumtəhsil məktəbləri üçün yeni
binaların tikilməsi və bir sıra məktəblərdə
əsaslı təmir işlərinin aparılması
haqqında" 16 avqust 2007-ci il tarixli Sərəncamı ilə
14 milyon, "Qəza vəziyyətində olan ümumtəhsil
məktəb binalarının tikintisi, təmiri və ali təhsil
müəssisələrinin maddi - texniki bazasının
möhkəmləndirilməsi haqqında" 23 iyun 2008-ci il
tarixli Sərəncamı ilə 25 milyon, "Qəza vəziyyətində
olan ümumtəhsil məktəb binalarının yenidən
qurulması işinin davam etdirilməsi barədə" 23
iyun 2009-cu il tarixli Sərəncamı ilə 13 milyon, "Qəza
vəziyyətində olan ümumtəhsil məktəblərinin
yenidən qurulması ilə bağlı əlavə tədbirlər
haqqında" 4 dekabr 2009-cu il tarixli Sərəncamı ilə
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3 milyon
manat vəsait ayrılmışdır.
Eyni zamanda ölkə
Prezidenti 2003-2009-cu illərdə təməli qoyulmuş, yeni
tikilmiş, əsaslı təmir olunmuş məktəblərdə
olmuş, hər dərs ilinin ilk günündə müəllimlərlə,
şagirdlərlə, valideynlərlə
görüşmüşdür ki, bütün bunlar ölkə
başçısının təhsilə diqqət və qayğısının
bariz nümunəsidir.
Məktəblərin əsaslı
təmiri. Məlumdur ki, uzun illər məktəblərin əsaslı
təmiri yerli büdcə vəsaiti hesabına yerli icra
hakimiyyəti orqanları tərəfindən həyata
keçirilirdi. Hər il bu məqsədlə dövlət
büdcəsindən müəyyən qədər maliyyə
vəsaiti ayrılmış, lakin həmin vəsaitdən səmərəli
istifadə edilmədiyindən məktəblərin əsaslı
təmiri sahəsində hissolunacaq irəliləyişlər
olmamış, nəticədə məktəblərin
binaları tədris üçün yararsız vəziyyətə
düşmüşdü.
Məhz bu səbəblərdən
hökumətin qərarı ilə 2006-cı ildən məktəblərin
əsaslı təmiri mərkəzləşdirilmiş
büdcə vəsaiti hesabına Təhsil Nazirliyi tərəfindən
həyata keçirilməyə başlandıqdan sonra bu sahədə
vəziyyət əsaslı şəkildə dəyişmişdir.
Bu istiqamətdə həyata keçirilmiş tədbirlərin
nəticəsində son 3 il ərzində 550-dən çox məktəb
əsaslı təmir edilmiş, müasir avadanlıqlarla təchiz
olunmuşdur.
Qeyd edilən əhəmiyyətli
nailiyyətlərlə yanaşı, ölkə Prezidenti tərəfindən
təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı"na əsasən
2009-2012-ci illərdə 390 məktəb üçün yeni
binanın inşası, 540 məktəb üçün əlavə
korpusların tikintisi, 900 məktəbin əsaslı təmiri
nəzərdə tutulmuşdur. Əsas hədəf məktəblərdə
çoxnövbəliliyin ləğvi və beşgünlük
tədris həftəsinə keçilməklə
bütün şagirdlər üçün əlverişli təlim
şəraitinin yaradılmasıdır.
Ümumtəhsil məktəblərinin
avadanlıqlarla təmin olunması. Son vaxtlaradək ümumi təhsil
sistemində ən ciddi problemlərdən biri də mövcud
ümumtəhsil məktəblərinin avadanlıqlarla təchizatı
ilə bağlı olmuşdur. Əsaslı təmir kimi, məktəblərin
avadanlıqlarla təchizatı da yerli büdcə vəsaiti
hesabına həyata keçirilmişdir. Lakin
aparılmış monitorinqlər və nəticələrin
təhlili bu sahədə də vəziyyətin qənaətbəxş
olmadığını göstərirdi.
Təhsil Nazirliyinin
müvafiq qurumları tərəfindən aparılan təhlillər
göstərdi ki, avadanlıq baxımından respublikanın
ümumtəhsil məktəblərində şagird masası,
sinif lövhəsi, müəllim masası və stuluna daha
çox ehtiyac yaranmışdır. Onu da qeyd edim ki,
keçmişdə istehsal olunmuş həmin
avadanlıqların keyfiyyəti və
davamlılığı da qənaətbəxş deyildi.
Zəruri ehtiyac nəzərə
alınaraq Təhsil Nazirliyi tərəfindən "Azərbaycan
Respublikasında ümumtəhsil məktəblərinin
avadanlıqla təmin olunmasına dair İnkişaf Proqramı
(2005-2009-cu illər)" hazırlandı və Nazirlər
Kabinetinin qərarı ilə təsdiq olundu. Proqramın
reallaşdırılmasına 2005-ci ildən başlandı.
İlk dəfə olaraq mərkəzləşdirilmiş vəsait
hesabına Təhsil Nazirliyi tərəfindən ümumtəhsil
məktəblərinə yüksək keyfiyyətli avadanlqlar
- şagird masası, yazı lövhəsi, müəllim
masası və müəllim stulu verilməyə
başlandı. Yeni tikilən və əsaslı təmir edilən
məktəblərdən əlavə, son illərdə
Proqrama əsasən 708 məktəb və 10 rayon təhsil
şöbəsi müasir avadanlıqlarla təchiz edilmişdir.
Təhlil göstərmişdir
ki, 5 illik Proqramın başa çatmasına baxmayaraq, məktəblərin
avadanlıqlarla təminatı sahəsində işlərin
davam etdirilməsi zəruridir. Bu istiqamətdə 2010-2015-ci
illəri əhatə edən yeni proqramın
hazırlanması və həyata keçirilməsi mühüm
vəzifələrdəndir.
Eyni zamanda təhlil
göstərir ki, respublikada fəaliyyət göstərən
ümumtəhsil məktəblərinin 40,4 faizində fizika
kabineti, 55,4 faizində kimya kabineti, 55,9 faizində biologiya
kabineti yoxdur. Məktəblərin maddi-tədris
bazasının bütövlükdə müasir tələblər
səviyyəsinə çatdırılması məqsədilə
onların təlim keyfiyyətinə əhəmiyyətli dərəcədə
təsir göstərən tədris laboratoriyaları ilə təmin
olunması üçün müvafiq dövlət
proqramının qəbul edilməsi zəruridir.
Məhz bu zərurət
nəzərə alınaraq Azərbaycanda müstəqillik illərində
ilk dəfə olaraq 119 məktəb müasir kimya və fizika
laboratoriyaları ilə təmin edilmişdir, bu istiqamətdə
işlər davam etdiriləcəkdir.
Ümumtəhsil məktəblərinin istiliklə təminatı. Ümumtəhsil məktəblərinin istiliklə təminatı sahəsində mövcud olan problemlərin aradan qaldırılması ilə əlaqədar 2007-ci ildən etibarən Təhsil Nazirliyi tərəfindən proqram həyata keçirilməyə başlanmışdır. İlk növbədə, Bakı şəhərinin bütün məktəblərində istilik sisteminin vəziyyəti araşdırılmış, hər bir məktəbdə problem və onun aradan qaldırılması üçün görüləcək tədbirlər, tələb olunan maliyyə vəsaiti əhatə olunmaqla proqram hazırlanmışdır. Eyni zamanda bu məsələ Bakı şəhərinin bütün məktəblərinin rəhbərlərinin iştirakı ilə nazirliyin kollegiya iclasında geniş müzakirə olunmuşdur.
Təhsil Nazirliyi və "Azəristiliktəchizat" Açıq Tipli Səhmdar Cəmiyyətinin birgə proqramlarına əsasən 2007-2009-cu illərdə ölkə üzrə istilik sistemi bərpa edilmiş məktəblərin sayı 700-ə çatmışdır. 2007-ci ildə 250 məktəbin istilik sistemi bərpa edilmişdir ki, onlardan 128-i Təhsil Nazirliyi tərəfindən həyata keçirilmişdir. 2008-ci ildə istilik sistemi bərpa edilmiş 350 məktəbdən 206-sı Təhsil Nazirliyinin mərkəzləşdirilmiş vəsaiti hesabına olmuşdur. 2009-cu ildə isə 100 məktəbin istilik sistemi əsaslı təmir olunmuşdur. Bu illər ərzində Bakı şəhərinin 301 ümumtəhsil məktəbinin istilik sistemi əsaslı təmir və bərpa olunmuşdur ki, bu da paytaxtda məktəblərin qızdırılması sahəsində problemlərin tam həlli deməkdir.
(Ardı var)
Misir MƏRDANOV
Azərbaycan müəllimi.- 2010.- 4 iyun.- S.3.