Sidney Universiteti

 

Yerləşir:                                      Avstraliya, Yeni Cənubi Uels ştatı, Sidney şəhəri    

Yaranma tarixi:                          1850-ci il 

Tipi:                                             Dövlət 

İşçi heyəti:                                  3583 nəfər

Tələbələrin sayı:                         47775 nəfər

İllik gəlirləri:                               1290865000 Avstraliya dolları

İllik xərcləri:                               1240687000 Avstraliya dolları

Rəsmi saytı:                                 www.sydney.edu.au

 

Sidney Universiteti (University of Sydney) Avstraliyanın Yeni Cənubi Uels ştatında Sidney şəhərinin Kemperdaun şəhərətrafı qəsəbəsində yerləşir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Sidney Universiteti 100 ən yaxşı ali məktəb arasında Fransa Politexnik Məktəbi və Melburn Universiteti ilə birgə 36-cı yerdə sıralanıb.

Sidney Universiteti Avstraliyanın "Səkkizlik qrupu"nun, "Universitetlər - 21" beynəlxalq elmi-tədqiqat, Sakit Okean Regionu Universitetləri assosiasiyalarının və Beynəlxalq Universitetlər Şəbəkəsinin üzvüdür. 

 

Tarixi

 

1848-ci ildə Yeni Cənubi Uels ştatının Qanunvericilik Şurasının üzvü Uilyam Uentvort Sidney Kollecinin böyük universitetə çevrilməsi haqqında plan hazırlayır və şuraya təqdim edir. Uentvort israr edirdi ki,  cəmiyyətin inkişafı üçün dövlət universiteti mütləq şərtdir. O deyirdi: "Dövlət universiteti hər təbəqədən olan uşağa ölkəsinin müqəddəratına fayda verməyə imkan yaradır". Uentvortun ikinci cəhdindən sonra onun planı Qanunvericilik Şurası tərəfindən qəbul edilir.

Sidney Universiteti 1850-ci il oktyabrın 1-də Sidney Universiteti yaradılması haqqında qanun imzalandıqdan sonra açılır. İki il sonra, 1852-ci il oktyabrın 11-də hazırda Sidney Gimnaziyası adlanan Böyük sinif otaği yaradılır. Universitetin ilk rektoru professor və keşiş Con Vulli təyin edilir. 1858-ci ilin fevralında universitet kraliça Viktoriyanın xartiyasını alır, bundan sonra burada,  Böyük Britaniyanın universitetlərində olduğu kimi, elmi dərəcələr verilir. 1859-cu ildə ali təhsil müəssisəsi hazırkı kampusunun yerləşdiyi Kemperdaun şəhərətrafı qəsəbəsinə köçürülür. 1890-cı ildə universitetdə anatomiya, zoologiya, texnika, tarix, hüquq, məntiq, fəlsəfə və psixologiya kafedraları yaradılır.

1938-ci ildə Sidney Universitetinin nəzdində Yeni İngiltərə Universitet Kolleci açılır və 1954-cü ildə müstəqil universitet kimi fəaliyyət göstərməyə başlayır. 60-cı illərdə Sidney Universitetində marksizm və feminizm ideyaları yayılır. Həmin dövrdə məşhur filosof Devid Armstronq fəlsəfə kafedrasına rəhbərlik edirdi. 1989-cu ildə "Ali təhsil haqqında qanun" qəbul edildikdən sonra Sidney Musiqi Konservatoriyasının Sidney şöbəsi, Kamberlend Tibb Kolleci, İncəsənət İnstitutunun Sidney İncəsənət Kolleci, Sidney Təhsilin Təkmilləşdirilməsi Kollecinin Sidney Təhsil İnstitutu, Tibb bacısı İnstitutu və Gildiya Mərkəzi Sidney Universitetinə birləşdirilir. 1981-ci ilədək Sidney Təhsil İnstitutu Sidney Müəllimlər Kolleci adlandırılırdı.

2007-ci ilin fevralında Sidney Universiteti tibbi tədqiqatların aparılması məqsədi ilə Müqəddəs Con Kollecinin ərazisini alır. Müqəddəs Con Kolleci Roma katolik kilsəsinin tabeliyində olduğu üçün bəzi şəxslər kollecin missiyasının mahiyyətini qorumaq üçün burada tibbi tədqiqatların aparılmasına qarşı çıxırlar. Universitet rəhbərliyi isə buna cavab olaraq bildirir ki, tədqiqatlar üçün kollecin binası deyil, ətraf ərazilər nəzərdə tutulub.

2010-cu ilin əvvəllərində universitet özünə yeni loqotip müəyyən edir, daha doğrusu, köhnəyə bir sıra yeniliklər gətirir: qalxanın forması, qırağındakı naxışlar, şirin dərisi, açıq kitab təsvirindəki sətirlərin sayı, rənglər və s. dəyişdirilir. Gerb öncə olduğu kimi, daha çox formal xarakter daşıyır.  

 

Büdcə və təhsil haqqı

 

Sidney Universitetinin illik gəlirləri 2009-cu ildə 1290865000 Avstraliya dollarına bərabər olub. Göstərilən vəsaitin 564514000 Avstraliya dolları hökumət qrantları, 291480000 Avstraliya dolları təhsil haqqı, 77930000 Avstraliya dolları investisiya gəlirləri, 90608000 Avstraliya dolları tədqiqat sazişləri və xidmətlər, 1426000 Avstraliya dolları ticarət markaları və lisenziyalar, qalanları isə digər vəsaitlər hesabına əldə olunan gəlirlərdir. 

Həmin il ali təhsil ocağının illik xərcləri isə 1240687000 Avstraliya dolları təşkil edib. Bu məbləğin 754530000 Avstraliya dollarını əməkhaqqı, 52465000 Avstraliya dollarını qiymətdən düşmə və amortizasiya, 50378000 Avstraliya dollarını təmir və texniki xidmətlər, 2715000 Avstraliya dollarını aktivlərin qiymətdən düşməsi, qalanlarını isə digər xərclər təşkil edib. Ümumilikdə, 2009-cu ildə Sidney Universitetinin illik dövriyyəsi 1,3 milyard Avstraliya dollarına bərabər olub.

Sidney Universitetində təhsil haqqının məbləği fakültə və proqramdan asılı olaraq dəyişir. 2009-2010-cu tədris ilində burada bakalavr pilləsində oxuyan tələbələrin təhsil haqqı 4249, 5310, 7567, 8859 Avstraliya dolları arasında dəyişib. Avstraliyalılar magistratura və doktorantura pilləsində pulsuz oxuyurlar, əcnəbilərin bu pillələrdə təhsil haqqı isə 28505 Avstraliya dolları təşkil edib.

Sidney Universitetində dünyanın digər universitetlərində olduğu kimi müxtəlif adda və məbləğdə təqaüdlər təklif olunur. Dünya ölkələrindən olan tələbələrə ölkələrinin səfirlikləri tərəfindən də təqaüdlər ayrılır. Universitetin tələbələrə verdiyi təqaüd təxminən 6000, 7000, 12500 Avstraliya dollarıdır.

Sidney Universitetində müəllimlərin illik əməkhaqqı onların tutduğu dərəcədən asılı olaraq fərqlənir: E və daha yüksək dərəcə - 139245, D - 108098-119087, C - 89777-103519, B - 73289-87030, A - 51302-69620 Avstraliya dolları. İnzibati işçilərin əməkhaqqı isə 38515-89777 Avstraliya dolları arasında dəyişir.

 

Universitet bu gün 

 

Sidney Universitetinin Sidney şəhəri ərazisində 10 müxtəlif kampusu var. Kampuslarda qumdaşından tikilmiş tarixi binalar, kilsələr, bağ və fəvvarələrlə yanaşı, ən müasir texnologiyalara malik laboratoriyalara, institutlara, klinikalara, zavod və fermalara rast gəlmək olar.

Universitetin əsas kampusu Sidney şəhərinin Kemperdaun və Derlinqton qəsəbələrində yerləşir. Burada orijinal qumdaşından neoqotik üslubda inşa edilmiş Quadranql və Böyük Qala binaları memar Edmund Bleket tərəfindən tikilib. Bu kampusda akademik binalar, tibb korpusu, hospital və apteklər, Tələbə Təşkilatı (Venvort, Menninq, Holm binaları), klublar və s. yerləşir. Hazırda kampusda yeni tələbə şəhərciyi salınması üzrə əsaslı işlər aparılır. Kampus sakinləri ictimai nəqliyyata daha çox üstünlük verirlər. Sərnişin avtobusları, əsasən, Redfern dəmiryolu vağzalından Paramatta-Rod və Siti-Rod ərazisinə qədər işləyir.

Əsas kampusdan əlavə universitetin Kamberlend, Kemperdaun (Derlinqton), Müqəddəs Ceyms, Rozelli, Kamden, Malett-strit, Burren-strit şəhərcikləri mövcuddur. Malett-stritdə Tibb bacısı və mamalıq,  Kamberlenddə Sağlamlıq elmləri (fizioterapiya, əmək, şüa terapiyaları,  nitqin patalogiyası, elmi-tibbi informasiyanın idarəolunması daxil olmaqla), Müqəddəs Ceymsdə Hüquq, Rozellidə İncəsənət, Kamdendə Kənd təsərrüfatı və Baytarlıq korpusları yerləşir. Eləcə də Uestmid hospitalına birləşən Sarri-Hils və Uestmid Ağız Gigiyenası Mərkəzində universitetin Stomatologiya korpusu, Sidney Operasının yanında Sidney Musiqi Konservatoriyası, Yeni Cənubi Uels ştatının Narıncı kənd ərazilərində Narıncı Kənd təsərrüfatı Kolleci, Kvinslend ştatının yaxınlığında Narrabri Tədqiqat Mərkəzi, Yeni Cənubi Uels ştatının Vaterloo ərazisində Teylor Kolleci vardır.

Sidney Universitetində 16 fakültə mövcuddur: Kənd təsərrüfatı, qida və təbii resurslar; Memarlıq, dizayn və planlaşdırma; İncəsənət; Stomatologiya; İqtisadiyyat və biznes; Pedaqogika və ictimai fəaliyyət; Mühəndislik və informasiya texnologiyaları; Təsviri incəsənət; Sağlamlıq elmləri; Tibb; Tibb bacısı və mamalıq; Əczaçılıq; Baytarlıq; Elmlər; Hüquq; Musiqi. Hər fakültənin nəzdində isə xüsusi məktəblər fəaliyyət göstərir. Məsələn: İncəsənət fakültəsində Ədəbiyyat, İncəsənət və KİV, Dillər və Mədəniyyətlər, Fəlsəfə və Tarixi Məlumat, Ali Sosial və Siyasi Elmlər məktəbləri; İqtisadiyyat və biznes fakültəsində Mühasibat, Biznes İnformasiya Sistemləri, Biznes Qanunu, İqtisadiyyat, Maliyyə, Beynəlxalq Biznes, Marketinq, Menecment və Ekonometrika Əməliyyatları, İş və Təşkilati Tədqiqatlar, Nəqliyyat və Logistika Tədqiqatları, Beynəlxalq Təhlükəsizlik Problemləri, İş yeri Tədqiqatı  mərkəzi, Ali İdarəçilik məktəbləri; Mühəndislik və informasiya texnologiyaları fakültəsində Aerokosmik, Maşınqayırma və Mexatronika, Kimya və Biomolekulyar, Mühəndislik, Elektrik və İnformasiya, İnformasiya Texnologiyaları məktəbləri; Sağlamlıq elmləri fakültəsində Səhiyyədə Davranış və İctimai Elmlər, Fiziki Tərbiyə və İdman, Sağlamlıq İnformatikası, Tibbi Şüa Elmləri, Əmək Terapiyası, Ortoptika, Fizioterapiya, Reabilitasiya Məsləhətləri, Nitq patalogiyası məktəbləri; Tibb fakültəsində Uestmid Klinikasında Uşaq Hospitalı, Tibbi Elmlər, İctimai Səhiyyə, Kənd Rayonlarında Səhiyyə, Mərkəzi, Şimali, Qərbi, Konkord, Nepin Klinika məktəbləri; Elmlər fakültəsində Elmin Tarixi və Fəlsəfəsi, Riyaziyyat və Statistika, Fizika, Kimya, Biologiya, Yer Haqqında Elmlər, Molekulyar Biologiya, Psixologiya məktəbləri; Musiqi fakültəsində (Sidney Musiqi Konservatoriyası) İfaçılıq və Akademik tədqiqatlar məktəbi;  Kənd təsərrüfatı, qida və təbii resurslar; Memarlıq, dizayn və planlaşdırma; Stomatologiya; Pedaqogika və ictimai fəaliyyət; Hüquq; Tibb bacısı və mamalıq; Əczaçılıq; Baytarlıq; Təsviri incəsənət fakültələrində isə eyniadlı məktəblər mövcuddur. Hər məktəb isə çoxlu sayda bölmələrdən ibarətdir.

Sidney Universitetinin kitabxana sistemi cənub yarımkürəsinin ən zəngin kitabxanasıdır və universitetin müxtəlif kampuslarında yerləşən ayrıca binalardan ibarətdir: Bedhem (baytarlıq, kənd təsərrüfatı, biologiya elmlərinə aid kitablar toplanıb), Kamden (baytarlıq, kənd təsərrüfatı, biologiya elmlərinə aid), Tədris resursları kolleksiyaları (pedaqogikaya aid), Stomatologiya, Şərqi Asiya Kolleksiyaları, Tibbi Elmlər, Frihils Hüquq, Tibb, Tibb bacısı, Nadir kitablar, Şeffer təsviri incəsənət, SciTech (memarlıq, maşınqayırma, kimya, yer elmləri, biologiya, fizika və s. aid), Storage (qədim kitablar saxlanılan), Sidney İncəsənət Kolleci, Sidney Musiqi Konservatoriyası, Sidney eScholarship rəqəmsal kolleksiyalar kitabxanaları. Kitabxana sisteminə ümumilikdə 5 milyondan çox kitab, 300000-dən artıq elektron nəşr daxildir. Nadir kitablar kitabxanasında zəngin nümunələr, həmçinin İncilin Varnavadan qalan nüsxəsi, İsaak Nyutonun "Təbii fəlsəfə" kitabının ilk buraxılışı saxlanılır. Fişer kitabxanasının cənub-qərbində böyük Maklorena oxu zalı yerləşir.

2007-ci il iyunun 1-dən Sidney Universitetinin kansleri professor Mari Başirdir. O, həmçinin, universitet Senatının, Təyinat Komitəsi və Tələbə Assosiasiyaları Əlaqələri Komitəsinin sədridir. Universitetin vitse-kansleri isə 2008-ci il iyulun 11-dən doktor Maykl Spensdir. Ali təhsil ocağında çalışan işçi heyətin ümumi sayı 3583 nəfərə bərabərdir. Onların 2980 nəfəri akademik, qalanları isə inzibati, 2264-ü qadın, 1319-u kişi işçilərdir.

Sidney Universitetində ümumilikdə 47775-ə yaxın tələbə təhsil alır. Onların 31634 nəfəri bakalavr, 16141 nəfəri isə magistrant və doktorantlardır. Burada dünyanın bir çox ölkələrini təmsil edən 9554 əcnəbi tələbə var. Müxtəlif ölkələrin 30 universiteti ilə tələbə mübadiləsi razılaşması çərçivəsində ali məktəbdə 230 tələbə oxuyur.

2009-2010-cu tədris ilində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Sidney Universitetində bir azərbaycanlı gənc - Aydın Kazım oğlu Səlimov magistratura pilləsində (biznes fakültəsi) təhsil alır.

Sidney Universitetində tələbələrin yataqxanalarla təmin olunması məsələsi ilə Yerləşmə xidməti məşğul olur. Tələbələrin qalmaları üçün kampusun daxilində və xaricində binalar mövcuddur. Yataqxanalara tələbat çox olduğundan yerlər məhduddur. Bunun üçün tələbələr ərizələrini nə qədər tez təqdim etsələr, o qədər tez burada yer tapmaq şansları olur. Universitetin kampuslarının hər birində rezidensiya və kolleclər yerləşir. Bunlardan Darlinqton, Terras, Mandelbaum, Müqəddəs Endryu, Con, Paul, Santa Sofia, Uesli, Beynəlxalq, Qızlar və s. yataqxanaları qeyd etmək olar. Həmçinin tələbələrin qalmaları üçün Sidney Universiteti kəndi var. Kənddə 2, 4, 5 otaqlı evlər, mağazalar, kafelər, konfrans zalları tələbələrin xidmətindədir. 

Sidney Universitetində də, dünyanın hər bir yerində olduğu kimi, tələbə həyatı təkcə mühazirə və seminarlarla tamamlanmır. Boş vaxtlarında gənclər mədəni, siyasi, idman tədbirlərində, konsertlərdə, festivallarda iştirak edir, muzeylərə, rəsm qalereyalarına, sərgilərə, təbiət qoynuna ekskursiyalar təşkil edir və ya sadəcə kampuslardakı çoxsaylı kafelərin birində dostları ilə oturub müxtəlif mövzuda söhbətlər aparırlar. Universitetdə 215-dən çox gənclər klubu və cəmiyyəti var.

Sidney Universitetində idmanın, demək olar ki, bütün növləri ilə məşğul olmaq üçün şərait yaradılıb. Universitetin idmançıları ölkə və dünya üzrə təşkil olunan idman yarışlarında iştirak edir və uğurlu nailiyyətlər qazanırlar. Ali məktəbin 7 olimpiya və paralimpiya qızıl medalçısı var.

Sidney Universiteti tələbələrin potensialından maksimal istifadə edərək onların şəxsi keyfiyyətlərinin inkişafı üçün geniş imkanlar yaradır, Avstraliyanın və bütün dünyanın xoş gələcəyi yolunda səylə xidmət göstərir.

 

 

Universitetin məşhur məzunları

 

  IV Taufaaxu Tupou                                 Tonqanın kralı  

  Edmunt Berton                                         Avstraliyanın 1-ci Baş naziri  

  Erl Peyc                                                    Avstraliyanın 11-ci Baş naziri  

  Uiliyam MakMahon                                Avstraliyanın 20-ci Baş naziri  

  Qof Uitlam                                                Avstraliyanın  21-ci Baş naziri  

  Con Hovard                                              Avstraliyanın 25-ci Baş naziri  

  Con Kerr                                                   Avstraliyanın 18-ci general-qubernatoru   

  Uilyam Din                                                Avstraliyanın 22-ci general-qubernatoru  

  Kventin Brays                                          Avstraliyanın 25-ci general-qubernatoru  

  Karl Perkins, Noel Pirson                        Aborigenlərin liderləri  

  Robert Mey                                              Böyük Britaniya Kral Cəmiyyətinin prezidenti  

  Con Kornfort                                             kimya üzrə Nobel mükafatı laureatı  

  Ceraldin Bruks                                          Pulitzer  mükafatı laureatı  

  Ceyn Kempion, Bryus Beresford             məşhur rejissorlar  

 

 

          Hazırladı: Lamiyə ƏLİYEVA

 

 Azərbaycan müəllimi.- 2010.- 4 iyun.- S.6.