Azərbaycan Respublikasının
ümumtəhsil məktəbləri üçün
ümumi tarix fənni kurikulumu (VI-XI siniflər)
GİRİŞ
Ümumi tarix fənni kurikulumu və onun xarakterik cəhətləri
Ümumi tarix fənni kurikulumu bu fənnin məqsəd
və vəzifələrini, onun əhəmiyyətini, fənnin
özünəməxsus cəhətlərini, ümumi orta və
tam orta təhsil səviyyələri üzrə ümumi təlim
nəticələrini, fənn üzrə məzmun xətlərini
və onların əsaslandırılmasını, hər
bir sinif üzrə ümumi təlim nəticələrini (əsas
məzmun standartlarını), fəndaxili və fənlərarası
inteqrasiyanı, təlim strategiyalarını, qiymətləndirmə
nümunələrini əhatə edən sənəddir.
Ümumi tarix fənni
kurikulumu "Azərbaycan Respublikasında ümumi təhsilin
Konsepsiyası (Milli Kurikulumu)" əsasında
hazırlanmış, oradakı standartların
reallaşdırılmasına yönəldilmişdir.
Kurikulumda tarix fənni üzrə ümumi təlim nəticələri,
öyrənmə strategiyaları və idarəetmə
mexanizmləri əhatə edilmişdir.
Müasir dövrdə fənn
üzrə kurikulumun hazırlanması cəmiyyətdə
baş verən bir sıra sürətli dəyişikliklərlə
bağlıdır. Həmin dəyişikliklər
aşağıdakılardan ibarətdir:
- iqtisadiyyatın
inkişafında elm, təhsil və texnologiyaların
üstün rol oynaması;
- informasiyanın
dünya iqtisadiyyatının əsas resurslarından birinə
çevrilməsi, milli, regional və dünya
iqtisadiyyatının informasiya texnologiyaları və
telekommunikasiyalar əsasında inteqrasiyası;
- cəmiyyətin sosial,
siyasi və mənəvi həyatında, iqtisadiyyatın
bütün sahələrində informasiya
texnologiyalarının tətbiqi ilə əlaqədar texnoloji
yeniliklərin fasiləsiz inkişafı;
- əhalinin peşə
məşğulluğunun strukturunun dəyişməsi,
informasiyaların istehsalı, yayılması, mühafizəsi,
ötürülməsi ilə əlaqədar fəaliyyət
göstərən qrupların cəmiyyətdə rolunun
genişlənməsi;
- şəxsiyyətin,
sosial təbəqələrin və bütövlükdə cəmiyyətin
sosial statusunun müəyyən edilməsində təhsilin əsas
rol oynaması.
Bu dəyişikliklər
cəmiyyətin üstün inkişafını səciyyələndirməklə,
onu həyata keçirən, formalaşdıran insanın təfəkkür,
əxlaqi-mənəvi cəhətdən yetkinləşməsini,
dünyagörüşünə yiyələnməsini
mühüm tələb kimi qarşıya qoyur. Tarixi fakt və
hadisələrin, şəxsiyyətlərin bu prosesdə
faydalılığı daha qabarıq görünür. Onları
sadəcə sadalamaq, yadda saxlamaq deyil, müqayisələr
aparmaq, analiz, sintez etmək, ümumiləşdirməklə
şəxsiyyətin inkişafına yönəltmək
mühüm vəzifələrdən birinə çevrilir. Bu
mənada ümumi tarix fənni kurikulumunun şəxsiyyətyönümlü
xarakteri onun müasir səciyyəvi keyfiyyətlərindən
biri kimi qeyd olunur.
Nəticəyönümlülük
ümumi tarix fənni kurikulumunun əsas cəhətlərindən
biridir. Bu, daha çox kurikulumlardakı məzmun
standartlarının mahiyyəti və məzmunu ilə
xarakterizə olunur, həmin standartlardakı zəruri bilik və
fəaliyyətlərin ifadə tərzində öz əksini
tapır. Bunlar mahiyyət etibarilə gözlənilən nəticələrdir
ki, kurikulumda həm təhsil səviyyələri, həm də
siniflər üzrə müəyyənləşdirilmişdir.
Onlar ümumi tarix üçün xarakterik olan beş ən
mühüm ümumi anlayışla (tarixi zaman, tarixi məkan,
dövlət, şəxsiyyət, mədəniyyət)
ümumiləşdirilərək təsnif olunmuşdur. Kurikulumlarda
həmin ümumiləşdirmələr məzmun xətti
adlanır.
Ümumi tarix fənni
kurikulumu mahiyyət etibarilə həm də konseptual xarakter
daşıyır. Orada təlim strategiyası və qiymətləndirmə
məsələlərinə ümumi tələblər səviyyəsində
yanaşılır. Respublikada ümumi tarixin təlim sisteminə
istiqamət vermək məqsədi əsas götürülür.
Onun bölgələrdə və məktəblərdə məktəb
kurikulumu formasında konkretləşəcəyi diqqət mərkəzində
saxlanılır.
Qeyd olunan xüsusiyyətlər
ümumi tarix fənni kurikulumunun bir təhsil sənədi
olmaqdan əlavə, həm də ictimai-kütləvi
xarakterini meydana çıxarır. Bu sənəd təhsildə
maraqlı olan əsas tərəflərdən biri kimi valideynlər
üçün də əhəmiyyət daşıyır. Onlar
övladlarının inkişafını məhz bu sənəd
əsasında izləyir, istiqamətləndirirlər.
Bundan əlavə, gənc
nəslin formalaşmasında maraqlı olan hər kəsin
kurikulumlardan istifadə edə bilməsi diqqət mərkəzində
saxlanılmışdır.
Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri
Tarix ən qədim
zamanlardan bu günümüzə qədər cəmiyyətin
meydana gəlməsini, inkişaf tarixini, mərhələlərini
araşdırır, sistemləşdirir, tarixi zaman, tarixi məkan
səviyyəsində onları dəyərləndirir, mədəniyyətlərin,
dövlətlərin, şəxsiyyətlərin rolunu
müəyyənləşdirir. Ümumi tarix fənninin əsas
məzmununun formalaşdırılmasında tarix elminin bu
nailiyyətlərinə istinad olunur. Tarixi anlayışlar,
hadisə və faktlar baza bilikləri kimi müəyyənləşdirilir.
Bunlarla yanaşı,
ümumi tarix fənni pedaqoji anlayış kimi həm də
pedaqogikanın, psixologiyanın, fiziologiyanın zəruri tələblərinə
cavab vermək üçün bir sıra keyfiyyətləri
ehtiva edir. Bu mənada ümumi tarix inteqrativ fənn xarakteri
daşıyır və fundamental tarix elmindən fərqlənir.
Ümumtəhsilin yeni
sisteminin qurulduğu hazırkı şəraitdə fənlərin
də rolu dəyişir. Onlar şəxsiyyəti idraki və əxlaqi-mənəvi
cəhətdən formalaşdıran vasitəyə
çevrilir. Ümumi tarix də bu prosesdə
aşağıdakı xüsusiyyətlər baxımından
əhəmiyyət daşıyır:
· tarixi fakt və hadisələrin
ümumiləşdirmə, təsnifetmə, induksiya, deduksiya
kimi məntiqi əməliyyatlar vasitəsilə təhlil edilməsi;
· yaradıcı fəaliyyət
təcrübəsi;
· tarixi faktların təhlilinə
müxtəlif mövqelərdən yanaşılması və
qiymətləndirilməsi;
· əsas tarixi fakt və hadisələrin,
onlar arasındakı səbəb-nəticə əlaqələrinin
açılması;
· tək-tək tarixi faktlarda
ictimai inkişafın ümumi qanunauyğunluqlarına məxsus
əlamətlərin müəyyənləşdirilməsi;
· hər bir tarixi faktın
xarakterinə görə aydınlaşdırılması və
proqnozların verilməsi.
Bütün bunlarla
yanaşı, müasir dövr məktəblidən həm də
başqalarının fikirlərinə hörmətlə
yanaşmağı, sosial şəraitindən asılı
olmayaraq insanların düşdüyü vəziyyəti
başa düşməyi, onlara həssas yanaşmağı,
kollektivdə əməkdaşlıq etməyi, ətrafındakı
situasiyanı düzgün təhlil edərək uğur
qazanmağı, tolerantlığı tələb edir. Bu
baxımdan bir fənn kimi tarixin geniş imkanları vardır.
Ümumi tarix fənni
şagirdlərə keçmiş və müasir
dövrün problemlərini tədqiq etmək, cəmiyyətlərin
inkişafının səbəb-nəticə əlaqələrini
və xüsusiyyətlərini dərk etmək, sosial-siyasi,
iqtisadi və mədəni proseslərin bir-biri ilə
qarşılıqlı təsirini öyrənmək
imkanı yaradır. Tarixi keçmişi öyrənməklə
şagirdlər bu günü dərk edirlər, başqa
sözlə, tarixi keçmişdən bu gün
üçün dərs alırlar, çünki mahiyyət
etibarilə tarixi keçmişin və müasir dövrün
dərk edilməsinin məntiqi yolu eynidir.
Ümumi tarix dərslərində
şagirdlər cəmiyyətin meydana gəlməsini, onun
zaman və ətraf aləmlə əlaqədə
inkişafını, quruluşunu, insan-cəmiyyət-zaman-məkan
qarşılıqlı əlaqələrini öyrənirlər.
Bu fənn şagirdlərə
dünyanı sevməyi və qorumağı, cəmiyyətdəki
proseslərə fəal münasibət bəsləməyi, müxtəlif
zamanları fərqləndirməyi, öz dövrünü və
özünü daim dəyişən dünya ilə əlaqələndirməyi
öyrədir.
Bundan əlavə,
ümumi tarix şagirdlərdə insanlara maddi və mənəvi
mədəniyyətin inkişafı sahəsində onların
işinə hörmət hissi tərbiyə etmək, ictimai
inkişafın müxtəlif problemləri ilə əlaqədar
tədqiqat aparmaq və onların həlli yollarını
tapmaq, əməkdaşlıq etmək, tənqidi
düşünmək, hadisə və təzahürlərin
inkişafının nəticələrini
proqnozlaşdırmaq, düşdüyü şəraitdən
baş açmaq, düzgün qərarlar qəbul etmək və
b. bacarıqları formalaşdırmağa imkan verir.
Ümumtəhsil məktəbində
ümumi tarix fənninin tədrisinin əsas məqsədi məktəblilərdə
fəal həyat mövqeyi, vətənpərvərlik, digər
xalqlara, ümumbəşəri dəyərlərə
hörmət, mənəvi və mədəni nailiyyətlərə
əsaslanan əqidə prinsipləri, Azərbaycan və
bütün dünya xalqlarının ənənələrinə
və mədəniyyətlərinə qarşı humanizm
hissi, dövlətçilik ənənələrinə
hörmət formalaşdırmaq üçün onlarda
keçmiş və müasir dövr hadisələrini sərbəst
təhlil etmək, faktların ümumiləşdirilməsi, əldə
olunan biliklərdən cəmiyyətin müasir vəziyyətinin
qiymətləndirilməsində istifadə, tarixi mənbə,
müxtəlif fikir, mövqe və konsepsiyaları sərbəst
təhlil etmək, başqalarının fikirlərinə
hörmət etmək bacarıq və vərdişləri
aşılamaqla kommunikativ, təfəkkür və hüquqi
mədəniyyət formalaşdırmaqdan ibarətdir.
Bu məqsədə nail
olmaq üçün aşağıdakı vəzifələrin
həyata keçirilməsi zəruri hesab edilir:
· tarixə dair bilik mənbələri
üzərində müstəqil işin təşkili;
· tarixi hadisə və
faktların araşdırılması, qiymətləndirilməsi;
· tarixi prosesi və ictimai həyatın
müxtəlif cəhətlərini xarakterizə edən ən
mühüm faktların seçilməsi və ümumiləşdirilməsi;
· tarixi faktların onlar
haqqındakı mülahizələrdən fərqləndirilməsi
və əsaslandırılması;
· tarixi faktların müxtəlif
mövqedən qiymətləndirilməsi;
· tarixi fakt və hadisələrin
əsasında qərarların qəbul edilməsi və təqdim
olunması
· insan hüquqlarına,
demokratik dəyərlərə, xalqların tarix və mədəniyyətinə,
milli mənəvi dəyərlərə, vətənə
hörmət hissinin formalaşması;
· bəşəriyyətin mənəvi
irsinin qorunması, zənginləşdirilməsi, hörmət
və sədaqət tərbiyəsi.
"Azərbaycan
Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli
Kurikulumu)" sənədində müəyyən
edilmişdir ki, ümumtəhsil məktəblərində
ümumi tarix fənninin təlimi vasitəsilə şagirdlərdə:
Ümumi orta təhsil səviyyəsində dünya tarixinin
sivilizasiyayaqədərki dövrü, müxtəlif dövrlərdə
insan birliklərinin yaranması, dövlətin meydana gəlməsi
və sivilizasiyaların formalaşması, bəşər
sivilizasiyasının formalaşmasında ayrı-ayrı
dövlətlərin və xalqların rolu, sivilizasiyaların
tənəzzülü və dağılmasının
ictimai-iqtisadi, siyasi səbəbləri, ümumbəşəri,
əxlaqi-mənəvi və maddi mədəniyyətlər
haqqında sistemli məlumatların mənimsənilməsi təmin
olunur, şagirdlərdə tarixi hadisələrə obyektiv
mövqedən yanaşma, onları müvafiq zaman və məkan
kontekstində qiymətləndirmək bacarıqları
formalaşdırılır.
Tam orta təhsil səviyyəsində ümumi orta təhsil səviyyəsindəki
fəaliyyətləri genişləndirməklə tarixi
inkişafa və sivil mədəniyyətə nümunə
ola biləcək, habelə tarixən bağlı olduğumuz
ölkələrin və xalqların tarixinin mühüm məqamları,
sosial-iqtisadi, siyasi və mədəni proseslər, beynəlxalq
münasibətlər, cəmiyyətlərin
inkişafının islahat və inqilab yolları, aqrar
sivilizasiyadan sənaye sivilizasiyasına keçid, müasir
informasiya cəmiyyəti, dünyada gedən inteqrasiya prosesləri,
bəşəriyyəti narahat edən qlobal problemlər
haqqında ümumi məlumatlar mənimsənilir, şagirdlərdə
sosial-iqtisadi və siyasi prosesləri, cəmiyyət və
şəxsiyyət münasibətlərini səciyyələndirən
faktları, siyasi və ictimai hərəkatlar, ictimai
inkişafda maddi və mənəvi mədəniyyətin,
insan amilinin rolu haqqında informasiyaları sistemləşdirmək
və təqdim etmək bacarıqları
formalaşdırılır.
1. Ümumi tarix fənni üzrə təlimin məzmunu
1.1.
Ümumi təlim nəticələri
Ümumi orta təhsil səviyyəsinin sonunda
şagird:
· tarixi dövrləri və
sivilizasiyaları xarakterik əlamətlərinə görə
fərqləndirir, tarixi şəxsiyyətləri, hadisələri
və faktları dövr baxımından qiymətləndirir,
onlara münasibət bildirir;
· tarixi paralellər aparmaq yolu
ilə ayrı-ayrı dövlətlərin inkişaf istiqamətlərini,
ictimai, iqtisadi, siyasi prosesləri müqayisə edir, nəticə
çıxarıb mülahizələrini şərh edir;
· müxtəlif tarixi mənbələri
araşdırmaqla lazımi materialları toplayıb sistemləşdirir
və təqdim edir.
Tam orta təhsil səviyyəsinin sonunda şagird:
· mənbələr
əsasında müxtəlif tarixi hadisələri təhlil
edir, onların arasındakı oxşarlıq və ziddiyyətlərin
səbəblərini izah edir, konkret tarixi hadisələrə
dair əlavə məlumat toplayır, onları sistemləşdirir
və təqdim edir, şəxsi mülahizələri əsasında
referat, məruzə və tezislər hazırlayır;
· dünya
tarixinin hadisə və proseslərini Azərbaycan tarixinin eyni dövrləri
ilə tarixi kontekstdə müqayisə edir, təhlillər
aparır və öz mülahizələrini bildirir;
· tarixi
mövzulardakı dialoqlarda, keçmiş və müasir
dövrün hadisə və proseslərinin müzakirəsində
öz mövqeyini bildirir və əsaslandırır;
· cəmiyyətlərin
inkişafında islahat və inqilabların rolunu fərqləndirir,
onlara öz münasibətini bildirir;
· aqrar (ənənəvi),
sənaye və informasiya cəmiyyətlərini müqayisə
edir, onların xarakterik cəhətlərini izah edir;
· tarixi
proseslər və hadisələr arasında səbəb-nəticə
əlaqələrini müəyyənləşdirir;
· müasir
dövrün qlobal problemlərini şərh edir, onların
aradan qaldırılması ilə bağlı öz fərziyyələrini
bildirir.
1.2. Fənnin məzmun xətləri və onların əsaslandırılması
Ümumi tarix fənninin
məzmunu onun məzmun xətləri əsasında qurulur. Məzmun xətləri
fənn üzrə ümumi təlim nəticələrinin
reallaşdırılmasının istiqamətlərini müəyyən
edir.
Ümumi tarix fənni üzrə
ümumi və tam orta təhsil pillələri
üçün ümumi olan aşağıdakı məzmun
xətləri müəyyənləşdirilmişdir:
1. Tarixi zaman
2. Tarixi məkan
3. Dövlət
4. Şəxsiyyət
5. Mədəniyyət
Ümumi tarix fənnindən
hər sinifdə şagirdin fəaliyyətinin səviyyəsi
məzmun xətləri üzrə standartlara uyğun olaraq
inkişaf etməkdə davam edir. Hər bir sonrakı
sinifdə şagird əvvəlkinə nisbətən daha
mürəkkəb zehni, əməli, kommunikativ fəaliyyətləri
icra etməli olur, yəni şagirdlərin fəaliyyətinə
verilən tələblər sinifdən sinfə keçdikcə
mürəkkəbləşir.
Tarixi zaman
Tarixi fakt
müəyyən bir zaman çərçivəsində
baş verir. Hadisənin baş verdiyi vaxtı müəyyən
etməklə onun özündən əvvəlki və
sonrakı hadisələrlə əlaqəsini, səbəb və
nəticələrini müəyyən etmək olar. Məktəblinin zamanla bağlı təsəvvürü
yoxdursa, onda onun tarixlə bağlı təsəvvürləri
tarixi bilik deyildir. Tarixi faktları zamanla əlaqədə
götürmədən düzgün tarixi biliyə malik olmaq
qeyri-mümkündür.
Tarixin mənimsənilməsində
xronologiyanın böyük rolu vardır. Xronologiyanın
mənimsənilməsi tarixi yadda saxlamağa, tarixi hadisələrin
ardıcıllığını müəyyənləşdirməyə,
onların arasındakı əlaqəni ortaya
çıxarmağa imkan verir.
Xronoloji və sinxron məsələlərin
həlli tarixi faktın ardıcıl və şüurlu mənimsənilməsində,
onlar arasındakı əlaqənin müəyyənləşdirilməsində
əhəmiyyətli rol oynayır, tarix materialının
ümumiləşdirilməsinə, dərk olunmasına imkan
yaradır.
Tarixi məkan
Tarixi proses zamanla
yanaşı, məkan daxilində də baş verir. Konkret məkanla əlaqədə götürülməyən
tarixi fakt real məzmundan uzaq, mücərrəd bir təsəvvür
hesab edilir. Faktların məkan əlaqələri
onların mənimsənilməsinin ən zəruri şərtlərindən
biri kimi çıxış edir.
Məkanın
müəyyən edilməsi təbiətlə cəmiyyət
arasındakı əlaqəni aşkara çıxarmağa,
onların qarşılıqlı təsirini görməyə
imkan verir. İnsanlar, xalqlar, dövlətlər, cəmiyyətlər
bir-birlərindən təcrid edilmiş vəziyyətdə
uzun müddət yaşaya bilməzlər. Onlar inkişaflarını təmin etmək
üçün bir-biri ilə qarşılıqlı əlaqədə
fəaliyyət göstərirlər. Bu əlaqələrin
sabitliyi, dinamikliyi, yaxud qısamüddətliliyi onların yerləşdiyi
məkanın xarakterindən, orada baş verən hadisələrdən
asılı olur. Tarixi məkanın
xalqların, dövlətlərin və cəmiyyətlərin
həyatına təsirini nəzərə almaqla onların
inkişaf xüsusiyyətlərini müəyyən etmək
mümkündür. Bütün bunlar isə
tarixi faktların məkan əlaqələrinin öyrənilməsini
və qiymətləndirilməsini zəruri edir.
Dövlət
Ən qədim
dövrlərdən insanlar özlərinin maddi tələbatlarını
ödəmək üçün öz aralarında müəyyən
münasibətlərə girmiş, istehsal fəaliyyətlərini
təkmilləşdirmişlər. İstehsalın
inkişafı insanlar arasında iqtisadi münasibətlərin
xarakterinə də təsir göstərmişdir.
İqtisadi həyatda
baş verən proseslər cəmiyyətin təşkili
formalarının dəyişməsinə, sosial qrupların,
təbəqələrin yaranmasına gətirib
çıxarır. Dəyişikliklərdə sosial hərəkatlar
əhəmiyyətli rol oynayır. Cəmiyyətin
inkişafı prosesini öyrənmək və dərk etmək
üçün onun sosial-iqtisadi həyatı haqqında
biliklərə yiyələnmək və onları qiymətləndirmək
zəruri hesab edilir.
İnsanların
daxil olduğu ən mürəkkəb və eyni zamanda sabit
qurum dövlətdir. Tarix təlimində məktəblilərin dövlətin
yaranması prosesi, onun tipləri, idarəçilik
formaları ilə
Şəxsiyyət
Tarixi şəxsiyyətlərin
fəaliyyəti tarixi hadisələrin gedişinə müəyyən
təsir göstərir. Onların fəaliyyətinin təhlil
edilməsi və qiymətləndirilməsi tarixi inkişaf
prosesində görkəmli şəxsiyyətlərin rolunu
müəyyənləşdirməyə, hadisələrin səbəb-nəticə
əlaqələrini müəyyən etməyə imkan verir.
Bu mənada şagirdlərin tarixi
inkişafın müxtəlif mərhələlərində
görkəmli şəxsiyyətlərin rolunu başa
düşmələri üçün onları dünya
tarixinin görkəmli şəxsiyyətləri ilə
bağlı məlumatları öyrənməyə,
müzakirə etməyə, nəticələr
çıxarmağa sövq etmək böyük əhəmiyyət
daşıyır.
Mədəniyyət
Tarix təlimində
ayrı-ayrı tarixi dövrlərin mədəniyyəti barəsində
biliklərə yiyələnmək mədəniyyətin təşəkkülü
və inkişafı ilə siyasi, sosial-iqtisadi həyat
arasındakı əlaqəni görməyə, qiymətləndirməyə
imkan verir. Mədəniyyət tarixinin öyrənilməsi həm
də xalqların və sivilizasiyaların dünya mədəniyyətinin
zənginləşməsindəki rolunun dərk olunmasında,
mədəniyyətlərarası və sivilizasiyalararası
münasibətlərin dünyanın sonrakı
inkişafına təsirinin müəyyənləşdirilməsində
əhəmiyyətli rol oynayır.
1.2.
Məzmun xətləri
üzrə təlim nəticələri
Ümumi orta təhsil səviyyəsində məzmun xətləri
üzrə təlim nəticələri
1.Tarixi zaman
Şagird:
- tarixi
dövrləri xarakterik əlamətlərinə görə fərqləndirir;
- hadisə
və faktları dövr baxımından qiymətləndirir və
onlara münasibət bildirir;
- tarixi
paralellər aparmaq yolu ilə ayrı-ayrı dövlətlərin
inkişaf xüsusiyyətlərini müqayisə edir,
mülahizələrini bildirir.
2. Tarixi məkan
Şagird:
- tarixi məkana
görə ictimai, iqtisadi, siyasi və mədəni prosesləri
müqayisə edir və mülahizələrini bildirir, nəticələri
təqdim edir.
3.
Dövlət
Şagird:
- ayrı-ayrı
dövlətlərin yaranması və inkişafı
xüsusiyyətlərini, ictimai, iqtisadi və siyasi prosesləri
müqayisə edir, mülahizələrini
açıqlayır;
- dövlətlərə
aid müxtəlif tarixi mənbələri araşdırmaqla
lazımi materialları toplayıb sistemləşdirir və təqdim
edir.
4. Şəxsiyyət
Şagird:
- tarixi
şəxsiyyətləri dövr baxımından qiymətləndirir,
onlara münasibət bildirir;
- mənbələri
araşdırmaqla tarixi şəxsiyyətlərə dair materiallar
toplayır, təqdimatlar edir.
5. Mədəniyyət
Şagird:
- mədəniyyətləri
və sivilizasiyaları xarakterik əlamətlərinə
görə müqayisə edir və fərqləndirir;
- müxtəlif
xalqların mədəni nailiyyətlərinə dair
araşdırmalar aparır, təqdimatlar edir.
Tam orta təhsil səviyyəsində məzmun xətləri
üzrə təlim nəticələri
1. Tarixi zaman
Şagird:
- mənbələr
əsasında müxtəlif tarixi dövrləri təhlil
edir, onların oxşar və fərqli cəhətlərini
izah edir, tezis, referat, məruzə hazırlayır;
- tarixi
hadisə, proses və təzahürlərin səbəb-nəticə
əlaqələrini müəyyən edir və tarixi dövr
baxımından qiymətləndirir;
- dünya
tarixinin hadisə və proseslərini Azərbaycan tarixinin eyni
dövrləri ilə müqayisə edir və təhlillər
aparır, mülahizələrini bildirir.
2. Tarixi məkan
Şagird:
- müxtəlif
tarixi hadisələri konkret məkan baxımından
müqayisə edir və mülahizələrini bildirir;
- aqrar (ənənəvi),
sənaye və informasiya cəmiyyətlərini məkana
görə müqayisə edir, onların xarakterik cəhətlərini
izah edir.
3. Dövlət
Şagird:
- cəmiyyət
və dövlətlərin inkişafında islahat və
inqilabların rolunu fərqləndirir, aqrar (ənənəvi),
sənaye və informasiya cəmiyyətlərini müqayisə
edir və münasibət bildirir;
- bəşəriyyəti
narahat edən qlobal problemlərin həllində dövlətin
rolunu şərh edir;
- mənbələr
əsasında müxtəlif dövlətlərin tarixinə
dair təhlillər aparır, referat, məruzə və tezislər
hazırlayır.
4. Şəxsiyyət
Şagird:
- tarixi
hadisə və proseslərin gedişində şəxsiyyətlərin
rolunu qiymətləndirir, mülahizələri əsasında
təqdimatlar edir;
- tarixi
şəxsiyyətlərə dair tədqiqatlar aparır,
mövqeyini bildirir və əsaslandırır.
5. Mədəniyyət
Şagird:
- aqrar (ənənəvi),
sənaye və informasiya cəmiyyətlərində mədəniyyətin
inkişaf xüsusiyyətlərini müqayisə edir və əsaslandırır;
- müasir
dövrün qlobal problemlərinin həllində mədəniyyətlərarası
və sivilizasiyalararası dialoqların roluna dair materiallar
toplayır, məruzə və referatlar hazırlayır.
1.4. Fəaliyyət xətləri
Ümumi tarixdə
fəaliyyət xətləri biliklərin əldə
olunması və istifadəsi yollarını müəyyənləşdirmək,
onları təsvir etmək məqsədi daşıyır. Məzmun xətləri
ilə fəaliyyət xətləri üst-üstə
düşdüyü üçün məzmun
standartlarının müəyyənləşdirilməsi
zamanı onların fəaliyyət xətləri ilə əlaqəsi
nəzərə alınmışdır.
· Tarixi bilik mənbələrindən
məlumatların toplanması və sistemləşdirilməsi.
· Tarixi materialın təhlili,
sintezi və ümumiləşdirilməsi.
· Tarixi faktların müqayisəsi.
· Nəticə
çıxarılması və əsaslandırılması.
· Yekun nəticənin təqdim
edilməsi.
· Qiymətləndirmə.
1.5. Siniflər üzrə məzmun standartları
VI SİNİF
VI sinfin sonunda şagird:
· tarixdə
il hesabından istifadə edir;
· mühüm
hadisələrin xronoloji çərçivəsini müəyyən
edir;
· qədim
insanların həyatında təbii-coğrafi şəraitin
rolunu müəyyənləşdirir;
· dövlətlərin
yaranmasını, onların siyasi quruluşunu, sosial-iqtisadi
münasibətləri tarixi bilik mənbələri əsasında
izah edir;
· tarixi
şəxsiyyətlərin həyat və fəaliyyətini təsvir
edir;
· mədəniyyətin
yaranması və inkişafını insanların həyatında
baş verən dəyişikliklərlə əlaqələndirir.
Məzmun xətləri üzrə əsas və
alt-standartlar
1.Tarixi zaman
Şagird:
1.1. Tarixi faktların tarixi
zamanla əlaqəsini anladığını nümayiş
etdirir.
1.1.1.Tarixdə
il hesabından istifadə edir.
1.1.2. Quldar dövlətlərin
(Misir,
1.1.3.Müxtəlif
ölkələrdə baş vermiş mühüm hadisə,
proses və təzahürlərin xronoloji çərçivələrini
müəyyən edir.
2. Tarixi məkan
Şagird:
2.1. Tarixi hadisə, proses və
təzahürlərin baş verdiyi təbii-coğrafi şəraitlə
bağlı bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Ən qədim insan məskənlərinin,
ilk sivilizasiyaların və dövlətlərin
yaranmasını, inkişaf amillərini izah edir.
2.1.2. Təbii-coğrafi
şəraiti əks etdirən xəritə əsasında
hadisələrin baş verdiyi tarixi məkanı təsvir
edir.
3. Dövlət
Şagird:
3.1. Dövlətlərin
yaranması, inkişafı və tənəzzülü ilə
bağlı bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Qədim dövlətlərin
(Misir,
3.1.2. Mənbələr əsasında
qədim dövlətlərlə bağlı məlumatlar
toplayır və təqdim edir.
4. Şəxsiyyət
Şagird:
4.1.Tarixi
şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
4.1.1. Tarixi şəxsiyyətləri
(I Tutmos, III Tutmos, II Ramzes, Hammurapi, Aşşurbanipal, II Sarqon,
II Kir, I Dara, Mete xaqan, İskəndər, Sin Şixuandi,
Aşoka, Solon, Mitridat, Perikl, Yuli Sezar, Oktavian Avqust, Konstantin)
müəyyənləşdirir.
4.1.2. Mənbələr əsasında
qədim dövr tarixi şəxsiyyətləri haqqında məlumatlar
toplayır, təqdim edir.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyətləri
və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Mədəniyyətin
ayrı-ayrı sahələrinin insanların həyat tərzi
ilə əlaqələrini izah edir.
5.1.2. Mədəniyyətlərarası
və sivilizasiyalararası əlaqələrə münasibət
bildirir.
5.1.3. Mədəniyyətlərə,
mədəniyyətlərarası əlaqələrə dair
məlumat toplayır, təqdim edir.
VII SİNİF
VII sinfin sonunda şagird:
· tarixi
faktları davametmə müddətinə görə fərqləndirir,
onların xronoloji ardıcıllığını və
sinxronluğunu müəyyənləşdirir;
·
xalqların
və dövlətlərin ərazi məkanında baş verən
dəyişiklikləri xəritə əsasında izah edir;
· erkən
feodal dövlətlərin idarəçilik formalarını
və sosial-iqtisadi münasibətlərini müqayisə edir;
· dövlət
və mədəniyyətlərin inkişafında tarixi şəxsiyyətlərin
rolunu izah edir;
· erkən
orta əsrlərdə mədəniyyətlərin inkişaf
istiqamətlərini və xüsusiyyətlərini izah
edir.
Məzmun xətləri üzrə əsas və
alt-standartlar
1.Tarixi zaman
Şagird:
1.1. Tarixi faktların tarixi
zamanla əlaqəsini anladığını nümayiş
etdirir.
1.1.1. Mühüm tarixi
faktları davametmə müddətinə görə fərqləndirir.
1.1.2. Müxtəlif ölkələrdə
baş vermiş ayrı-ayrı tarixi faktların
sinxronluğunu müəyyənləşdirir.
1.1.3. Tarixi faktları
xronoloji ardıcıllıqla düzür.
2.Tarixi məkan
Şagird:
2.1. Məkanda baş verən
tarixi hadisə, proses və təzahürlərlə
bağlı bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Feodal münasibətlərinin
yaranmasını dövlətlərin və xalqların
geosiyasi məkanında baş verən dəyişikliklərlə
izah edir.
2.1.2. Dövlətlərin və
xalqların ərazi məkanında baş verən dəyişiklikləri
xəritələrdəki məlumatlar əsasında təhlil
edir.
3. Dövlət
Şagird:
3.1. Dövlətlərin
yaranması, inkişafı və tənəzzülü ilə
bağlı bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Erkən feodal dövlətlərinin
(Çin, Sasani, Qafqaz, Ağ Hun, Qərbi Hun, Göytürk,
Uyğur, Xəzər, Avar, Bulqar, Hindistan, Ərəb xilafəti,
Frank, Bizans, Slavyan dövlətləri, Oğuz, Samani,
Qaraxanlı, Qəznəvi, Xarəzmşahlar) yaranması, idarəçilik
formaları və sosial-iqtisadi münasibətlərini
müqayisə edir.
3.1.2. Erkən feodal dövlətlərinin
oxşar və fərqli cəhətləri ilə
bağlı cədvəl və diaqramlar hazırlayır.
4.Şəxsiyyət
Şagird:
4.1. Tarixi şəxsiyyətləri
dövr baxımından qiymətləndirir.
4.1.1. Dövlətlərin və
mədəniyyətlərin inkişafında şəxsiyyətlərin
(Atilla, Bumın xaqan, Mahmud Qəznəvi, Məhəmməd
peyğəmbər, Xlodviq, Böyük Karl) rolunu izah edir.
4.1.2. Dövlətin və mədəniyyətin
inkişafında tarixi şəxsiyyətlərin rolu ilə
bağlı məlumatlar toplayır və təqdimatlar
hazırlayır.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyətləri
və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Avropa və Şərq
mədəniyyətinin inkişaf xüsusiyyətlərini izah
edir.
5.1.2. Şərq mədəniyyətinin
dünya mədəniyyətinə təsirini müəyyən
edir.
5.1.3. Mədəniyyətlərin
inkişafı ilə bağlı materiallar toplayır.
VIII SİNİF
VIII sinfin sonunda şagird:
· hadisə,
proses və təzahürlər arasında səbəb-nəticə
əlaqələrini ifadə edən xronoloji cədvəllər
hazırlayır;
· feodal
münasibətlərinin inkişafı və
dağılmasını xalqların və dövlətlərin
geosiyasi məkanında baş verən dəyişikliklərlə
əlaqələndirir, həmin dəyişiklikləri kontur xəritəyə
köçürür;
· mərkəzləşmiş
feodal dövlətlərinin yaranmasını və inkişaf
xüsusiyyətlərini təhlil edir;
· tarixi
şəxsiyyətləri oxşar və fərqli cəhətlərinə
görə fərqləndirir;
· Şərqdə və Qərbdə
intibah mədəniyyətlərinin inkişaf xüsusiyyətlərini,
onların qarşılıqlı təsirini izah edir.
Məzmun xətləri üzrə əsas və
alt-standartlar
1. Tarixi zaman
Şagird:
1.1. Tarixi faktların tarixi zamanla
əlaqəsini anladığını nümayiş etdirir.
1.1.1. Oxşar tarixi
faktların baş verdiyi zamandan irəli gələn fərqli
cəhətlərini izah edir.
1.1.2. Oxşar proses və
hadisələri əlaqələndirən sinxron cədvəllər
tərtib edir.
1.1.3. Hadisə, təzahür
və proseslər arasında səbəb-nəticə əlaqələrini
müəyyənləşdirən xronoloji cədvəllər
tərtib edir.
2. Tarixi məkan
Şagird:
2.1. Məkanda baş verən
hadisə, proses və təzahürlərlə bağlı
bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Feodal münasibətlərinin
inkişafını və dağılmasını
xalqların və dövlətlərin geosiyasi məkanında
baş verən dəyişikliklərlə əlaqələndirir.
2.1.2. Dövlətlərin və
xalqların həyatında baş verən ərazi dəyişikliklərini
xəritə və sxemlərdəki məlumatlar əsasında
kontur xəritələrə köçürür.
3.Dövlət
Şagird:
3.1. Dövlətlərin
yaranması, inkişafı və tənəzzülü ilə
bağlı bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Mərkəzləşmiş
feodal dövlətlərinin (İngiltərə, İspaniya,
İtaliya, Almaniya, Fransa, Rusiya, Səlcuq, Monqol, Səfəvi,
Ağqoyunlu, Qaraqoyunlu, Qızıl Orda, Osmanlı, Teymuri,
Böyük Moğol) yaranmasını, idarəçilik
formalarını, sosial-iqtisadi münasibətləri təhlil
edir.
3.1.2. Mərkəzləşdirilmiş
feodal dövlətləri ilə bağlı esse yazır.
4. Şəxsiyyət
Şagird:
4.1. Tarixi şəxsiyyətləri
dövr baxımından qiymətləndirir.
4.1.1. Tarixi şəxsiyyətləri
(Alp Arslan, Məlik şah, Çingiz xan, Qara Yusif, Uzun Həsən,
Batı xan, Fateh II Mehmet, Əmir Teymur, Sultan Süleyman Qanuni, Əkbər
şah, Şah İsmayıl, I Təhmasib, Oranlı Vilhelm,
İvan Qroznı) müqayisə edir.
4.1.2. Tarixi şəxsiyyətlərin
oxşar və fərqli cəhətləri ilə
bağlı cədvəl hazırlayır.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyətləri
və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Şərq və Qərbdə
intibah mədəniyyətinin xüsusiyyətlərini izah
edir.
5.1.2. Elmi kəşf və
ixtiraların dünya mədəniyyətinin inkişafına
təsirini izah edir.
5.1.3. Dünya mədəniyyətinin
nailiyyətlərinə dair cədvəl və qrafiklər
hazırlayır.
IX SİNİF
IX sinfin sonunda şagird:
· müxtəlif
ölkələrdə baş verən oxşar tarixi hadisə
və faktları dövr baxımından qiymətləndirir;
· kapitalist
münasibətlərinin yaranmasını, dünya ölkələrində
baş verən dəyişiklikləri məkanla əlaqədə
izah edir;
· dünya
ölkələrinin inkişafındakı qeyri-bərabərliyi
onların siyasi quruluşu ilə əlaqələndirir;
· tarixi
şəxsiyyətləri dövr baxımından qiymətləndirir;
· mədəniyyətləri,
sivilizasiyaları xarakterik əlamətlərinə görə
fərqləndirir.
Məzmun xətləri üzrə əsas və
alt-standartlar
1. Tarixi zaman
Şagird:
1.1. Tarixi faktların tarixi
zamanla əlaqəsini anladığını nümayiş
etdirir.
1.1.1. Müxtəlif ölkələrdə
oxşar tarixi faktların müxtəlif zamanlarda baş verməsinin
səbəb və nəticələrini izah edir.
1.1.2. Oxşar tarixi faktlarla
baş verdiyi tarixi şərait arasındakı fərqi
müəyyən edir.
1.1.3. Mühüm tarixi
faktların zaman əlaqəsini göstərən sinxron cədvəllər
hazırlayır.
2. Tarixi məkan
Şagird:
2.1. Məkanda baş verən
hadisə, proses və təzahürlərlə bağlı
bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Kapitalist münasibətlərinin
yaranmasını, dünyada baş vermiş iqtisadi, sosial və
siyasi dəyişiklikləri məkanla əlaqədə izah
edir və təqdimatlar hazırlayır.
2.1.2. Dövlətlərin ərazi
dəyişikliklərini əks etdirən cədvəl və
qrafiklər hazırlayır.
3. Dövlət
Şagird:
3.1. Dövlətlərin
yaranması, inkişafı və tənəzzülü ilə
bağlı bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Dövlətlərin
(İngiltərə, Fransa, Rusiya, ABŞ, Osmanlı, İran,
Çin, Hindistan, Mərkəzi Asiyanın türk dövlətləri,
Qazaxıstan, Krım, Sibir, Volqaboyu, Qafqaz xalqları) qeyri-bərabər
inkişafını, Avropada və Amerikada yeni tipli dövlətlərin
yaranması prosesini və onların siyasi, sosial quruluşunu təhlil
edir.
3.1.2. Yeni tipli dövlətlərin
tarixinə dair təqdimatlar hazırlayır.
4. Şəxsiyyət
Şagird:
4.1. Tarixi şəxsiyyətləri
dövr baxımından qiymətləndirir.
4.1.1. Tarixi şəxsiyyətlərin
(Oliver Kromvel, Maksimilian Robespyer, I Pyotr, II Yekaterina, Corc
Vaşinqton, Benjamin Franklin, Köprülü Mehmet paşa, III
Səlim, Nadir şah, Ağa Məhəmməd şah Qacar) fəaliyyətini
sosial qrupların mənafeyi baxımından təhlil etməklə
onlara münasibət bildirir.
4.1.2. Topladığı
materiallar əsasında tarixi şəxslərə dair esse və
hekayələr yazır.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyətləri
və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Mədəniyyətlərin
inkişafına təsir edən amilləri izah edir.
5.1.2. Mədəniyyətlərarası
və sivilizasiyalararası qarşılıqlı təsiri və
ziddiyyətləri izah edir.
5.1.3. Mədəniyyətlərarası
və sivilizasiyalararası əlaqələrə dair esse və
hekayələr yazır.
X SİNİF
X sinfin sonunda şagird:
· ölkələrdə
baş verən dəyişiklikləri tarixi zaman
baxımından qiymətləndirir;
· dünyada
və Azərbaycanda baş verən hadisə, proses və təzahürlər
arasında əlaqələri tarixi zaman baxımından izah
edir;
· ölkə
və xalqların sosial-iqtisadi və mədəni həyatında
baş verən dəyişiklikləri məkan
baxımından qiymətləndirir;
· geosiyasi dəyişikliklərin
cəmiyyətin sosial-iqtisadi, siyasi həyatına təsirini təhlil
edir;
· tarixi
şəxsiyyətləri mənsub olduqları dövlətlərin
mənafeyi baxımından qiymətləndirir;
· ənənəvi
və sənaye cəmiyyətlərini mədəniyyətin
inkişafına və mədəniyyətlərarası
münasibətlərə görə qiymətləndirir.
Məzmun xətləri üzrə əsas və
alt-standartlar
1. Tarixi zaman
Şagird:
1.1. Tarixi faktları tarixi
zamanla əlaqədə qiymətləndirir.
1.1.1. Asılı və
müstəmləkə xalqlarının milli-azadlıq hərəkatını
tarixi zamanla əlaqədə dəyərləndirir.
1.1.2. Ölkələrdə
baş verən oxşar sosial-iqtisadi hadisə və prosesləri
zaman baxımından tarixi şəraitlə əlaqədə
müqayisə edir və dəyərləndirir.
1.1.3. Ölkələrdə
baş verən oxşar mədəni hadisə və prosesləri
baş verdiyi tarixi zamanla əlaqədə dəyərləndirir.
1.1.4. Dünyada və Azərbaycanda
baş verən hadisə, proses və təzahürlər
arasında əlaqələri tarixi zaman baxımından izah
edir.
2. Tarixi məkan
Şagird:
2.1. Məkanda baş verən
hadisə, proses və təzahürlərlə bağlı
bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Kapitalist münasibətlərinin
inkişafı ilə bağlı ölkələrin və
xalqların sosial-iqtisadi və mədəni həyatında
baş verən dəyişiklikləri məkanla əlaqədar
qiymətləndirir.
2.1.2. Dünya ölkələrində
baş verən geosiyasi dəyişiklikləri müxtəlif
formalarda (xəritə, sxem, cədvəl) təqdim edir.
3. Dövlət
Şagird:
3.1. Dövlətlərin
inkişafını siyasi, sosial-iqtisadi münasibətlərin
xarakterinə görə qiymətləndirir.
3.1.1. Dövlətlərin
(Avropa dövlətləri və Rusiya, ABŞ və Latın
Amerikası ölkələri, Türk dünyası və
Qafqaz xalqları, Asiya, Afrika ölkələri) yaranması və
inkişafı prosesini, geosiyasi dəyişiklikləri izah
edir.
3.1.2. Geosiyasi dəyişikliklərin
cəmiyyətin sosial-iqtisadi həyatına təsirini şərh
edir.
3.1.3. Mənbələr əsasında
dövlətlərin tarixinə dair materiallar toplayır və
məruzələr hazırlayır.
4. Şəxsiyyət
Şagird:
4.1. Tarixi şəxsiyyətləri
dövr baxımından qiymətləndirir.
4.1.1. Tarixi şəxsiyyətləri
(I Napoleon, Cüzeppe Haribaldi, I Aleksandr, Sultan II Əbdülhəmid,
Otto Bismark, Avraam Linkoln) mənsub olduqları dövlətlərin
mənafeyi baxımından qiymətləndirir.
4.1.2. Tarixi şəxsiyyətlərin
fəaliyyətinə dair məruzə və referatlar
hazırlayır.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyətləri
və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Aqrar (ənənəvi)
və sənaye cəmiyyətlərinin mədəniyyətlərin
inkişafına təsirini izah edir.
5.1.2. Aqrar (ənənəvi)
və sənaye cəmiyyətlərinin mədəniyyətlərarası
və sivilizasiyalararası əlaqələrə təsirini əsaslandırır.
5.1.3. Aqrar (ənənəvi)
və sənaye cəmiyyətlərinin mədəniyyətlərarası
və sivilizasiyalararası əlaqələrə təsiri ilə
bağlı referat və məruzələr hazırlayır.
XI SİNİF
XI sinfin sonunda şagird:
· ölkədə
baş verən siyasi, sosial-iqtisadi və mədəni faktları
onun inkişafının müəyyən dövrü ilə
əlaqədə dəyərləndirir;
· dünyada
və Azərbaycanda baş verən hadisə, proses və təzahürlər
arasında əlaqələri tarixi zaman baxımından qiymətləndirir;
· ölkə
və xalqların həyatında, beynəlxalq münasibətlərdə
baş verən dəyişiklikləri məkan
baxımından qiymətləndirir;
· aqrar (ənənəvi),
sənaye və informasiya cəmiyyətlərində dövlətin
rolunu qiymətləndirir;
· tarixi
şəxsiyyətləri mənsub olduqları ölkənin
daxili və beynəlxalq həyatına təsiri
baxımından qiymətləndirir;
· aqrar (ənənəvi),
sənaye və informasiya cəmiyyətlərində mədəniyyətin
inkişafını və mədəniyyətlərarası
münasibətləri qiymətləndirir.
Məzmun xətləri üzrə əsas və
alt-standartlar
1.Tarixi zaman
Şagird:
1.1. Tarixi faktları tarixi
zamanla əlaqədə qiymətləndirir.
1.1.1. Ölkədəki
sosial-iqtisadi həyat faktlarını onun iqtisadi
inkişafının müəyyən mərhələsi ilə
əlaqədə dəyərləndirir.
1.1.2. Ölkədəki
siyasi həyat faktlarını onun siyasi inkişafının
müəyyən mərhələsi baxımından qiymətləndirir.
1.1.3. Ölkədəki mədəni
həyat faktlarını onun mədəni
inkişafının müəyyən mərhələsi ilə
əlaqədə dəyərləndirir.
1.1.4. Dünyada və Azərbaycanda
baş verən hadisə, proses və təzahürlər
arasında əlaqələri tarixi zaman baxımından qiymətləndirir.
2.Tarixi məkan
Şagird:
2.1 Məkanda baş verən
hadisə, proses və təzahürlərlə bağlı
bilik və bacarıqlarını nümayiş etdirir.
2.1.1. Ölkələrin və
xalqların sosial-iqtisadi və mədəni həyatında,
beynəlxalq münasibətlərdə baş verən dəyişiklikləri,
inteqrasiya prosesi ilə bağlı informasiyaları məkan
baxımından qiymətləndirir.
2.1.2. Ən yeni dövrdə
baş verən geosiyasi dəyişiklikləri müxtəlif
formalarda (xəritə, sxem, cədvəl, diaqram) təqdim
edir.
3. Dövlət
Şagird:
3.1. Dövlətlərin
inkişafını siyasi, sosial-iqtisadi münasibətlərin
xarakterinə görə qiymətləndirir.
3.1.1. Dövlətləri
(Almaniya, İngiltərə, Fransa, ABŞ, SSRİ, Rusiya,
Türkiyə, Yaponiya, Çin, Koreya, Hindistan, İran, Qafqaz,
Mərkəzi Asiya, Krım, Volqaboyu, Sibirin türk xalqları,
ərəb ölkələri) siyasi quruluşuna, aqrar (ənənəvi),
sənaye və informasiya cəmiyyətlərində vəzifələrinə
görə dəyərləndirir.
3.1.2. Qlobal problemlərin həllində
dövlətlərin rolunu şərh edir.
3.1.3. Mənbələr əsasında
dövlətlərin tarixinə dair təhlillər aparır,
referat və tezislər hazırlayır.
4. Şəxsiyyət
Şagird:
4.1. Tarixi şəxsiyyətləri
dövr baxımından qiymətləndirir.
4.1.1. Tarixi şəxsiyyətləri
(Franklin Ruzvelt, Vladimir İliç Lenin, İosif
Vissarionoviç Stalin, Mustafa Kamal Atatürk, Sun Yatsen, Şarl
de Qoll, Konrad Adenauer, Turqut Özal, Mao Tszedun, Cəvahirləl
Nehru, Heydər Əliyev) mənsub olduqları ölkələrin
daxili və beynəlxalq həyatına təsiri
baxımından qiymətləndirir.
4.1.2. Tarixi şəxsiyyətlər
haqqında araşdırmalar aparır, təqdimatlar edir.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyətləri
və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Aqrar (ənənəvi),
sənaye və informasiya cəmiyyətlərinin mədəniyyətin
inkişafına təsirini izah edir.
5.1.2. Aqrar (ənənəvi),
sənaye və informasiya cəmiyyətlərinin mədəniyyətlərarası
və sivilizasiyalararası əlaqələrə təsirini əsaslandırır.
5.1.3. Mədəniyyətlərarası
və sivilizasiyalararası əlaqələrə dair referat və
tezislər hazırlayır.
(Ardı var)
Azərbaycan müəllimi.- 2010.- 4 iyun.- S.7.