Azərbaycanın Milli Qəhrəmanları

 

Ağayev Bəylər Tapdıq oğlu

 

1969-cu il fevralın 3-də Qubadlı rayonunun Qarağaclı kəndində doğulmuş, 1985-ci ildə Qaracallı kənd orta məktəbini bitirmişdi. 1987-ci ildə hərbi xidmətə çağırılmışdı. O, hərbi xidmətini 1989-cu ildə Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıtmışdı. B.Ağayev 1990-cı ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinə daxil olmuş, 1992-ci ildə təhsilini yarımçıq qoyub könüllü olaraq ordu sıralarına yazılmışdı. Onun yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edib o, bölmə komandiri təyin edilib. Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 1992-ci il avqustun 6-da Xanlıq kəndi uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini hərbi texnikasını məhv edərək qəhrəmancasına həlak olub. 

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 nömrəli Fərmanı ilə  Ağayev Bəylər  Tapdıq  oğlu ölümündən  sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Qarağaclı  kəndindəki  Şəhidlər xiyabanında dəfn olunub. Qaracallı kənd orta məktəbi onun  adını  daşıyır.  Bu  kənd hazırda erməni işğalı altındadır.      

 

Ağayev Eldar Əsgər oğlu

 

1955-ci il sentyabrın 29-da Tbilisi şəhərində hərbiçi ailəsində anadan olmuşdur. Ailəsi ilə birlikdə Bakıya köçmüşdür. İlk təhsilini Bakı şəhər 20 nömrəli orta məktəbdə almış, sonra 134 nömrəli orta məktəbdə oxumuşdur. 1972-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olmuşdur. 1976-cı ildə təhsilini başa vuraraq,  motoatıcı ixtisasına yiyələnən E.Ağayev Kalininqrad vilayətinin Qusev şəhərində hərbi xidmətə başlamışdır. 1978-ci ildə Kamçatka yarımadasında, 1981-84-cü illərdə Amur vilayətinin Obluçye şəhərində motoatıcı bölüyünün komandiri, 1984-86-cı illərdə Əfqanıstanda alay komandiri kəşfiyyat bölüyünün komandiri olmuşdur. E.Ağayev Əfqanıstanda xidmətini başa vurduqdan sonra Kalininqrad şəhərinə gəlmiş, 1989-cu ilə qədər burada motoatıcı alayın kəşfiyyat rəisi vəzifəsində çalışmışdır. 1992-ci ildə komandanlığa raport yazaraq Vətənə qayıtmışdır. Milli Ordunun tərkibində özünün yaratdığı 775-ci reyd dəstəsinin komandiri kimi fəaliyyətə başlamışdır.  Qarabağ döyüşlərində göstərdiyi şücaətə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

Ailəlidir.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə polkovnik Ağayev Eldar Əsgər oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 

 

Ağayev Faiq Alış oğlu

 

1969-cu il iyunun 6-da Ağdam rayonunun Papravənd kəndində doğulmuş, 1986-cı ildə Papravənd kənd orta məktəbini bitirmişdi. 1989-cu ildə keçmiş Sovet ordusu sıralarında hərbi xidmətini başa vuraraq Vətənə qayıdıb Yevlax şəhərində əmək fəaliyyətinə başlamışdı. O zamanlar erməni hərbi qüvvələri Azərbaycanın sərhəd bölgələrində Qarabağda ağır cinayətlər törədirdilər. Bu hadisələrə biganə qalmayan Faiq 1990-cı ilin sentyabrında Ağdam Rayon Polis İdarəsinin tərkibində yaranmış polis alayına yazılıb. 1991-ci il dekabrın 23-də erməni silahlı qüvvələri Meşəli kəndinə güclü hücuma keçmiş, düşmənin zirehli texnikası çoxsaylı piyada qüvvələri kənd əhalisini təşvişə salmışdı. Vəziyyətin son dərəcə ağır olduğunu görən Faiq sərrast atəşlə erməni yaraqlılarını məhv edərək, dinc əhalinin təhlükəsiz yerdə daldalanmasına kömək etmişdi. Düşmənin diqqətini özünə cəlb edən Faiq son nəfəsinədək vuruşaraq qəhrəmancasına həlak olmuşdur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə  Ağayev Faiq Alış oğlu ölümündən sonra Azərbaycanın  Milli Qəhrəmanı adına layiq görülüb. Ağdam rayonunun  Papravənd kəndində  dəfn olunub.       

 

Ağayev Fərhad İslam oğlu

 

1975-ci il avqustun 4-də Sabirabad rayonunun Ələmbəyli kəndində anadan olmuşdu.  1992-ci ildə həmin kənd orta məktəbini bitirmişdi. 1993-cü ildə Sabirabad Rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılan Fərhad Prezident Qvardiyasında xidmətə başlamış, 1994-cü il yanvarın 24-də cəbhəyə yola düşmüşdü. Onun ilk döyüşü Füzuli rayonunun Seyidəhmədli kəndindən başlamışdı. Murovdağ, Güzgü, Ömərdağ kimi əhəmiyyətli ərazilərin müdafiəsində  şücaət  göstərmiş, 1995-ci ilin əvvəlində Goranboydakı döyüş bölgələrinə  göndərilmişdi.  Elə  həmin ilin martında Fərhad məlum dövlət çevrilişinin qarşısını almaq üçün Ağstafaya göndərilir. O, 1995-ci il martın 13-də dövlətimizin müdafiə olunması uğrunda gedən döyüşlərdə ağır güllə yarası almış martın 15-də aldığı yaradan dünyasını dəyişmişdir.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel  1995-ci il tarixli  307 nömrəli Fərmanı ilə  Ağayev Fərhad İslam oğlu ölümündən  sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Sabirabad rayonundakı  Şəhidlər xiyabanında dəfn olunub. Təhsil aldığı orta məktəb onun adını daşıyır. 

 

Aznaurov İsgəndər Söhrab oğlu

 

1956-cı il avqustun 16-da Özbəkistan Respublikasının Buxara vilayətində dünyaya gəlmişdi. 1973-cü ildə orta məktəbi bitirib, 1978-ci ildə Daşkənd İrriqasiya İnstitutuna daxil olmuşdu. 1983-cü ildə ali təhsilini başa vuran İsgəndər 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana - Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüşdü. O, burada cihazqayırma zavodunda çalışıb. Erməni faşistlərinin torpaqlarımıza basqınları İsgəndəri narahat edirdi o, 1992-ci il aprelin 21-də  Milli Ordu sıralarına yazılır. İsgəndəri "N" saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin edirlər. Döyüşlərin birində düşmənin dörd topunu xeyli canlı qüvvəsini məhv etmişdi. İsgəndər Qarabağ müharibəsində ən sərrast topçulardan biri sayılırdı. 1993-cü il aprelin 18-də Vətən uğrunda döyüşərək mərdliklə həlak olub.

Evli idi. Üç qızı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar  1995-ci il tarixli 262 nömrəli Fərmanı ilə  baş leytenant  Aznaurov İsgəndər Söhrab oğlu ölümündən  sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda Şəhidlər xiyabanında dəfn olunub.

Onun adına Gədəbəyin Şınıx bölgəsindəsgəndər qalası" var. Kür qəsəbəsindəki 1 nömrəli məktəb qəhrəmanın adını daşıyır, məktəbdə büstü qoyulub.

 

 

  Azərbaycan müəllimi.- 2010.- 4 iyun.- S.8.