Buraxılış imtahanlarından azadolunma barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

  

Son vaxtlar respublikamızda baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması ilə bağlı keçirilmiş müşavirələrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən olunmuş tapşırıqlar həmin istiqamətdə həyata keçirilən tədbirləri xeyli sürətləndirmiş, əhali arasında mənəvi-psixoloji durumun stabilliyinə müstəsna dərəcədə əhəmiyyətli təsir göstərmişdir.

Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, Təhsil Nazirliyi Kür çayı ətrafındakı rayonlarda təhsilin vəziyyətini araşdırıb təhlil etmiş, yerli təhsil orqanları və ümumtəhsil məktəblərinin rəhbərləri, habelə müəllim və valideynlərlə müvafiq müzakirələr aparmışdır.

2010-cu il iyunun 2-də Təhsil Nazirliyinin rəhbərliyinin, Şirvan şəhər, Sabirabad, Saatlı, Hacıqabul, İmişli, Neftçala, Salyan və Zərdab rayon təhsil şöbələrinin müdirlərinin iştirakı ilə Şirvan şəhərində geniş müşavirə keçirilmişdir. Müşavirədə təhsil şöbə müdirlərinin yaranmış vəziyyətlə bağlı hesabatları, o cümlədən buraxılış imtahanlarının keçirilməsi barədə onların təklifləri dinlənilmişdir. Yekun olaraq belə bir yekdil rəyə gəlinmişdir ki, təbii fəlakət nəticəsində əhali tərəfindən tərk edilmiş yaşayış məntəqələrindəki ümumtəhsil məktəblərinin şagirdləri psixoloji sarsıntıya məruz qaldıqlarına, imtahanlara hazırlaşmaq imkanından məhrum olduqlarına görə buraxılış imtahanlarından azad edilsinlər və onlara müsbət illik qiymətlər əsasında müvafiq təhsil sənədi verilsin.

Qeyd olunanları nəzərə alaraq

 

ƏMR EDİRƏM:

 

1. Aşağıdakı rayonların qeyd olunan məktəblərinin IX və XI sinif şagirdləri buraxılış imtahanlarından azad edilsinlər:

1.1. Hacıqabul rayonu Xilə kənd əsas məktəbi, Abdulabad, Ağacanlı, Meynəman, Talış, Kolanı kənd orta məktəbləri.

1.2. Saatlı rayonu Dəllər və Novruzlu kənd əsas məktəbləri, Nərimankənd kənd orta məktəbi.

1.3. Saatlı rayonu Nərimankənd kəndində yerləşən Cəbrayıl rayonu 2 nömrəli orta məktəb.

1.4. Sabirabad rayonu Əsgərbəyli kənd əsas məktəbi, Qaragünə kənd 2 nömrəli, Balahəşimxanlı, Ələmbəyli, Mürsəlli, Qasımbəyli, Ulacalı, Yuxarı Axtaçı kənd orta məktəbləri.

1.5. İmişli rayonu Allahmədətli kənd əsas məktəbi, Ağamallar, Əlyetməzli, Məmmədli, Telişli kənd orta məktəbləri.

2. Bu əmrin birinci bəndində göstərilən məktəblərin buraxılış sinif şagirdlərinə müsbət illik qiymətlər əsasında müvafiq təhsil sənədi verilsin.

3. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

3 iyun 2010-cu il

 

Azərbaycan müəllimi.- 2010.- 4 iyun.- S.2.