Ali orta ixtisas təhsili müəssisələrində 2009-2010-cu tədris ilinin yay imtahan sessiyasının təşkili və keçirilməsi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Ali və orta ixtisas təhsili müəssisələrində 2009-2010-cu tədris ilinin yay imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq və digər müvafiq tədbirləri həyata keçirmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Təhsil  Nazirliyində  "Qaynar xətt"in  fəaliyyət göstərdiyi nəzərə alınsın (Tel.: 496-34-82, faks: 496-37-61, e-mail: qaynarxett@edu.gov.az).

2. Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılsın:

- 2009-2010-cu tədris ilinin yay imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər;

- rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar;

- qərargaha daxil olan hər bir şikayət barədə nazirliyin "Qaynar xətt"inə dərhal məlumat verilməsini təmin etsinlər;

- imtahan sessiyasında şəffaflığı və ictimai nəzarətin gücləndirilməsini təmin etsinlər;

- imtahanların gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər;

- nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar;

- yay imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat versinlər.

3. Təhsil Nazirliyinin Aparatının rəhbərinə (İ.Pirməmmədov), Ali və orta ixtisas təhsili şöbəsinə (İ.Mustafayev) tapşırılsın:

- ali və orta ixtisas təhsili müəssisələrində yay imtahan sessiyasının monitorinqini təşkil etsinlər;

- yay imtahan sessiyasının monitorinqinə nazirliyin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna daxil olan QHT-lər və ictimaiyyət nümayəndələrini cəlb etsinlər;

- yay imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırsınlar və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlasınlar;

- sessiyanın nəticələrini təhlil edib müvafiq hesabatı müzakirəyə təqdim etsinlər.

4. Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) imtahan sessiyasının gedişi barədə KİV-ə müntəzəm olaraq məlumat verilməsini təmin etsin.

5. Əmr "Azərbaycan müəllimi" qəzetində dərc edilsin.

6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

 

 Misir MƏRDANOV,

 Azərbaycan Respublikasının təhsil naziri

 21 may 2010-cu il

 

  Azərbaycan müəllimi.- 2010 .- 4 iyun.- S.2.