Bakıdakı 20 nömrəli məktəbdə
möhtəşəm məzun
günü keçirildi
Mayın 31-də, respublikamızın bütün məktəblərində olduğu kimi, Bakıdakı 20 nömrəli məktəb-liseydə də "Son zəng" keçirildi. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri və digər qonaqlar iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktoru Sabir Məmişov qonaqları salamladı, məzunları və onların valideynlərini təbrik etdi. Qeyd edildi ki, 20 nömrəli məktəb-liseyin 223 nəfər XI sinif şagirdi buraxılış imtahanında iştirak edəcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Məhəbbət Qarabağlı bildirdi ki, düz on bir il bundan əvvəl çantası özündən böyük olan, vaxtilə həsədlə onbirincilərə baxan uşaqlar bu gün məzundurlar. Biz də bu əziz gündə həyata vəsiqə alan gəncləri məktəbi bitirmələri münasibətilə təbrik edir və onlara uğurlar diləyirik.
Məzunlar adından Leyla Məmmədova, Tural Fərəməzov, Turqut Salayev və başqaları çıxışlarında sevimli müəllimlərinə minnətdarlıqlarını bildirdilər.
Sonra məktəblilərarası müsabiqədə qalib olan şagirdlərin musiqi kompozisiyası dinlənildi və "Son zəng"də XI sinfin məzunu Eldar Hüseynov məktəbin rəmzi açarını I "A" sinif şagirdi Fərid Məmmədliyə təqdim etdi.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.-
2010.- 4 iyun.- S.1.